"Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır. Burada azərbaycanlılar daim yaşayıb. Bütün tarixi abidələr, toponimlər Azərbaycana məxsusdur. Bu, tariximiz və mədəniyyətimizin ayrılmaz hissəsidir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ingilisdilli "The Business Year" jurnalının Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş xüsusi buraxılışına verdiyi müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb ki, ermənilər bu ərazilərə daha sonralar köçürülüblər: "Sonradan torpaqlarımıza köçürülən ermənilər bu gün orada ikinci erməni dövləti yaratmağa çalışırlar. Nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət buna imkan verməyəcək. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin 2011-ci il mayın 26-da dərc olunmuş birgə bəyanatını müsbət qəbul edib. Azərbaycan münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır.Helsinki Yekun Aktına əsasən, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmələri hüquqları arasında ziddiyyət yoxdur. Yəni, xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü çərçivəsində həyata keçirilə bilər və bu, münaqişənin yeganə mümkün həll yoludur".
Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyimiz Azərbaycanın ərazi bütövlüyünün bərpasından və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıtmalarından ibarətdir: "Yalnız bu addımlardan sonra regionda sülh və əməkdaşlıq bərqərar olacaq və bütün tərəflər bundan faydalanacaq. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyi və onun Ermənistana birləşdirilməsi ilə razılaşmayacaq. Bu heç zaman baş verməyəcək. Keçən zaman Ermənistanın əleyhinə işləyir. Son 20 ildə Ermənistan bütün regional layihələrdən təcrid olunub. Onun iqtisadiyyatı ciddi tənəzzül yaşayır, əhali ağır sosial şəraitə dözməyərək, ölkəni tərk edir. Ermənistan və Azərbaycan arasındakı fərq sürətlə artır.Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Bir sözlə, Ermənistanın liderləri və erməni lobbisi həqiqi reallığı düzgün qiymətləndirməli və beynəlxalq ictimaiyyətin işğalın nəticəsini heç zaman tanımayacağını, gec və ya tez münaqişənin həll olunacağını dərk etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB