Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub. SİA-nın məlumatına görə, dövlətimizin başçısı Şamaxı şəhərində yağış suları qəbul edən xəttin sxemini əks etdirən stendə baxıb.
Məlumat verildi ki, uzunluğu 11 min poqonmetr olan xəttin üzərində 13 səviyyə quyusu, 191 baxış quyusu, 119 yağış barmaqlığı quraşdırılacaq. Xəttin orta dərinliyi 2,5 metr olacaq. Burada 110 min kubmetr həcmində torpaq işləri görüləcək.
Məsciddə aparılan yenidənqurma işləri ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, sovet dövründə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Ancaq Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub.
Bildirilib ki, milli mənəvi dəyələrimizin qorunması və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və digər bölgələrimizdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilmiş, bərpa olunmuş və yenidən qurulub. Prezident İlham Əliyevin ötən illərdə Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olması və "Şamaxıdakı Cümə məscidi Dövlət Tarix-Memarlıq Abidəsinin bərpası ilə əlaqədar tədbirlər haqqında" Sərəncam imzalaması da bu müqəddəs amaldan qaynaqlanır.
Qeyd edilib ki, Heydər Əliyev Fondu da bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan işlər Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, Şamaxı Cümə məscidində əsaslı təmir və bərpa işlərinə 2010-cu ilin martında başlanılıb. Baş plana əsasən, hazırda ikimərtəbəli inzibati binanın, məişət binasının, məscidə giriş pilləkəninin və körpücüyün tikintisi başa çatdırılıb. Məscidin 36 metr hündürlüyündəki iki minarəsinin tikintisi artıq sona yetib. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özülbərkitmə işləri aparılıb. Hazırda obyektdə tamamlama-bəzək işləri davam etdirilir. Məscidin ibadət yeri 1316 kvadratmetrdir. Təxminən bir hektar ərazisi olan məsciddə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Məscidin günbəzi qədim memarlıq üslubundakı naxış və ornamentlərlə bəzədiləcəkdir. Cümə məscidini üç tərəfdən əhatə edən tağvarı dəhlizlər inşa olunur. Məscidin ərazisində konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər otaqlar yaradılacaqdır.
Bildirilib ki, Şamaxı seysmik zonada yerləşdiyi üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Yeni layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş qapısı da tikiləcək. Ərazidəki qədim hücrələr də bərpa olunacaq, ətrafda geniş abadlıq işləri aparılacaq.
Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi üçün dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb. Bu da memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidinin yenidən qurulmasına imkan verəcək. Beləliklə, Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi ölkəmizdə milli mənəvi dəyərlərə göstərilən diqqət və qayğının bariz nümunəsinə çevriləcək.
Prezident İlham Əliyev məscidin istifadəyə veriləndən sonrakı görüntüsünü əks etdirən stendə baxıb, tövsiyə və tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB