Dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim edilib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları bitirmiş dairə seçki komissiyası sədrlərinə sertifikatlar təqdim edilib.
SİA-ya MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, sertifikatların təqdimat mərasimində çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, sentyabr ayının 5-dən başlanan kurslar Azərbaycan Prezidenti İlham Əliyevin Respublikamızda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamı əsasında keçirilib.
Kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Daxili işlər nazirinin müavini Oruc Zalov, Respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyinin məsul işçisi, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxuyublar.
MSK-nın sədri mühazirəçilərə və bu tədbirin həyata keçirilməsində əməyi olmuş digər şəxslərə təşəkkür edib. M.Pənahov həmçinin kursların dairə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində və seçki hüququ ilə bağlı biliklərinin daha da artırılmasındakı əhəmiyyətini vurğulayıb və dairə seçki komissiyalarının sədrlərini bu kursları başa vurmaları münasibətilə təbrik edib.
O, qeyd edib ki, seçki hüququ üzrə ixtisaslaşdırılımış kurslar sentyabrın 12-dən 14-dək DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcək. Həmin kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin məsul işçiləri, rayon prokurorları, polis rəisləri, məhkəmə sədrləri, həmçinin dairə seçki komissiyalarının sədrləri mühazirələr oxuyacaqlar.
Mərkəzi Seçki Komissiyasının sədri respublikada seçki praktikasının təkmilləşdirilməsi işində mühüm əhəmiyyət kəsb edən belə genişmiqyaslı tədbirin reallaşması üçün köməklik göstərdiklərinə görə Prezident Administrasiyasının rəhbərinə, respublikanın baş prokuroruna, daxili işlər nazirinə, ədliyyə nazirinə, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin sədrlərinə, insan hüquqları üzrə müvəkkilə minnətdarlığını bildirib.
Mərasimin sonunda Məzahir Pənahov dairə seçki komissiyalarının sədlərinə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları bitirmələri barədə sertifikatlar təqdim edib.
Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB