BMT-nin baş katibi beynəlxalq ictimaiyyətə müraciət edib

BMT-nin baş katibi beynəlxalq ictimaiyyətə müraciət edib

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən SİA-ya verilən məlumata görə, təşkilatın baş katibi Pan Gi Mun 19 avqust - Dünya Humanitar Yardım Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

Humanitar böhranların hər il təkrarlandığını qeyd edən baş katib müraciətində ehtiyacı olanlara yardım edən, onların əziyyətini azaltmaq və ümid vermək üçün birləşən insanları xüsusi qeyd edib. Vurğulanıb ki, onlar Yaponiyadan Sudana, Pakistandan Afrikayadək evlərini, sevdiklərini və gəlir mənbələrini itirmiş insanlara kömək edirlər.

BMT-nin baş katibi bildirib ki, evlərindən xeyli uzaqda fəaliyyət göstərən bu humanitar yardım işçiləri tez-tez böyük təhlükələrlə üzləşir və ən çətin şəraitlərdə işləyirlər. Onların təşəbbüsləri sayəsində münaqişə və təbii fəlakətlər zamanı insanların həyatları xilas edilir.

Müraciətdə Dünya Humanitar Yardım Günü ilə əlaqədar Əfqanıstanda, Haitidə və s. yerlərdə fədakarlıq göstərmiş, vəzifə borclarını yerinə yetirərkən həlak olmuş və ya yaralanmış şəxslərin əməyi hörmətlə anılıb.

Pan Gi Munun müraciəti bu sözlərlə bitir: "Bu gün, həmçinin münaqişə, fəlakət və çətinliklərlə üzləşən insanlara əl uzatmaq üçün nələr edə biləcəyimizi müzakirə etmək günüdür. Ümid edək ki, bu gün yad etdiyimiz humanitar yardım işçiləri dünyanı yaşamaq üçün daha yaxşı məkana çevrilməsi, bəşəriyyətin daha da yaxınlaşması istiqamətində beynəlxalq ictimaiyyəti yeni addımlar atmağa ruhlandıracaqlar".


Bütün xəbərlər Facebook səhifəmizdə