Oktyabrın 18-də Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində birliyin iştirakçısı olan dövlətlərin birliyin nizamnamə və digər orqanlarındakı daimi səlahiyyətli nümayəndələri Şurasının iclası olub. SİA-nın məlumatına görə, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev bildirib ki, iclasın gündəliyinə beş məsələ daxil edilib. Bunlardan birincisi və ən mühümü Hökumət Başçıları Şurasının (HBŞ) oktyabrın 18-də Sankt-Peterburqda keçiriləcək iclasının gündəliyi layihəsinin formalaşdırılmasıdır.
HBŞ-nin müzakirəsinə təqribən 20 məsələnin çıxarılması təklif olunur. O deyib: "Birinci yerdə azad ticarət zonası haqqında yeni müqavilə məsələsi durur. Bu sənəd üzərində iş davam etdirilir, təəssüf ki, təfsilatın razılaşdırılmasında hələ də bəzi çətinliklər vardır. Amma biz ümid edirik ki, bu iş müvəffəqiyyətlə başa çatdırılacaq və müqavilə imzalanacaq".
2020-ci ilədək olan dövr üçün MDB ölkələrinin dövlətlərarası innovasiya əməkdaşlığı proqramının layihəsi HBŞ-nin müzakirəsinə təqdim ediləcək. Lebedevin sözlərinə görə, müasir dünyada iqtisadiyyatın innovasiyasız uğurlu inkişafı sadəcə mümkün deyil. Buna görə də birliyin ölkələri üçün belə əməkdaşlığı gücləndirmək, onu daha səmərəli etmək vacibdir.Daimi nümayəndələr Şurasının üzvləri MDB-nin 20 illiyinə həsr olunmuş Tədbirlər planının yerinə yetirilməsi gedişi haqqında məlumatı dinləyiblər. Sənəddə 36 tədbirin keçirilməsi nəzərdə tutulub. Bunlardan 19-u artıq yerinə yetirilib, qalanları isə cari ilin III-IV rübləri üçün planlaşdırılıb.
Bundan başqa, daimi nümayəndələr MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedevin Qırğızıstan Respublikasının prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının başçılığına namizədliyini razılaşdırıb, MDB-nin möhkəmlənməsinə və inkişafına böyük töhfə vermiş şəxslərin Müstəqil Dövlətlər Birliyinin Fəxri fərmanı ilə təltif olunmağa təqdim edilməsi barədə birlik ölkələrinin və sahə əməkdaşlıq orqanlarının təkliflərini bəyəniblər.
İclasda, həmçinin daimi səlahiyyətli nümayəndələrin sentyabrın 20-də keçiriləcək növbəti görüşünün gündəliyinin layihəsi də bəyənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB