Musa Qasımlı: “Serj Sarkisyan Ermənistanın işğalçı və təcavüzkar bir dövlət olduğunu öz dili ilə etiraf elədi”- MÜSAHİBƏ (SƏS TV)

Musa Qasımlı: “Serj Sarkisyan Ermənistanın işğalçı və təcavüzkar bir dövlət olduğunu öz dili ilə etiraf elədi”- MÜSAHİBƏ (SƏS TV)

Millət vəkili Musa Qasımlının SƏS TV-yə müsahibəsi:

- Serj Sarkisyanın Sevan gölü sahilində "Birgə" Gənclər Hərəkatının qurultayında Qarabağla bağlı avantürist fikirlərini sülh danışıqlarına əngəl yaratmaq kimi qiymətləndirmək olar?

- Şübhəsiz ki, bu məsələyə bir çox tərəflərdən yanaşmaq olar. Ötən günlərə nəzər salsaq görərik ki, Serj Sarkisyan gənclərlə görüşündə bildirib ki, bizim nəsil Dağlıq Qarabağı alıb. İndi isə qarşıda Ağrı dağının alınması durur. Mahiyyətinə görə Serj Sarkisyan Ermənistanın işğalçı və təcavüzkar bir dövlət olduğunu öz dili ilə etiraf elədi. İkinci tərəfdən də Türkiyəyə qarşı öz ərazi iddialarını ortaya qoydu və Ermənistanda dövlət siyasətinin işğalçılıq, qonşuya düşmənçilik olduğunu aydın şəkildə sübut elədi. Milli- mənəvi baxımdan isə gəncləri düşmənçilik ruhunda tərbiyə etdirməyə yönəltdi. Təbii ki, bu çox mənfi haldır. Digər tərəfdən isə bu məsələləri müzakirə etsək, görərik ki, Ermənistanın heç bir əsası yoxdur. Serj Sarkisyanın ciddi dövlət adamı olmadığını bilirik. O, küçədən gələn, baş kəsən və adam öldürənin biridir. Sarkisyan əhalinin sayının azalmasının köklərini itirməyə çalışır. Bunun digər səbəbi də idarəçilikdə olan şəxslərin düzgün şəkildə idarəçilik edə bilməmələrindən irəli gəlir. Sarkisyan da ilk növbədə bunu ört- basdır etmək istəyir. Azərbaycaycanda isə əhalinin artmasının səbəbi odur ki, sosial, iqtisadi və digər sahələrdə irəliləyişlər mövcuddur. İnsanların həyat şəraitinin yaxşı olması əhalinin sayının artmasına zəmin yaradır. Azərbaycan ərazicə, əhalicə digər dövlətlərlə müqayisədə zəif olsa da ancaq yenə də mərkəz dövlətə çevrilir. Sarkisyanın bu cür cəfəngiyatları da ikili standartlardan irəli gəlir. Azərbaycana hansısa təzyiqlərin edib nəyəsə nail olmaq istəyirlər.

- Sarkisyanın qeyri- müəyyən davranışları və bunun timsalında ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi sülh danışıqlarını alt- üst etmirmi?

- Əslində Sarkisyanın bu hərəkətləri sülh danışıqlarını pozmağa yönələn cəhdlərin bariz nümunəsidir. Bu günə qədər müzakirə olunan məsələ odur ki, Azərbaycanın işğal olunan əraziləri boşaldılsın. Bütün bu kimi hərəkətlər beynəlxalq normalara uyğun götürülsə də həmin nüanslar Ermənistanın xeyrinə olmaz. Ermənistan çalışır ki, danışıqlar prosesini uzatsın və özünün hakimiyyətini bir az da olsa uzada bilsin. Çünki danışıqlar prosesinin nəticəsi ona gətirib çıxaracaq ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazisini boşaltmalıdır. Onun bu cür fikirləri Sarkisyanın "çaşması" ilə bağlıdır. O, beynəlxalq məsələləri anlamır. Bu məsələnin digər tərəfi var ki, ATƏT-in Minsk Qrupu bu məsələyə necə reaksiya verməlidir. Təəssüflər olsun ki, bu qurum indiyə qədər üzərinə qoyulan vəzifəni layiqincə yerinə yetirə bilmir. Minsk qrupunun səfərləri sanki turist gəzintisinə bənzəyir. Ümid edirdim ki, bu qurum Serj Sarkisyanın gənclərlə bağlı söylədiyi fikirlərə reaksiya verəcək, lakin gözlədiklərimiz olmadı.

- Sentyabrın 9-da Rusiya və Türkiyə prezidentləri arasında keçiriləcək görüşdə Dağlıq Qarabağla bağlı ciddi müzakirələrin aparılması nəzərdə tutulur. Bu görüş problemin həllində nə kimi rol oynayacaq?

- Sözsüz ki, bu regionda mühüm məsələ Rusiya və Türkiyə əməkdaşlığı olmadan heç bir zaman həll edilməyib. Bəzi mətbuatda yazırlar ki, guya Rusiya Türkiyə ilə düşməndir. Ancaq tam əksinə, onlar hər zaman əməkdaşlıq ediblər. Bir sıra məsələlərdə onların fikirləri üst-üstə düşür. İndiki məsələlərdə Türkiyənin aktiv iştirakı vacibdir. Hesab edirəm ki, Rusiya prezidenti Dmitri Medvedyevin Türkiyə prezidenti Abdulla Güllə baş tutacaq görüşündə bölgə məsələləri müzakirə ediləcək. Bildiyimizə görə Türkiyə ilə Rusiya arasında viza məsələsi yoxdur. Hər iki ölkənin vətəndaşları rahat şəkildə gediş- gəliş həyata keçirə bilirlər. Türkiyə və Rusiya bir- birindən asılı olan ölkələrdir. Bu regionda onların başqa maraqları da var. Bu maraqlar digər tərəfdən hər iki ölkənin mənafelərinə uyğun gəlir. Ermənistan Rusiyanın əlində hər zaman oyuncaq olub. Rusiya müəyyən dövrlərdə Ermənistandan istifadə edib.

- Rusiyada növbəti prezident seçkilərində kimin seçilməsi münaqişənin həlli istiqamətində öz müsbət təsirini göstərəcək?

- Rusiyanın elə siyasəti var ki, o demək olar ki, heç vaxt dəyişmir. Rusiya Sovet dövründə öz hakimiyyətini qorumaq üçün Ermənistanı Azərbaycana təzyiq etdirib onu özündən asılı vəziyyətə salmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edib. Bunu sənədlər əsasında deyirəm. Bu məsələni törədən əslində sovet dövləti olub, sonradan isə Rusiya bu siyasəti davam etdirib. Bu gün də Rusiyanın Ermənistana təsir imkanları daha çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə