“Yeni Müsavat” a etiraz
Mətbuat Şurası bir qrup ictimai təşkilat adından ictimaiyyətə müraciət edib.

Hörmətli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri!
Ölkəmizin ictimai həyatında önəmli rol daşıyan vətəndaş cəmiyyətinin tərkib hissəsi olan bir qrup qeyri-hökumət təşkilatı son zamanlar "Yeni Müsavat" qəzetində gedən qərəzli, Azərbaycanın milli maraqlarına uyğun gəlməyən hərbdən bəhs edən əsassız yazılara etirazını bildirir.

Bildirmək istərdik ki, heç bir jurnalist professionallığına uyğun gəlməyən, şəxsi maraqları naminə görülən bu qarayaxma kampaniyası mətbuat, jurnalistika nümayəndələri tərəfindən qətiyyətlə pislənilməli və müvafiq addımlar atılmalıdır.

Ölkəmizin ictimai-siyasi həyatında ölkə prezidentinin şəxsən nəzarəti altında aparılan şəffaflığın gücləndirilməsi, dövlət orqanlarının işinin təkmilləşdirilməsi siyasəti hər bir sahədə eləcə də apardığımız müşahidələrə əsasən Silahlı Qüvvələrdə uğurla icra edilməkdədir. Silahlı Qüvvələrimiz bu gün müharibə şəraitində olan ölkəmiz üçün ən vacib sahədir. Peşəsi vətəndaşlarımızı qorumaq, torpaqlarımızın keşiyində olmaq olan ordumuzla bağlı yazılarda hər zaman həssaslıqla yanaşılmalı, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti nəzərə alınmalıdır.

Azərbaycanın hərb qüdrətinin, professionalizminin günbəgün artmasının qabaqcıl dünya ölkələrinin hərbi dairələrinin yüksək peşəkar nümayəndələrinin beynəlxalq tədbirlərdə daima qeyd etdikləri danılmaz bir faktdır.

Cəmiyyətin aparıcı qüvvələri olan ziyalıları, jurnalistləri "Yeni Müsavat" qəzetinin əsassız, yalan, nifrət dolu fəaliyyətinə biganə qalmamağa səsləyirik. Bununla bağlı bir qrup qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Mətbuat Şurasına müraciətlə çıxış edib.

Gəlin inkişaf edən, günü gündən qüdrətlənən ordumuza, əsgərlərimizə sahib çıxaq, onu yalandan iftiradan qoruyaq!



Müraciəti imzalayan təşkilatlar:

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
"Əsgər Ailəsi" Cəmiyyəti
"Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyi
Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
Azərbaycan Çernobıl Əlilləri Cəmiyyəti
Azərbaycan Vətən müharibəsi Veteranları Birliyi
Azərbaycan Respublikası "20 yanvar" Cəmiyyəti
Dünya Gənc Türk Yazarları birliyi
Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək ictimai birliyi
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
Qaçqın və Məcburi Köçkün Gəncləri Təşkilatı ictimai birliyi
Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyi
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyası


Bütün xəbərlər Facebook səhifəmizdə