Bu gün metroda baş verənlər- REPORTAJ

Bu gün metroda baş verənlər- REPORTAJ

Bakı Metropoliteninin "Nizami" metrostansiyasında bədbəxt hadisə baş verib. Saat 10:15 radələrində Məhbubə Paşayeva adlı qadın "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən qatar "Nizami" metro stansiyasına çatanda ani olaraq özünü qatarın altına ataraq intihara cəhd edib. SİA-nın hadisə yerində olan və hadisəni anbaan lentə alan müxbirinin dediyinə görə, qatar "Nizami" stansiyasına çatanda ani olaraq dayanıb. Birdən qadın qışqırtısı eşidilib. Qatarda olan sərnişinlərdən biri "deyəsən qatarın altında kimsə qaldı", - deyib. Nəyin baş verdiyini aydınlaşdırmaq üçün sərnişinlər qatarın çıxış qapılarına yaxınlaşıblar.

... Qatarın 2-ci vaqonunun qapıları artıq açılmışdı. Qatardakılar vaqonları tərk etməyə başlamışdılar. 2 dəqiqə keçmişdi ki, təcili tibbi yardım xidmətinin əməkdaşları özlərini çatdırdılar. Özünə qəsd edən qadının qatarın hansı hissəsində ilişib qaldığı bilinmirdi. Qadını intihara cəhd etdiyi anda görən şahidlər isə hadisənin təsirindən hələ də özlərinə gələ bilməmişdilər. Təcili tibbi yardım xidmətinin əməkdaşı onlarla da məşğul olurdu. Hadisə şahidlərinin sözlərinə görə, 50-55 yaşlarında olan qadın özünü qəfildən qatarın altına atarkən maşinist qatarı sürətini azaldıb və dayandırmağa macal tapıb.

Stansiya işçiləri və polislər dərhal qapıları açaraq qatarın alt hissəsinə düşə bildilər. Bir azdan "Qadın sağdır" deyən stansiya işçisinin səsi eşidilib.

Nəhayət qatarın altından çıxarılan qadında ilk baxışda ciddi zədələr görünmürdü. Sadəcə baş və ayaqlarında kiçik sıyrıqlar var idi. Yaralı təcili tibbi yardım maşınına çatdırılıb. Bakı Şəhər Təcili Yardım Xidmətindən SİA-ya verilən məlumata görə, maşinistin qatarı saxlaya bilməsi nəticəsində qadın sağ qalıb, ancaq ağır kəllə beyin travması alıb. Hazırda zərərçəkən 1 saylı Şəhər Klinik Xəstəxanasında həkim nəzarəti altındadır. 1 saylı Şəhər Klinik Xəstəxanasının növbətçi həkimi isə bildirib ki, zərərçəkənin vəziyyəti ağırdır və hazırda xəstəxananın reanimasiya şöbəsindədir: "Xəstə huşsuz vəziyyətdədir. Ciddi kəllə-beyin travması aldığı üçün təcili əməliyyata ehtiyac yaranıb. Xəstə əməliyyat olunacaq".


Bəxtiyar Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com