Azad Rəhimov: “Azərbaycan 2020-ci ildə keçiriləcək Olimpiya Yay oyunlarına ev sahibliyi etməyə tam hazırdır” - MÖVQE

Azad Rəhimov: “Azərbaycan 2020-ci ildə keçiriləcək Olimpiya Yay oyunlarına ev sahibliyi etməyə tam hazırdır” - MÖVQE

Azərbaycan 2020-ci ildə keçiriləcək Olimpiya Yay oyunlarına ev sahibliyi etməyə tam hazırdır. SİA-nın xəbərinə görə, bunu bugün gənclər və idman naziri Azad Rəhimov jurnalsitlər üçün keçirdiyi hesabat mətbuat konfransında söyləyib. Əvvəlcə Federasiyalara ayrılan vəsaitdən danışan Nazir Olimpiya idman növlərinə 4 milyon 610 min vəsaitin xərclədiyini bildirib: "Ən çox vəsait cüdo, boks, güləş növləri, ağır atletika, avarçəkmə, atçılıq, atletika, gimnastika, atıcılıq, su idman növlərinə ayrılıb".

Olimpiya oyunlarına hazırlıq barəsində danışan Azad Rəhimov: "2010-cu ilin yekunlarına əsasən 2011-ci ildə 19 idman növü üzrə London Yay Olimpiya oyunlarına hazırlıq başalayıb. 19 idman növü üzrə 170 idmançı mübarizəyə başlayıb. Onlardan 83-ü qadındır".

Nazir lisenziyaların verilməsi məsələsinə toxunaraq bildirib ki, əgər Pekin Olimpiya oyunlarında 44 lisenziya var idisə, London Olimpiya oyunları üçün 48-50 lisenziyanın olacağı proqnozlaşdırılır.

İdmançıların lisenziya xarakterli yarışlardakı nəticələrindən söhbət açan Azad Rəhimov cüdo üzrə son dünya çempionatına da diqqəti yönəldib: "Qazanılmış 9 lisenziyadan 4-ü, 5 nəfər avarçəkənin payına düşür. Hal-hazırda komanda xüsusi proqram üzrə Kür Olimpiya İdman Bazasında məşqləri davam etdirir".

Azad Rəhimov sentyabrın 10-19 tarixlərində Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-roma və qadın güləşi üzrə dünya çempionatının keçiriləcəyini və həmin güləşdən ən azı 14-nun lisenziya qazanılacağına ümid etdiyini bildirib.

Olimpiya idman komplekslərinin (OİK) tikintisinə gəlincə, gənclər və idman naziri bu günə kimi 31 OİK tikilib istifadəyə verildiyini, 9-nun isə yəni Qəbələ, Sumqayıt, Astara, Qax, Cəlilabad, Qobustan, Şirvan, Xaçmaz və Göy-göldə tikintisinin davam etdiyini qeyd edib. Nazir həmçinin 2011-2013-ci illərdə Bakı şəhərinin Qəsəbələrinin sosial-iqtisadi inkişaf proqramına əsasən tikintisi nəzərdə tutulan Bakı şəhərində Gənclər Mərkəzinin, Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında gənclər evlərinin layihə smeta sənədlərinin hazırlandığını jurnalistlərin diqqətinə xüsusilə çatdırıb. O. artıq Tofiq Bəhrəmov adına Respublika stadionunun əsaslı təmiri və yenidən qurulması istiqamətində işlərə başlanıldığını və bunun üçün 10 milyon manat vəsaitin ayrıldığını qeyd edib.

Azad Rəhimov idman sahəsində olan problemlərdən də söhbət açıb: "Cüdo komandasının hazırlığı üçün xüsusi kompleks yoxdur. Güləş, boks üçün yeni bazalar tikilməkdədir. Artıq Bakı şəhərində yerlər ayrılıb. Həmçinin ağır atletika idman növü növündə baş məşqçi problemi var".


Bütün xəbərlər Facebook səhifəmizdə