Prezident İlham Əliyev: “Bu səfər Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük töhfə verəcəkdir” - FOTOSESSİYA

Prezident İlham Əliyev: “Bu səfər Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük töhfə verəcəkdir” - FOTOSESSİYA

Azərbaycanda rəsmi səfərdə olan Polşa prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimi olub. SİA-nın məlumatına görə, B. Komorovskini Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri B. Komorovskiyə, Polşa nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Polşa münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrin bundan sonra da genişlənəcəyi bildirildi. İkitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından da əhəmiyyəti vurğulandı.

Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

Daha sonra prezident İlham Əliyev və prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olub. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Polşanın kənd təsərrüfatı nazirinin müavini Yaroslav Voytoviç, "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı"nı və "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşa xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzalayıblar.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan Prezidenti İlham Əliyev görüşün iştirakçılarını salamlayaraq bildirib ki, iki dövlət arasında siyasi əlaqələr yüksək səviyyədədir, eyni zamanda, iqtisadi sahədə əlaqələrin yaxşı perspektivləri var: "Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən Sizi ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminik ki, Sizin səfəriniz Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük töhfə verəcəkdir. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar əməkdaşlığa yeni təkan olacaq. Bu gün biz Sizinlə enerji sektorundakı əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bir sözlə, biz istəyirik ki, əlaqələrimiz bütün sahələri əhatə etsin və Polşa-Azərbaycan dostluğu uğurla davam etdirilsin".

Sonra Polşa Prezidenti Bronislav Komorovski çıxış edərək bu səfərdən sonra iki ölkə arasında mövcud olan münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıb. Polşa Prezidenti bildirib ki, hər iki xalq 20 il öncə əsl müstəqilliyini əldə etdi və bu vacib dəyərdən lazımınca bəhrələnir: "Hörmətli cənab Prezident! Bu gün biz Azərbaycanda Sizin qonağınız olmaqdan çox şadıq və olduqca məmnunuq. Biz Sizin ölkənizi yerləşdiyiniz regionda olduqca mühüm, əhəmiyyətli rol oynayan ölkə kimi qəbul edirik. Təbii ki, bizim münasibətlərimiz bu səfərdən sonra daha da inkişaf edəcək. Bu, iqtisadi sahədə də hiss olunur və hər iki ölkədə əldə edilmiş iqtisadi göstəricilər bunu sübut edir. Azərbaycanın iqtisadi sahədəki nailiyyətləri Sizin ölkənizə böyük hörmət qazandırır. Bu baxımdan işgüzar dairələrdə ölkənizə maraq get-gedə artır. Biz Sizin əldə etdiyiniz bütün bu nailiyyətləri çox yüksək qiymətləndiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə