Prezident İlham Əliyev “Total” şirkətinin baş vitse-prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün "Total" şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Maykl Borrellin başçılıq etdiyi "Total" şirkətinin nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" blokunda iri qaz yatağının kəşf edilməsini ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirib. Dövlətimizin başçısı ölkəmizdə yeni qaz yatağının kəşf olunmasının Azərbaycanın dünyanın ən böyük qaz istehsal edən ölkələr sırasında mövqeyini daha da möhkəmləndirəcəyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bu əlamətdar hadisə Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti əyani sübutudur. Dövlətimizn başçısı uzun illərdir Fransanın "Total" şirkətinin Azərbaycanda bir sıra layihələrdə uğurla fəaliyyət göstərdiyini və yeni qaz yatağının kəşfinin böyük nailiyyət olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın neft-qaz strategiyasını uğurla davam etdirmək üçün bundan sonra da məqsədyönlü və ardıcıl siyasətini davam etdirəcəyini vurğulayıb.
"Total" şirkətinin baş vitse-prezidenti Mayk Borrell "Abşeron" blokunda iri qaz yatağının kəşfinin mühüm hadisə olduğunu bildirib. Maykl Borrell "Total" şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə uğurla əməkdaşlıq etdiyini deyib. O, "Abşeron" yatağında "Total" şirkətinin həyata keçirdiyi işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verib. Maykl Borrell Fransanın "Total" şirkətinin Azərbaycan ilə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Abşeron" blokundakı yeni qaz yatağının texniki-iqtisadi göstəriciləri və perspektivdə görüləcək işlər barədə təqdimat verib.
Prezident İlham Əliyev "Abşeron" blokunda iri qaz yatağının kəşfi münasibətilə xalqımızı, bu layihənin reallaşmasında iştirak edən insanları təbrik edib və yeni-yeni uğurlar arzulayıb. Dövlətimizin başçısı yeni yatağın Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsinə, respublikamızın sosial-iqtisadi inkişafının daha da güclənməsinə və xalqımızın maddi-rifah halının yaxşılaşmasına mühüm təsir göstərəcəyini vurğulayıb.
Sonra Prezident İlham Əliyev "Abşeron" blokunda yeni qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlama verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB