Qəzet redaktorlarının Milli Mətbuat günü ilə bağlı düşüncələri

Qəzet redaktorlarının Milli Mətbuat günü ilə bağlı düşüncələri

Qəzet redaktorlarının Milli Mətbuat günü ilə bağlı Səs TV ilə paylaşdığı düşüncələri...

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

- Azərbaycan mətbuatı çox uzun keşməkeşli və çətin yollardan keçib. Bu gün Azərbaycanda mətbuatın yaranmasının 136 illiyi qeyd edilir. Bu həqiqətən də tarixi əhəmiyyətə malik olan, böyük bir gündür. Azərbaycan dövlətinin jurnalistlər üçün yaratdığı şərait, onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər göz qabağındadır. Məhz bütün bunlara görə də təbii ki, ilk növbədə cənab prezidentimizə öz təşəkkürümü bildirirəm. Bu gün məlum məsələdir ki, Azərbaycanda müstəqil jurnalistikanın fəaliyyətinin genişləndirilməsinə dövlət də maraqlıdır. Keçən il mətbuatın 135 illiyinin qeyd edilməsi münasibəti ilə ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar da məhz jurnlalistlərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün münasibəti ilə Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən keçirilən tədbirdə fəxri fərman və pul mükafatına layiq görülməyimiz qəzetimizin gördüyü işə verilən dəyərin bariz nümunəsidir. Bu baxımdan da bu gün ikili sevinc yaşadığımızı vurğulamaq istərdim. Bütün həmkarlarımı bu gözəl gün münasibəti ilə təbrik edir və onlara işlərində müvəffəqiyyətlər arzulayıram.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:

- Bu gün azərbaycanda mətbuatın yaranmasından 136 il ötür. İlk olaraq, bu münasibətlə bütün həmkarlarımızı səmimi qəlbdən təbrik edirəm. Lakin bildiyiniz kimi, biz \"Bakı Xəbər\" qəzetinin redaksiya heyəti 2 sevinci bir arada yaşayırıq. Çünki məlum olduğu kimi, Həmkərlar İttifaqı Konfederasiyasının keçirdiyi mükafatlandırma mərasimində fəxri fərman alan media qurumları arasında bizim də adımız var idi. Bu gün Azərbaycanda çox əlamətdar bir gündür. Bu, əslində peşə bayramı sayılsa da qeyd etmək istəyirəm ki, mətbuat günü azsaylı bayramlar sırasındadır ki, dövlət səviyyəsində qeyd edilir. Jurnalistlərin bayramının artıq ümummilli bayrama çevrilməsi də bizim xoşbəxtliyimizdir. Belə bir gündə qəzetimizin fəxri fərman və pul mükafatına layiq görülməsi təqdirəlayiq bir hadisədir. Bu diqqət əslində qlobal bir məsələnin əlamətidir. Belə ki, mətbuatla dövlət arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Bir neçə il əvvəl mətbuatla dövlət təşkilatları arasında bu cür münasibətlər yox idi. İndi isə, jurnalistlərlə bütün dövlət qurumları arasında səmimi münasibət var. Bütün bunlara əsaslanaraq da deyə bilərik ki, Azərbaycan jurnalistikası inkişaf edir. Bu inkişaf və bayram münasibətilə bir daha bütün ölkə jurnalistlərini təbrik edir, onlara peşə fəaliyyətində uğurlar arzulayırıq.

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli:

- Mətbuat günü münasibəti ilə Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən mükafata layiq görülən qəzetlərdən biri də "Kaspi" qəzetidir. Təbii ki, bu bizim üçün çox sevindirici haldır. Düzdür, jurnalistlər ilin bir günündə, yəni Mətbuat günündə xüsusi yada düşürlər. Lakin qeyd etmək lazımdır ki, jurnalistlər ilin hər gününü işləyir və bütün dünyada baş verənləri ictimaiyyətin diqqətinə çatdırırlar. Təbii ki, müxtəlif dövlət strukturları tərəfindən işimizin qiymətləndirilməsi bizə həvəs və stimul verir.

O vaxtdan ötən 136 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Lakin qeyd etmək istərdim ki, internet nə qədər də inkişaf etsə belə bu, qəzetlərin həyatımızdakı rolunun azalacağı anlamına gəlmir. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Buna görə də, bu bayram münasibətilə bütün həmkarlarımızı təbrik edir, onlara öz sahələrində uğurlar arzulayıram.

Biz də Azərbaycan jurnalistlərini Milli Mətbuat günü münasibəti ilə ürəkdən təbrik edir, onlara peşələrini məsuliyyətli, şərəfli icra etməyi arzulayırıq. Sözümüzün qiymətini bilək ki, şəxsiyyətimiz qiymətdən düşməsin!

Bütün xəbərlər Facebook səhifəmizdə