Mais Səfərli: “İctimai Palatanın yol xəritəsi hökümət tərəfindən çoxdan uğurla həyata keçirilib”

Mais Səfərli: “İctimai Palatanın yol xəritəsi hökümət tərəfindən çoxdan uğurla həyata keçirilib”

"Hesab edirəm ki, İctimai Palatanın "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı sənədində ortaya qoyulan məsələlər artıq Azərbaycan höküməti tərəfindən çoxdan uğurla həyata keçirilib". Bu sözləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, İctimai Palatanın hazırladığı sənəd bu günün reallığı əks etdirmir: "Azərbaycan artıq demokratik-hüquqi dövlətdir, nüfuzlu beynəlxalq təşkilatların üzvüdür və onlar tərəfindən dəstəklənir və ölkəmizin demokratik imici getdikcə möhkəmlənir. Onların sadəcə belə məsələni ortaya qoyması sadəcə gündəmdə qalmaqdan başqa bir məsələ deyil.

Öncə diqqət yetirmək lazımdır ki, ictimai palata deyilən qurum nədir? Və orada kimlər cəmləşib? İctimai Palata müxalifətin parlament seçkilərində çox güclü uğursuzluqdan sonra yaradılan bir qurumdur. Onlar müxtəlif adlardan istifadə edərək gündəmdə qalmaq istəyirlər. Yəni artıq hər kəs gözəl bilir ki, müxalifətin sosial bazası getdikcə daralır və sonuncu parlament seçkiləri də bunu bir daha sübut etdi.

Belə bir misal var: "Toplananların yerini dəyişəndə cəm dəyişmir". İndi bu qurumu nə adlandırırlar adlandırsınlar yenədə orada müxalifət təmsil olunur.

Azərbaycan elə də böyük ölkə deyil. Hamı bir-birini tanıyır. Ona görə də Azərbaycan cəmiyyətidə çox gözəl başa düşür ki, ictimai palata nədir, kimlərdən ibarətdir və onların irəli sürdüyü təkliflər elə müxalifət partiyalarının əvvələr ortaya qoyduqları təklifdən başqa heç bir şey deyil. Yəni ortada yeni heç nə yoxdur".

Partiya sədri həmçinin müxalifət düşərgəsinin yeniləşməyə ehtiyacı olduğunu bildirib: "Müxalifətin yeniləşməsi özü-özünə baş verə biləcək bir prosesdir. Amma çox təəssüflər olsun ki, bu gün müxalifət partiyalarının liderləri sanki bir monopoliya yaradıblar və onlarda müxalifətdə yeniləşmənin qarşısını alırlar.

20 ildir müxalifətdədirlər və bütün səviyyədə olan seçkiləri uduza-uduza gəlirlər, yenə də lider olaraq qalmaq istəyirlər. Bunlar özləri hökümətdən demokratikləşmə və bu proseslərin dərinləşməsini istəyirlər. Amma bunların rəhbərlik etdikləri partiyaların özündə və idarəetmə üsullarında da demokratiyadan bir əlamət yoxdur. Demokratik ölkələrdə belə bir ənənə var ki, əgər bir partiya rəhbəri seçkiləri iki dəfə uduzarsa həmin partiyanın lideri istefa verərək siyasətdən getməlidir. Lakin 20 ildir müxalifət seçkilərdə uduzur, amma yenə də öz postlarında qalırlar. Sankı elə bil bu partiyalar onlar üçün mülkədar malikanəsidir. Ona görə də burada demokratiyadan əsər-əlamət yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə