"Hər bir ölkənin milli mətbuatı mövcud cəmiyyətin aynasıdır" - MÜSAHİBƏ
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin Səs TV-yə müsahibəsi
- Hikmət müəllim, müstəqilliyimizin 20 illiyi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı mətbuatımızda necə işıqlandırılır?
- Əvvəla, Azərbaycan dövlətinin müstəqilliyinin 20 illiyi münasibətilə Səs TV-nin kollektivini, eləcə də media mənsublarını təbrik edirəm. Müstəqillik hər bir xalqın milli, dövlətçilik tarixində böyük bir hadisədir. Azərbaycanın böyük inkişaf yolu keçdiyi 20 il ərzində əldə etdiyimiz nailiyyətlərin işıqlandırılması və müstəqilik illərində keçdiyimiz inkişaf yolunun hesabatı baxımından Azərbaycan prezidenti müstəqilliyimizin 20 illiyi ilə bağlı sərəncam imzalayıb. Sərəncam çox geniş, əhatəlidir və ölkə həyatının, ictimai-siyasi, iqtisadi, sosial həyatımızın bütün sahələrini əhatə edəcək şəkildə və eyni zamanda Azərbaycan dövlətinin daxili institutlarının, qeyri-hökumət təşkilatlarının, media institutlarının və s. bütünlükdə siyasi sistemimizin fəaliyyəti ilə əlaqədar olacaq. Ona görə də bu sərəncam heç şübhəsiz ki, olduqca tarixi və əhəmiyyətli bir sərəncamdır. Hesab edirəm ki, Azərbaycan mətbuatının bu sərəncama diqqəti kifayət qədərdir.
- Vüqar müəllim, ölkə mətbuatında Azərbaycan həqiqətlərini, eləcə də Azərbaycanın müstəqillik tarixi ilə bağlı məlumatları dünya mətbuatına, internet mediaya yetərincə çatdıra bilirikmi?
- İlk növbədə mən də Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə sizi, izləyiciləri və Azərbaycanı sevənləri təbrik edirəm. Bu ötən 20 il ərzində müstəqilliyin qorunub və inkişaf etdirilməsində böyük işlər görülüb. Müstəqil Azərbaycan dövləti iqtisadi potensialına, imkanına, siyasi baxımdan sabitliyinə görə, bu gün dünyanın sayılıb-seçilən və nümunəvi ölkələrdən biridir. İnanıram ki, hər bir azərbaycanlı keçdiyimiz bu şərəfli 20 illik tarixdən fəxr edir.
Azərbaycan reallıqlarının, həqiqətlərinin dünyaya çatdırılması məsələsi hər bir azərbaycanlını düşündürməlidir. Doğrudur bu gün ölkədə yazılı medianın böyük hissəsi Azərbaycan dilində, az bir hissəsi rus dilində, nadir hallarda isə ingilis və yaxud digər dillərdə nəşr olunur. Hesab edirəm ki, burada əsas rolu elektron media oynamalıdır. Ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşı bu istiqamətdə fəallıq nümayiş etdirməlidir.
- Hikmət müəllim, sizin fikrinizcə, Azərbaycan həqiqətləri dünyaya kifayət çatdırıla bilirmi?
- Müasir dövrdə kibertexnologiyaların inkişafı artıq qlobal informasiya mübadiləsində yeni keyfiyyət dəyişikləri yaradır. Nəzərə alsaq bu daim inkişaf edən bir prosesdir və əslində bu, nəzarət olunmaya bir prosesdir. Belə olan halda bizim üzərimizə daha böyük məsuliyyət düşür. Hər nə qədər ilkin dövrlərdə kiber texnologiyaların yaradılması konkret onu yaradan imperialist güclərin, beynəlxalq güc mərkəzlərinin maraqlarına xidmət edirdisə, bu gün artıq bu platforma müstəqil bir platformaya çevrilib və idarəolunan deyil. Ona görə də bu platformada baş verənlər bəşəriyyəti hara götürəcək, insanlara nə qazandıracaq kimi suallar insanları düşündürür. Bu suallara birmənalı olaraq cavab vermək çətindir. Hər halda belə bir platforma varsa, Azərbaycan milli və dövlət maraqları naminə bundan maksimum yararlanmalıdır. Bu istiqamətdə isə Azərbaycan dövləti tərəfindən atılan addımlar yüksək qiymətləndirilməlidir. Çünki müxtəlif ölkələrdən fərqli olaraq Azərbaycanda bu platformada Azərbaycan ziyalısının, jurnalistinin, konkret fərdinin fəaliyyəti ilə bağlı heç bir məhdudiyyətlər tətbiq olunmur. Sadəcə bizə vətənpərvərlik, millətini, dövlətini sevmək qalır. Çünki hansı müstəvidə olursa olsun dünyada baş verən bütün proseslər xalqların mübarizəsidir. Bu bir aksiomadır. Bu mübarizəni dərk edərək biz bu məkanda milli maraqlarımızı müdafiə etməyi bacarmalıyıq. Ümumiyyətlə azərbaycanlıların bu platformada fəaliyyətlərini orta qiymətləndirmək olar. Amma biz hələ də dövlətimizin yaratdığı imkanlara layiq şəkildə onu təmsil edə bilmirik. Sevindirici hal isə odur ki, bu proses gedir və Azərbaycan burada öz yerini və mövqeyini müəyyənləşdirə bilir.
Rəsmi statistikaya görə, 2008-ci ildə bütün müstəvilərdə yazılı nəşr və elektron müstəvidə ermənilərlə azərbaycanlıların informasiya təbliğatında balans 20-nin 80-ə nisbətində ermənilərin xeyrinə idi. Hazırda isə yarı-yarıya demək olar ki, çatmaq üzrədir. Nə vaxt ki, cənab prezidentimiz İlham Əliyev hücum diplomatiyası siyasəti elan etdi və bundan sonra kütləvi fəallıq bizi bu balansa gətirib çıxardı.
- Vüqar müəllim, müstəqilliyə qədər olan dövrü və müstəqillikdən sonrakı mərhələni Azərbaycan mətbuatı üçün necə xarakterizə etmək olar?
- Ötən əsrin 90-cı illərində bütün sahələrdə olduğu ki, mətbuatda da durğunluq hökm sürürdü və sıxıntılar mövcud idi. Jurnalistlər çox gərgin təzyiqlər altında fəaliyyət göstərirdilər. Yəni, bugünkü günlə müqayisəedilməz dərəcə fərqlər vardı. 1991-1992-ci illərdə, 93-cü illərin ortalarına qədər Azərbaycanda hakimiyyətsizlik mövcud olub. Daxildə hakimiyyətdə olan yarıtmaz qüvvələr, eyni zamanda xaricdə olan düşmənlərin təsiri və təzyiqi müstəqil dövlətin varlığını şübhə altına alırdı. Daha sonra 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı ölkədə bütün sahələrdə olduğu mətbuat sahəsində də yaxşı mənada dönüş yaratdı. Bu gün artıq dövlət mətbuata maliyyə yardımları ayırır. Mən inanıram ki, yaxın gələcəkdə daha qüdrətli Azərbaycanın şahidi olacağıq.
- Hikmət müəllim, müstəqillik Azərbaycan mətbuatına daha nələr verdi?
- Hər bir ölkənin milli mətbuatı mövcud cəmiyyətin aynasıdır. Eyni zamanda mən daha cəsarətlə demək istəyirəm ki, hər bir ölkənin mətbuatının strukturunu öyrənməklə o cəmiyyətin özünün daxili strukturunu öyrənmək olar. Çünki mətbuat cəmiyyətdə mövcud olan müxtəlif fikirli, dünya görüşlü insanların səsidir. Ona görə də belə bir mürəkkəb sistem içərisində, dövlətin bütün növ mətbuat nümunələri ilə arada eyni məsafəni saxlaması, onu tənqid edəni də, təqdir edəni də eyni şəkildə qəbul etməsi Azərbaycan hakimiyyətinin, cənab prezidentin göstərdiyi ən böyük alilikdir. İstər maddi, istər mənəvi baxımdan Azərbaycan dövləti mətbuat nümunələrinin hamısı ilə eyni məsafəni saxlayır. Bəzi hallarda bir sıra mətbuat vasitələrində cənab prezidentin, Azərbaycan hakimiyyətinin ünvanına tənqiddən ötə fikirlər səsləndirilir. Lakin buna baxmayaraq bu cür münasibətə cavab adekvat deyil, alicənab və alidir.
- Vüqar müəllim, öz qələmi ilə xalqa xidmət edən media nümayəndələrinə iradlarınız və tövsiyələriniz hansılardır?
- Bizim başlıca məqsədimiz birmənalı olaraq xalqımıza, dövlətimizə xidmət etməkdir. Möhtərəm prezidentimizin apardığı işlərdə əlimizdən gələn dəstəyi göstərməliyik. Biz bu ölkənin sakinləri olaraq fəxrlə, qürurla ölkəmizin inkişafı üçün əlimizdən gələni etməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB