Azərbaycan və Rusiyanın müdafiə nazirləri Qarabağ məsələsini müzakirə ediblər

Azərbaycan və Rusiyanın müdafiə nazirləri Qarabağ məsələsini müzakirə ediblər

İyulun 25-də Bakıda işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.

Geniştərkibli görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb.

S. Əbiyev bildirib ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələr sürətlə inkişaf edir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya tərəfinin, xüsusilə prezident Dmitri Medvedyevin səylərinin təqdirə layiq olduğunu bildirən S. Əbiyev qeyd edib ki, qısa zaman ərzində prezidentlər arasında təşkil edilən çoxsaylı görüşlər problemin sülh yolu ilə həll edilməsinə ümidləri artırır. Nazir onu da deyib ki, bununla paralel olaraq Azərbaycan öz ordusunu gücləndirməkdə davam edir.

Sonra nazirlər arasında təkbətək görüş keçirilib.

Qeyd edək ki, A. Serdyukov Azərbaycana iyulun 24-də gəlib. İşgüzar səfər çərçivəsində onun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü olacaq.

Görüşlərdə Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsi də müzakirə ediləcək.

Səfər iyulun 26-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə