Prezident İlham Əliyev Şamaxıda Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub
Prezident İlham Əliyev bu gün Şamaxıya səfəri çərçivəsində Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub. SİA-nın Azərtac-a istinadən verdiyi məlumata görə, dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, burada yenidənqurma işlərinə ötən il başlanıb. Layihəyə əsasən 2,5 min kvadratmetr sahəsi olan əsas binanın və digər yardımçı binaların fasadı müasir örtüklə və xüsusi dizayna malik şüşələrlə üzlənir. Komplektin bütün elektrik, işıqlandırma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri yenilənir.
Bildirilib ki, komplektin böyük idman zalında da yenidənqurma işləri aparılır, burada idmanın bütün növləri üzrə yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Üzgüçülük hovuzunun tavanı iki metrədək qaldırılıb. Dam örtüyünün metal konstruksiyaları dəyişdirilib. Hovuz yeni müasir avadanlıqla təchiz edilir. Hazırda hovuzda havalandırma və sutəmizləyici qurğular quraşdırılır.
Prezident İlham Əliyev kompleksin maketi və inşaat işlərindən sonrakı görüntüsünü əks etdirən stendlərlə tanış olub.
Dövlətimizin başçısı burada inşası nəzərdə tutulan "Olimpik" hotelinin görüntülərini əks etdirən filmə baxıb.
Məlumat verilib ki, kompleksdə məşqlər üçün 1500 kvadratmetrlik yeni idman zalı yaradılır. Binanın daxilində trenajor, fitnes, konfrans zalları və sauna qurulacaqdır. Ərazidə yerləşən oyun meydançalarının hamısının örtükləri dəyişdirilir.
Azərbaycan Prezidenti stadionla tanış olub. Bildirilib ki, iki min nəfərlik tribunası olan stadion beynəlxalq standartlara uyğun inşa edilir. Artıq stadionun tribuna hissəsi və oyun meydanının tikintisi başa çatdırılmışdır. Burada altıcərgəli yeni qaçış zolağı da salınır.
Ərazidə müasir tələblərə uyğun 8 kottec inşa edilir. Bu kotteclərdə ümumilikdə 60 nəfəri yerləşdirmək mümkün olacaqdır.
Bildirilib ki, kompleksin ərazisini sel sularından qorumaq üçün uzunluğu 500 metr olan suötürücü beton kanal tikilir. Görülən yenidənqurma işləri nəticəsində kompleksin ərazisi genişləndirilərək 6 hektara çatdırılıb.
Prezident İlham Əliyev görülən işlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB