Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir E.Məmmədyarov türkdilli ölkələrin Əməkdaşlıq Şurasının iclasında iştirak edib. Bas Katib H.Akıncı katibliyin fəaliyyəti və qarşıda duran vəzifələri barədə məlumat vermişdir. İclasda Qazaxıstanda keçiriləcək Zirvə Görüşə hazırlıq məsələləri və qəbul olunacaq sənədlər ətrafında fikir mübadiləsi aparılıb. İclas zamanı türkdilli dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və mövqelərinin əlaqələndirilməsinin vacibliyi qeyd olunmuş, eyni zamanda, bu istiqamətdə mütəmadi fəaliyyət göstərilməsi, həmçinin üzv dövlətlərin müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə əlaqədar tədbirlər planının hazırlanması barədə müzakirələr aparılıb.
Daha sonra Nazir E.Məmmədyarov Afrika buynuzundakı humanitar vəziyyətlə bağlı keçirilmiş nazirlərarası görüşdə çıxış edib. E.Məmmədyarov Afrika buynuzundakı humanitar böhranın aradan qaldırılması üçün bütün dövlətlərin həmrəyliyinin vacibliyini diqqətə çatdırıb. Humanitar fəlakətdən əziyyət çəkən Somali, Kenya, Efiopiya və Cibutiyə maliyyə dəstəyi göstərilməsi üçün BMT BA Sessiyası çərçivəsində belə bir tədbirin keçirilməsinin vacibliyini və yardımların artırılmasının zəruriliyini vurğulayıb. Azərbaycanın da təbii fəlakətdən əziyyət çəkən bu ölkələrə dəstək vermək məqsədi ilə yardım etdiyini və bu yardımların gələcəkdə də davam etdiriləcəyini bildirib.
Nazir E.Məmmədyarov həmçinin ASEAN və İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci nazirlərarası görüşündə də çıxış edib. Nazir E.Məmmədyarov iki qurum arasında əməkdaşlığın davam etdirilməsinin bütün region dövlətlərinin maraqlarına cavab verdiyini qeyd etmiş, eyni zamanda, üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini, bu məqsədlə konfransların, biznes forumların, turist turlarının təşkili və investisiya imkanlarının araşdırılması üçün qarşılıqlı missiyaların həyata keçirilməsini təklif edib.
Nazir E.Məmmədyarov Antiqua və Barbudanın Baş naziri B.Spenser və Küveytin Xarici İşlər Naziri M.Əl-Sabahla ikitərəfli görüşlər də keçirib. Görüşlərdə regional və beynəlxalq məsələlər, ikitərəfli münasibətlərin inkişaf perspektivləri,xüsusi ilə də iqtisadi, enerji, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçünsəfərlər mübadiləsi, biznes forumların təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB