Fransanın Xarici İşlər Nazirliyi fransız deputatların Qarabağa səfərinə münasibət bildirdi

Fransanın Xarici İşlər Nazirliyi fransız deputatların Qarabağa səfərinə münasibət bildirdi

Fransa Milli Yığıncağı deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi Parisi nəyisə öhdəsinə götürməyə məcbur etmir və onun mövqeyini dəyişmir. SİA-nın aldığı xəbərə görə, bunu Fransa XİN-in mətbuat xidmətinin rəhbəri Bernar Valero deyib.

"Parlamentarilərə bizim Dağlıq Qarabağla bağlı mövqeyimiz haqqında lazımınca xəbərdarlıq edilmişdi. Bu səfər Fransanı nəyisə öhdəsinə götürməyə məcbur etmir və onun bu münaqişə ilə bağlı siyasətini heç bir vəchlə dəyişmir. Fransa beynəlxalq ictimaiyyətin bütün ölkələri, o cümlədən Ermənistanın özü kimi, bu ərazinin müstəqilliyini tanımır", - RİA Novosti yazır.

Bir sıra KİV məlumat yayıb ki, Fransa Milli Yığıncağının deputatları Gi Tesye, Jak Remile, Jorj Kolumbye və Valeri Buaye Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına səfər ediblər. Yeri gəlmişkən, onlar tanınmamış, qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərliyi ilə görüşüblər.

Azərbaycanın Parisdəki səfirliyi fransız deputatların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Fransa XİN-ə etiraz notası təqdim edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev məlumat verib.

Valero qeyd edib ki, bu regionun rəsmi beynəlxalq statusu bütün maraqlı tərəflərin qəbul edəcəyi yalnız dinc yolla və ədalətli həll çərçivəsində müəyyən edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə