Azərbaycan prezidenti İlham Əliyev Qubada olub - FOTOSESSİYA

Azərbaycan prezidenti İlham Əliyev Qubada olub - FOTOSESSİYA

Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfər edib. Dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

SİA-nın məlumatına görə, Azərbaycan Prezidenti abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Dövlət başçısı Heydər Əliyevin abidəsinin müəllifi, Xalq Rəssamı, akademik Ömər Eldarov ilə görüşüb.


Bildirilib ki, ulu öndərin abidəsi Ukraynadan gətirilən qranitdən hazırlanıb. Parkın ərazisində ümummilli lider Heydər Əliyevin adının əbədiləşdirilməsi və onun əvəzolunmaz xidmətlərinin müasir gənclərə təbliğ etdirilməsi və gələcək nəsillərə çatdırılması üçün Heydər Əliyev Mərkəzi də inşa olunub. Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.


Milli memarlıq elementlərindən istifadə olunmaqla müasir tikinti texnologiyalarına uyğun inşa olunan dördmərtəbəli mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzi ilə tanış olan dövlətimizin başçısı Quba rayon ictimaiyyəti nümayəndələri ilə görüşüb.


Qubada səfədrdə olan İlham Əliyev Quba avtovağzalının yeni binasının açılışında da iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, son illər ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişindaşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 522 kvadratmetrdir. Avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilib.


Prezident İlham Əliyevə bildirilib ki, avtovağzal kompleksinin ərazisində əsas və köməkçi binalar inşa olunub. Avtovağzal paytaxt Bakıya və əks istiqamətdə, o cümlədən Rusiyaya gedən avtobusların və sərnişinlərin buradan yüksək səviyyədə istifadəsi üçün bütün lazımi avadanlıqla təchiz edilib. Prezident İlham Əliyev avtovağzalda avtobuslarla tanış olub.


Prezident səfəri çərçivəsində Qubanın Əski-İqriq kəndində beşulduzlu "Riksos" otelinin tikintisi ilə tanış olub. Dövlət başçısı otelin tikinti layihəsinə baxıb. Bildirilib ki, obyektin ərazisi 65 hektardır. Baş plana əsasən ərazidə otel kompleksinin zirzəmi ilə birlikdə 8 mərtəbəli binası, 16 kottec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa ediləcək. 200 yerlik otel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də olacaq. Hazırda otel kompleksinin baş binasında monolit-dəmir beton konstruksiyalardan ibarət karkas quraşdırılır. Bununla yanaşı, ərazidə torpaq işləri görülür.


Prezident İlham Əliyev otelin tikintisini əks etdirən videoçarxa baxıb.


Dövlət başçısı, həmçinin tikintidə istifadə olunan materialların nümunələrinə baxdı, inşası başa çatdırılan kotteclərdən biri ilə tanış olub. Prezident İlham Əliyev otelin inşası ilə bağlı tapşırıq və tövsiyələrini verib.


Prezident İlham Əliyev Qubada Səməd Vurğun və Qasım İsmayılov küçələrinin kəsişməsində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Parkın ərazisini gəzən Prezident İlham Əliyevə burada aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Parkın ərazisinə daxil olan və Quba şəhəri ilə Qırmızı Qəsəbəni birləşdirən pilləkən kompleksi yenidən qurulub, əraziyə daxil olmaq üçün iki giriş qapısı inşa edilmiş və həmin qapılar ağlay materialı ilə üzlənib. Parkın yenidən qurulması ilə əlaqədar 3,5 min kvadratmetr sahəyə tamet plitə döşənmiş, 800 kvadratmetrlik yaşıllıq sahəsi salınmış, açıq havada xalqımızın görkəmli şəxsiyyətlərinin heykəllərindən ibarət "Şəxsiyyətlər muzeyi" yaradılıb. Burada, həmçinin Nizami Gəncəvinin əsərlərinin reproduksiyası əsasında 16 panno, yeni işıqlandırma və suvarma sistemləri qurulub. Parkın ərazisində hündürlüyü 18 metr olan qala yaradılıb. Qalanın üzərində 12 metr hündürlüyündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb. Ərazisi 2,25 hektar olan Nizami adına mədəniyyət və istirahət parkında yerləşən birmərtəbəli Şahmat Məktəbinin köhnə binası sökülmüş, yerində müasir tələblərə cavab verən ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli yeni bina inşa edilib.


Prezident İlham Əliyev Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsib.


Top fiquru formasında inşa olunan Şahmat Məktəbinin binası parka xüsusi gözəllik verir. 2010-cu ilin aprel ayından inşasına başlanılan məktəbin birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə şahmatın inkişafına və şahmatçılara göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.


Diqqətə çatdırılıb ki, Quba Şahmat Məktəbinin rayondakı 11 ümumtəhsil məktəbində nümayəndəlikləri də fəaliyyət göstərir. İdmanın bu növünün rayonda inkişafı əldə edilən uğurlu nəticələrdə də öz əksini tapır.


Bütün xəbərlər Facebook səhifəmizdə