Çingiz Qənizadə: “Beynəlxalq təşkilatların hesabatlarında hər zaman Azərbaycana qarşı qeyri- dəqiqlik olub”- MÜSAHİBƏ (SƏS TV)

Çingiz Qənizadə: “Beynəlxalq təşkilatların hesabatlarında hər zaman Azərbaycana qarşı qeyri- dəqiqlik olub”- MÜSAHİBƏ (SƏS TV)

Demokratiya və insan hüquqları təşkilatının sədri, millət vəkili Çingiz Qənizadənin SƏS TV-yə müsahibəsi:

- Bəzi beynəlxalq təşkilatlar, eləcə də ABŞ-ın \"Freedom House\" təşkilatı dəqiqləşdirmə aparmadan guya Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, mətbuat üçün problemlərin yaradılması ilə bağlı əsassız iddialar yayır. Sizcə, Azərbaycana qarşı qeyri- dəqiq yanaşma nə ilə bağlıdır?

- Beynəlxalq təşkilatlar bəzən öz hesabatlarında hansı mənbədən informasiya əldə etdikləri barədə təbii ki, məlumat vermirlər. Hətta bu il baş verən hadisəni bir neçə il təkrarlayırlar. Bu da onu göstərir ki, informasiya qeyri- dəqiqdir. Bəzən də bu kimi xəbərlər sırf informasiya xatirinə yayılır. Konkret olaraq Azərbaycanla bağlı məsələdə həm \"Freedom House\"la bağlı, həm də ABŞ dövlət departamentinin insan hüquq və azadlıqları ilə bağlı dünyadakı hesabatı ilə əlaqədar bu yaxınlarda mətbuatda öz fikirlərimi geniş şəkildə bildirmişəm. Nə qədər qeyd etsək də bunlar müstəqil təşkilatlardır, bu və ya digər dövlətlərin siyasi hakimiyyətlərinin təsiri altında fəaliyyət göstərən təşkilatlardır. Bu baxımdan da həmin dövlətlərin Azərbaycana olan münasibətinə uyğun hər hansı hesabatlarına açıqlamalarında faktları qabardırlar və yaxud da digər dövlətlərə olan münasibətlərdə büruzə verirlər. Beynəlxalq təşkilatların hesabatlarında hər zaman Azərbaycana qarşı qeyri- dəqiqlik olub. Son hesabatlarda da bu hal bir daha öz əskini göstərdi. Bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda insan haqlarının pozulması ilə bağlı bir və ya bir neçə faktı əsas götürərək ümumi dövlətin sistemində bu halın qabardılması yolverilməzdir. Hər bir ölkədə təbii ki, qanun pozuntuları var. Bu kimi təşkilatların qeyri- dəqiq münasibətləri ona görədir ki, Azərbaycan hər zaman müstəqil siyasət yeridir, üçüncü dövlətdən asılı deyil, olmaq da istəmir.

- Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında tarixi abidələrimizi dağıdır, yer adlarını dəyişdirir, minlərlə azərbaycanlı yerindən didərgin düşüb, qətlə yetirilib. Bütün bunlara baxmayaraq beynəlxalq təşkilatlar heç bir münasibət bildirmirlər.

- Dövlətlərin dövlətlərə olan münasibətlərində onları bir-birinə bağlayan tellər var. Bu tellər həm iqtisadi, həm də siyasi məsələlərlə bağlı ola bilər. Ermənistan daha çox xristian dövləti olduğundan və hər zaman Rusiyaya yaxın olduğundan Ermənistanı qorumağa çağırırlar. Ermənistana qarşı ancaq kağız üzərində olan sanksiyalardan başqa heç bir şey görmürük. Bu da ona görədir ki, həmin dövlətlərin Azərbaycana olan \"sevgisindən\", Ermənistan tərəfinə isə üzdə narazıçılıq, daxildə isə həmin dövləti qəbul etmək başqa bir şey deyil. Buna görə də hazırda Dağlıq Qarabağ məsələsinin həllində də çox çətin bir vəziyyətdəyik. Məhz buna görədir ki, dövlət başçımızın qərarı budur ki, 1 qarış torpağımızı belə heç kimə getmək yoxdur. Nəinki Ermənistanın, Rusiyanın, eləcə də Avropa ölkələrinin bir çoxu Azərbaycanı bu mövqedən çəkindirməyin tərəfdarıdırlar.

- Cəzaçəkmə müəssisələrində islahatların aparılmasının vacibliyi qeyd olunur. Söhbət hansı islahatlardan gedir?

- Ədliyyə nazirliyində yaradılan ictimai komitənin üzvü olaraq deyə bilərəm ki, bu komitə pentensiar müəssisələrdə ictimai nəzarəti həyata keçirir. Beş il bundan əvvəl qəbul olunan islahatları indiki islahatlarda müqayisə etsək, o zaman görərik ki, bir çox fərqlər var. Bu gün cəzaçəkmə müəssisələrində pentensiar sahədə kifayət qədər islahatlar həyata keçirilib. Bu yaxınlarda oraya yeni rəis- Mədət Quliyev təyin olunub. O islahatları davamlı şəkildə yerinə yetirir. Qanunda nəzərdə tutulan vaxtından əvvəl azad etməklə bağlı cəza çəkənlərə də yeni rəis təyin olunub. Keçirilən islahatlar nəticəsində hər hansı məhbusu görmək üçün bir neçə vaxt lazım olacaq. Bununla da analoqu olmayan hal olacaq ki, artıq məhbusun ailəsi cəza çəkəni görmək üçün bir neçə gün deyil, bir neçə vaxt sərf edəcək. Digər tərəfdən də yeni cəzaçəkmə müəssisələri ən azından xəstəlik mənbəyi olmayacaq. Çünki indiki bir çox cəzaçəkmə müəssisələri sovet dövründə inşa edildiyindən xəstəlik mənbəyi rolunu daşıyırlar.

- Qobustan həbsxanası ilə bağlı vəziyyət daha çox qabardılır. Doğurdanmı oradakı vəziyyət arzuolunmaz səviyyədədir?

- Ümumilikdə götürsək orada mövcud olan vəziyyət bugünkü standartlara cavab vermir. Bildiyimizə görə, həmin əraziyə yaxın yeni həbsxana inşa edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə