Avropa Gənclər Kartı Assosiasiyasının İdarəetmə Heyətinin prezidentinin Azərbaycana səfəri başlayıb

Avropa Gənclər Kartı Assosiasiyasının İdarəetmə Heyətinin prezidentinin Azərbaycana səfəri başlayıb

Bu gün Avropa Gənclər Kartı Assosiasiyasının İdarəetmə Heyətinin prezidenti Jarkko Lehikoinenin Azərbaycana səfəri başlayıb. SİA-nın xəbərinə görə, Jarkko Lehikoinenin 23 avqustadək davam edəcək Bakıya səfəri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəvəti ilə baş tutur.

GİN-nin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovadan aldığımız məlumata əsasən, səfər Avropa Gənclər Kartının Azərbaycanda inkişaf potensialını,"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən "Azərbaycan Tələbə Kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məsələlərini müzakirə etmək məqsədi daşıyır. Qonaq bu gün artıq gənclər və idman naziri Azad Rəhimovla görüşüb. Görüşdə bu və ya digər məsələlər müzakirə edilib.

Avropa Gənclər Kartı Assosiasiyasının İdarəetmə Heyətinin prezidenti Jarkko Lehikoinen bu gün saat 16:00-da təhsil naziri Misir Mərdanov, saat 17:00-da isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov ilə görüşəcək.

Qeyd edək ki, Jarkko Lehikoinen 2011-ci ilin iyun ayında Amsterdamda keçirilən konfransında EYCA-nın prezidenti vəzifəsinə seçilib. Avropa Gənclər Kartına gəldikdə isə bu 30 yaşa qədər olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər sahəsində 80.000 xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. Bu kart 40 EYCA (European Youth Kart Assosiation) üzv təşkilatı tərəfindən dünyanın 37 ölkəsində buraxılıb və razılıqla qarşılanıb. Dünya üzrə 4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə