Cümşüd Nuriyev: “İngiltərədəki hadisələr göstərdi ki, Qərb demokratiyanın adından öz istəkləri üçün istifadə edir”

Cümşüd Nuriyev: “İngiltərədəki hadisələr göstərdi ki, Qərb demokratiyanın adından öz istəkləri üçün istifadə edir”

\"Avropa Birliyinə üzv olan dövlətlərin həmçinin, ABŞ-ın əsas xarici siyasəti özləri üçün sərf edən, amma başqalarını tənqid edən çoxüzlü siyasətdir. Buna ikili standart demək olmaz. Çünki Avropanın özündə də bir neçə standart mövcuddur\". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O qeyd edib ki, İngiltərədə baş verən son hadisələr göstərdi ki, bütün bunların arxasında Qərb dövlətlərinin bütün dünyaya ağalıq etməsi və başqalarını demokratiya adı ilə tənqid etmək və onlardan şəxsi mənafeyinə uyğun olan istəkləri əldə etmək durur: "Dünyaya ağıl verən bir dövlətin özündə sosial narazılığın bu şəkildə qabarması heç də təsadüfi deyil. Çünki nümayişlərdə təkcə aşağı təbəqə deyil, orta və varlı təbəqənin övladları belə iştirak edirdi. Vaxtilə Bakıda qanunsuz nümayişlər zamanı 5 yaşlı uşağın qışqırmasına görə, Qərb dövlətləri dünyaya car çəkdi ki, Azərbaycanda 5 yaşlı uşaq təzyiqə məruz qalıb. Amma 11 yaşında uşaq İngiltərədə həbs olundu. Son nümayişlər zamanı Böyük Britaniyada 3 min nəfər tutuldu ki, onlardan 1400 nəfəri həbs edilərək cəzaçəkmə müəssisələrinə göndərildi. Dəhşətlisi odur ki, sosial şəbəkə ilə çağırış edənlərin ikisinə əsassız olaraq 4 il iş kəsildi.

Bu zəmində belə sual ortaya çıxır. Niyə Hillari Klinton danışmır? Niyə Devid Kameron yaranan vəziyyətə münasibət bildirmir? Halbuki, Azərbaycanda nəinki, sosial şəbəkə ilə çağırış etmişdilər, hətta hakimiyyəti devirməyə çağırışdan belə çəkinməmişdilər. Eyni zamanda, Adnan Hacızadə və Emin Millinin həbsi ABŞ Xarici Siyasət İdarəsi səviyyəsində müzakirə olundu. Harada qaldı ABŞ-ın demokratiyası? Harada qaldı İnsan Haqqları üzrə müxtəlif beynəlxalq təşkilatlar? Bunların əsas məqsədi inkişaf etməkdə olan ölkələri və enerji resursları bol olan ölkələrdən insan hüquqları adı altında daha çox istədiklərini əldə etməkdir. Halbuki, Azərbaycanda qanunsuz mitinqin qarşısını almaq üçün Azərbaycan polisi bir nəfərin burnu qanamadan zərərsizləşdirdi və nümayişlərdə iştirak edənlərə Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölçü götürdü.

Amma Azərbaycanda ABŞ, Norveç və Avropa Birliyinin 20-yə qədər səfiri yığılıb müxalifət partiyalarının qərargahına. Nədən demokratiyadan danışan bizim müxalifət toplaşaraq birgə bəyanat vermirlər ki, İngiltərədə haqsızlıqlar var?

Halbuki, Qərb müxalifətdən tələb edir ki, Azərbaycan iqtidarına təzyiq etsin".

Politoloq hesab edir ki, Qərb dövlətlərinin müxtəlif ölkələrdə baş verən müəyyən hadisələrə münasibətində din faktoru da mühüm rol oynayır.

"İslam dünyasına qarşı Qərb dövlətlərində qısqanclıqla bərabər sosial ədalətsizlik, çoxüzlü siyasət var. Bütün bunları biz görə-görə yenidən bu səhvləri buraxmamalıyıq. Onların atacaqları addımlar, bizə verəcəyi qiymətlər bizim üçün o qədər də dəyərli olmamalıdır. Qərb öncə özlərində mövcud olan problemləri həll etməli və sonra Azərbaycana bu istiqamətdə yol göstərməlidir. Halbuki, Azərbaycanın həm ərazi bütövlüyü ilə bağlı məsələ gündəmdədir və işğal altında olan ərazilərdə bütün dünyanın tanıdığı terror təşkilatları var. Amma bütün bunlara baxmayaraq 20 illik dövlətçilik təcrübəsi olan müstəqil Azərbaycana hər tərəfdən hücuma keçən, demokratiyadan dəm vuran Qərb dövlətləri nədən susur? Norveçdə 70 nəfərdən çox insanı qətlə yetirildi. Lakin ona Xristian separatizmi demədilər və ya fundamentalizm teoremini heç yaxın buraxmadılar. Çünki həbs olunan terrorçu aydın olaraq bəyan etdi ki, törətdiyi qətllər İslamafobiya ilə bağlıdır. Bunların gündəmə gətirdiyi siyasət budur. Bütün dünyanı qarışdıran ingilis siyasətidir. Hər yerdə şeytanın barmağı olduğu kimi onların barmaqları da var. Təbii ki, şeytan da çoxüzlüdür. Hansı üzünə çevirsən onun üzündə bir mələk siması görünəcək. Hazırda isə İngiltərənin göstərdiyi mələk simasını arxasında şeytan əməlləri durur".

Bütün xəbərlər Facebook səhifəmizdə