Azərbaycan Prezidentinin rəsmi internet saytında yeniliklər edilib
Azərbaycan Prezidentinin rəsmi internet saytının vətəndaşların müraciətlərinə aid hissəsində yeniliklər edilib. SİA-nın məlumatına görə, qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı insanın həyat tərzinin dəyişməsinə, yeni münasibətlər sisteminin formalaşmasına səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev müasir texniki tərəqqinin nailiyyətlərindən bəhrələnərək biliklərə əsaslanan informasiya cəmiyyətinin təşəkkülünə xüsusi önəm verir. Bu, Azərbaycanın gələcək inkişafının sağlam təməl üzərində qurulmasını və rəqabətə davamlı istehsal sahələrinin yaradılmasını şərtləndirir.
Azərbaycan Prezidentinin rəsmi internet saytı innovasiya texnologiyalarının tətbiqini təmin etməklə yanaşı, hər bir vətəndaşın bu imkandan bəhrələnməsini, hökumət və vətəndaş münasibətlərinin məzmunca yeni mərhələyə keçməsini təmin edir. Bu gün internet, texnoloji avadanlıq insan həyatının hər bir sahəsinə sirayət edib, kommunikasiya imkanlarını genişləndirib. Sayt ölkə vətəndaşlarının, xaricdə yaşayan soydaşlarımızın və əcnəbilərin diqqətini getdikcə daha çox cəlb edir. Bu səbəbdən Azərbaycan Prezidentinin rəsmi saytına müraciətlərin sayı artır.Vətəndaşların sayt vasitəsilə icraedici hakimiyyət strukturlarına birbaşa müraciət etmək imkanının olması, mövcud bürokratik çətinlikləri aradan qaldırır və hakimiyyətlə vətəndaş arşında sərbəst dialoqun formalaşmasına xidmət edir. Bu, Prezidentin informasiya cəmiyyətinin formalaşmasına, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, vətəndaşların müraciət hüququnun asanlaşdırılmasına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir.
Sayta müraciət edənlər Prezidentə təklif, arzu və istəklərini bildirir, onları narahat edən problemlərdən danışırlar. Buna görə də sayt daim təkmilləşdirilir, burada yeni bölmələr açılır, daha geniş imkanlar yaradılır.
Bu yaxınlarda saytın vətəndaşların müraciətlərinə aid hissəsində də bir sıra yeniliklər edilib.
Sayta Azərbaycanın interaktiv xəritəsi yerləşdirilib. Xəritədə hər bir iqtisadi rayona daxil olan şəhər və rayonların icra hakimiyyəti orqanlarının rəsmi saytları və elektron ünvanları verilib.
"Məktublar" xanasının adı dəyişdirilərək "Müraciətlər" adlandırılıb, həmin hissədə isə yeni "Dövlət orqanlarına müraciət etmək" bölməsi açılıb. Bu bölmədə linklər vasitəsilə dövlət orqanlarının rəsmi saytlarına keçid imkanı yaradılıb. Vətəndaşlar bu bölmə vasitəsilə istədiyi dövlət orqanına birbaşa müraciət edərək, onların vəzifəli şəxslərinin qəbul günlərini öyrənmək imkanı qazanırlar. Bu bölmədə bütün dövlət qurumlarının, şəhər və rayonların adlarının siyahısı verilibki, bu da vətəndaşlara həmin orqanlara müraciət etmək imkanı yaratmaqla bərabər, daxil olan müraciətləri daha yaxşı sistemləşdirməyə, müxtəlif təhlillər aparmağa imkan verir.
Saytda "Vətəndaşların müraciətlərinə dair qanunvericilik" bölməsi yaradılıb. Burada vətəndaşların müraciətlərinə baxılması məsələlərini tənzimləyən əsas normativ hüquqi aktlar və onlardan çıxarışlar əlavə edilmişdir. Hər bir vətəndaş müraciətlərə baxılmasının norma və qaydaları ilə elə saytın özündə dərhal tanış ola bilər.
Prezidentə müraciət etmək üçün tələb olunan yeni qaydalar, "Müraciətlərin mövzuları" xanasında əsas və alt mövzular yerləşdirilibvə bir sıra digər əlavələr edilib. Bu, vətəndaşlara öz müraciətlərinə uyğun mövzunu, müraciət növünü seçməyə, istədiyini daha konkret və aydın yazmağa şərait yaradır.
Saytda edilmiş dəyişikliklərdən biri də odur ki, Prezident Administrasiyasında vətəndaşların qəbulu günlərini daha tez öyrənmək üçün "Administrasiya" xanasından "Qəbul günləri" hissəsi çıxarılaraq, "Müraciətlər" xanasında yerləşdirilib.
Azərbaycan Prezidentinin rəsmi internet saytının gündən-günə təkmilləşdirilməsi işi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB