Türkiyə XİN: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçlik etməyə hazırdır”

Türkiyə XİN: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçlik etməyə hazırdır”

Türkiyə, Azərbaycanın arzusu olsa, regionda sabitliyin təmin olunması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün vasitəçilik etməyə hazırdır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib: "Türkiyə Azərbaycan torpaqlarının azad edilməsi və regionda sabitliyin bərpa olunması üçün əlindən gələni edəcək. Çünki, rəsmi Ankara münaqişənin nizamlanmasında istənilən yardım göstərməyə hazırdır", - Davudoğlu bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına da toxunub. Türkiyənin hökumət başçısı haqsız işğala son qoyulmasının vacibliyini vurğulayıb. "Dağlıq Qarabağ probleminin bu şəkildə həll olunmamış qalması əsla qəbul edilə bilməz. Beynəlxalq problemlər qanqrena halına gəlmədən həll yolunun tapılması hamımızın siyasi və əxlaqi məsuliyyətimizdir", - Rəcəb Tayyib Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə