Fələstinin Azərbaycandakı səfiri: “Hazırda Fələstin və Azərbaycan əlaqələri özünün ən yaxşı dövrünü yaşamaqdadır” - - MÜSAHİBƏ
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimiin SİA-ya müsahibəsi
- İkitərəfli əlaqələrin hazırki mərhələsini neçə qiymətləndirirsiniz və hansı sahələr əlaqələrimizi daha da inkişaf etdirə bilər?
- Azərbaycanla Fələstin arasındakı əlaqələr tarixən mövcuddur və bu əlaqələr istər xalqlar, istərsə də hər iki dövlət arasında cox yüksək səviyyədə olub. Ümumiyyətlə, hal-hazırda Fələstin və Azərbaycan əlaqələri özünün ən yaxşı dövrünü yaşamaqdadır. Çünki artıq Azərbaycanda Fələstin səfirliyinin açılışı baş tutub. Səfirlik vasitəsi ilə biz gələcəkdə mühüm işlər görmək niyyətindəyik. Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə açılan bu səfirlik iki xalq və dövlət arasında əlaqələrin daha da güclənməsinə, sürətlənməsinə gətirib çıxaracaq.
Azərbaycan dövləti hər zaman Fələstin dövlətinin probleminə dayaq olub və hər zaman dəstəkləyib. İki dövlət arasında siyasi sahə ilə yanaşı mədəniyyət, elm, təhsil, və s. kimi sahələrdə əlaqələrin inkişaf etməsinin şahidi oluruq. Buna bariz nümunə kimi Fələstin dövlətinin prezidenti Mahmud Abbasın Azərbaycana rəsmi səfərini göstərə bilərik. Bu səfər tarixi ziyarət idi. Çünki prezident İlham Əliyev fələstinli həmkarını Bakıya dəvət etdi və bu dəvət məmnuniyyətlə qəbul edildi.
Ümumiyyətlə, biz hər zaman səfirlik olaraq Azərbaycanla Fələstin arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz tərəfimizə təlimatlar və müəyyən göstərişlər göndəririk. Çünki Fələstin-Azərbaycan əlaqələri ötən illərə nisbətdə hazırda daha yüksək səviyyədədir. Bildirmək istərdim ki, siyasi sahədə hər iki dövlətin mövqeyi oxşardır və üst-üstə düşür. Bu mövqedə oxşarlıq bizi çox sevindirir. Azərbaycan həmişə Fələstini beynəlxalq qurumlarda, o cümlədən BMT-də müdafiə edib.
- Fələstin Ermənistanı işğalçı dövlət kimi tanımır. Müsəlman dövlətin bu mövqeyini təəccüblə və təəssüflə qarşılamaq olarmı?
- Onu bildirmək istərdim ki, bu sual bizim üçün anlaşılmazdır. Ünvanladığınız bu sual bizim mövqeyimizi əks etdirmir. Çünki, bizim mövqeyimiz tamam fərqlidir. Fələstin dövləti Azərbaycanı hər zaman bütün sahələrdə dəstəkləyib. Fələstin dövlətinin prezidenti Mahmud Abbasın Azərbaycana rəsmi səfəri əsnasında da prezident qeyd etdi ki, Fələstin dövləti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq təşkilatların qəbul etdikləri qərarların həyata keçirilməsini istəyir. Məsələn, Fələstin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı Təşkilatının qərarlarını eyni zamanda BMT-nin dörd əsas qətnaməsinin qərarını həyata keçirilməsinin tərəfdarıdır. Bu mövqe birbaşa olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpa edilməsi və eyni zamanda qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytımasını əks etdirir. Həqiqətən bildirmək istərdim ki, ünvanladığınız bu sual tamamilə qeyri-doğru olmayan bir məlumatdır.
- Bildiyiniz kimi BMT-də Dağlıq Qarabağla və Fələstinlə bağlı çoxsaylı qətnamələr mövcuddur. Bu qərarların yerinə yetirilməməsinin səbəbi nədir? Bunu müsəlmanlara qarşı ikili standart adlandırmaq olarmı?
- Öncə onu vurğulamaq istərdim ki, sualınızın sonunda düzgün vurğuladınız ikili standart məsələsədir. Birləşmiş Millətlər Təşkilatı bir qərar çıxarır və bu qərarın tətbiqi nədənsə həyata keçirilmir, icra olunmur. Onu da qeyd edək ki, Fələstinlə bağlı BMT-də 15-ə yaxın, digər təşkilatlarda isə 10-a yaxın qərar çıxarılıb. Lakin bu günə kimi həmin qərarlar icra olunmur. Bilirsiniz bəzən BMT hanısısa bir dövlətə qarşı bir qərar qəbul edir və dərhal bunun tətbiqinə başlayır. Nədənsə bunun tətbiqi asan olur. Lakin BMT Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul etsə də həmin qətnamələr hələ də gerçəkləşməyib. Bunun əsas səbəbi dünyada mövcud olan ikili standartlardır.
- Qərb xristian ideologiyasından çıxış edir. Bu zəmində müsəlman dövlətlərinin birləşməməsinin səbəbi nədir?
- Mən məsələni bu cür qiymətləndirməzdim. Dini faktor balaca rol oynasa da, ümumilikdə bu belə deyil. Bunu sırf dinlə bağlamağın tərəfdarı deyiləm. Bunun əsas səbəbini Qərbdə bir sıra hegemon dövlətlərin maraqlarının təmin olunması məsələsi ilə bağlamaq lazımdır. Problemlərin həll olunmasına təsir edə biləcək qüvvəyə malik olan həmin dövlətlər birbaşa olaraq öz maraqları ilə hər şeyi ölçüb biçirlər. Eyni zamanda onların içərisində mövcud olan lobbilər özlərindən başqa digər dövlətlərin xarici siyasətinə təsir etmək imkanına malikdirlər. Hətta o dövlətlərin maraqları təmin olunmasa belə.
Eyni zamanda Qərbdə elə xristian dövlətlər var ki, dünyada sülhün təmin olunmasını, qətiyyən problemlərin mövcud olmamasını və beynəlxalq hüquq və prinsiplərin təmin olunmasının tərəfdarıdırlar. Ümumilikdə götürsək böyük dövlətlər mövcud problemlərin həll olunmasına çalışmırlar.
Sizə bir misal çəkim. Biz sentyabr ayında BMT-yə dövlətimizin müstəqil tanınması ilə əlaqədar müraciət etmişik. Bizim müraciətimizi BMT-də 126 dövlət dəstəkləyəcək. Təbii ki, bunların içərisində İslam Konfarnsı Təşkilatına üzv olan 57 müsəlman dövləti var və onlar Fələstin dövlətinin müstəqil olmasını birmənalı olaraq dəstəkləyirlər. Amma 57 ölkədən başqa təşkilatda qeyri-islam dövləti olanlarda var. Lakin bunlarda öz növbəsində Fələstin dövlətinin müstəqil elan olunmasını dəstəkləyiblər. Fikrimicə bu dövlətlərin sayı artıb 140-150 də ola bilər. Yəni Fələstin dövlətini BMT-yə tam üzvülüyü müzakirə olunacaq.
Eyni zamanda BMT-də 57 müsəlman dövlətindən başqa digər xrisitian dövlətləri də Dağlıq Qarabağla bağlı öz rəsmi mövqeyini bildiriblər. Bu zəmində belə qənaətə gəlmək olar ki, bu heç də xristian ideologiyasından qaynaqlanmayan bir məsələdir. Sadəcə olaraq dünyada bəzi güclü qüvvələr var ki, onlar sırf öz maraqlarının təmin olunması naminə bu məsələlərin həll olunmasına çalışmırlar. Lakin onlar dərk etmirlər ki, gələcəkdə bu kimi addımlar öz maraqlarının təmin olunmasına mənfi təsir edəcək. Bunu hər halda ölçüb biçmək lazımdır.
- Fələstin və İsrail arasındakı münaqişənin həlli açarı haradadır?
- Fələstin-İsrail arasında münaqişənin açarı sırf beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarların tətbiq edilməsindədir. Fələstin öz növbəsində İsrail tərəfindən beynəlxalq təşkilatların çıxardığı qətnamələrin tətbiqi istəyir. Bizim istəyimiz sadəcə olaraq bundan ibarətdir.
Bilirsiniz dünyada böyük dövlətlər var ki, xüsusilə Birləşmiş Ştatlar başda olmaqla İsrail dövlətinə yaxın olan dövlətlər çalışmalıdır ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarların tətbiqi öz həllini tapsın. İsrailin hazıki baş naziri Benyamin Netanyahu xüsusilə inkar edir ki, Fələstin dövləti 1967-ci sərhədlərində qurulmalıdır. İknicisi, orada qeyri-qanuni düşərgələrin salınması məsələsini gündəmə gətirir və bu hələ də davam edir. Bunun kimi digər şərtlər var ki, həmin şərtlərin həyata keçirilməsinə sırf İsrail höküməti çalışmır və buda təbii ki məsələnin uzanmasına gətirib çıxarır.
Birləşmiş Ştatların İsraillə xüsusi olan əlaqələrini nəzərə alaraq sadəcə olaraq ABŞ öz nüfuzunu, gücünü İsrailə göstərməlidir. Bu gücün təsiri nəticəsində mövcud olan münaqişə öz həllini tapar və sülh prosesinin sürətlənməsinə gətirib çıxarar. Bizim dövlətində ABŞ-la yaxşı əlaqələri vardır. Lakin buna baxmayaraq biz öz növbəmizdə Birləşmiş Ştatlardan məsələnin həll olunmasını tələb edirik.
Həmçinin "Açar" statusunda ABŞ-da xüsusi rol oynayır. Bu zmənidə ABŞ öz nüfuzundan, dünyada mövcud mövqeyindən istifadə etməklə sülh prosesinin sürətlənməsinə çalışmalıdır. Çünki, hər bir xalqın haqqıdır ki, öz dövlətini yaratsın. Necə olur ki, 10-15 minlik xalq öz dövlətini yaradır. Amma 9 milyondan artıq fələstin xalqı dövlətə sahib deyil. Yəni bu da ədalətsizliyin ən bariz nümunəsidir.
Eyni zamanda Fələstin və İsrail xalqının böyük əksəriyyəti sülhün tərəfdarıdır. Təbii ki, hazırki İsrail höküməti xalqın səsinə belə qulaq asmırsa buna başqa ad vermək olmaz.
Türkiyənini baş naziri Rəcəp Tayyib Ərdoğanın Qəzza zolağına səfəri məsələsinə gəlincə isə məndə olan məlumata əsasən hazırda Ərdoğan Misirə səfərini planlaşdırır. Baş nazir Qəzza zolağına səfər etməyi hələ qərarlaşdırmayıb. Çünki, Ərdoğan Misirli həmkarları ilə görüşüb məhz Qəzza zolağında mövcud durumu müzakirə edəcək. Bu müzakirələrdən sonra o qərara gələ bilər, Qəzza zolağına səfər etsin, ya yox.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB