Cümşüd Nuriyev: “Rəsmi Ankara İrəvanla münasibətlərinə aydınlıq gətirməsə, “Nabucco”suz qala bilər”

Cümşüd Nuriyev: “Rəsmi Ankara İrəvanla münasibətlərinə aydınlıq gətirməsə, “Nabucco”suz qala bilər”

\"Türkiyə ilə Ermənistan arasındakı iqtisadi münasibətlər bizim fikirləşdiyimiz kimi sıfır səviyyəsində deyil\". SİA-nın xəbərinə görə, bunu politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, iki dövlət arasında 5 aviareys mövcuddur: "Bunlar Yerevan - İstanbul, Yerevan-Ankara, Antalya, Trabzon, Bodrum aviareysləridir. Sonuncu aviareysin açılış mərasimi sentyabrın 11-də Vanda nəzərdə tutulur. Bu əvvəl Ermənistanın qeyri-hökümət təşkilatları ilə Türkiyənin qeyri-hökümət təşkilatları arasında olan razılıqdan sonra Vanda sahibkarlar ittifaqı sədrinin razılaşmaya müdaxiləsindən sonra reallaşmağa başladı. Amma Türkiyə bunu Vanda erməni kilsəsini uzun müddət təmirdən sonra açılanda, Yunan-katolikos kilsəsinin başçısı Bartolomey Trabzonda öz dillərində məktəbin açılmasını gündəmə gətirəndə görməli idi. Yəni bu artıq Türkiyənin gündəlik siyasətinə çevrilib.

Eyni zamanda Ermənistanın xarici ticarət dövriyyəsində Türkiyənin payı 25 %-ə yaxınlaşır. Həmin pay Türkiyədən gələn yük maşınlarının Gürcüstan üzərindən Ermənistana keçməsi ilə bağlıdır. Hal-hazırda Ermənistanda Türkiyənin malları artıq İran mallarını da üstələyib. Burada isə çox maraqlıdır, kürd əsilli iş adamları Ermənistanla hər cür əlaqələrin qurulmasında maraqlıdır və bunu da edirlər",- deyə o əlavə edib.

Politoloq onu da vurğulayıb ki, Vana reysin açılması kommersiya məqsədli olsa da bu Ermənistanın gündəmə gətirdiyi bir məsələdir: "Çünki hazırda elə bir ərəfədir ki, ABŞ Türkiyəyə təzyiq edir ki, ona Qara Dənizə çıxmaq üçün yol versin. Bu zəmində Vana aviareysin açılması məcburi də deyil. Çünki, Vanın hava limanı təyyarələri qəbul etmək imkanına malik deyil. Amma Van hava limanını yenidən təmir etmək və mətbuatda bu haqda geniş yer vermək birbaşa olaraq hadisələrin arxasında müəyyən qüvvələrin mövcud olmasına əsas verir.

Bu xəbərlərin Azərbaycan Ermənistan münasibətlərinin yaxşılaşmasına xidmət edəcəyi ehtimalı özünü doğrultmadı. Belə ki, bu bir növ daha çox Azərbaycanı sakitləşdirmək üçün Türkiyənin müəyyən dairələrinin irəli sürdüyü bir iddiadır. Çünki bunun arxasında Ermənistanın nəyi isə müsbət tərəfə edəcəyi inandırıcı görünmür. Amma başqa bir məsələ var ki, Azərbaycan Türkiyə ilə münasibətində Ermənistanla bağlı kifayət qədər ciddi mövqedədir və rəsmi Ankara bu mövqeyə hələ də hörmətlə yanaşır.

Hazırda gözləyək görək aktyabrın sonuna qədər Azərbaycan "Nabucco" layihəsi ilə bağlı kəmərinin Türkiyədən keçməsi üçün hansı addımı atacaq? Əgər bu müddət ərzində Türkiyə həmin münasibətlərə aydınlıq gətirməsə inanmıram ki, rəsmi Bakı "Nabucco"nun Türkiyədən keçməsinə razılıq versin".

Politoloq hesab edir ki, bu cür məlumatların şişirdilməsində müəyyən gizli qalan nüanslar da mövcuddur. Çünki Türkiyənin daxilində müəyyən qüvvələr Azərbaycan-Türkiyə münasibətlərini korlamağa çalışırlar: "Fikrimcə, bu cür münasibətlərin korlanmasına imkan verməməliyik. Amma eyni zamanda Türkiyə qardaş dövlətdir. Onun bu məsələlərdə daha düşüncəli addımlar atmasını gözləyirik və inanırıq ki, bu belə də olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə