Elman Nəsirli: “Münaqişənin həllindəki intensivlik hələ ki, kəmiyyət xarakteri daşıyır” - MÜSAHİBƏ (SƏS TV)

Elman Nəsirli: “Münaqişənin həllindəki intensivlik hələ ki, kəmiyyət xarakteri daşıyır” - MÜSAHİBƏ (SƏS TV)

Politoloq Elman Nəsirlinin SƏS TV-yə müsahibəsi:

- Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun prezident İlham Əliyevin Rusiya prezidenti Dmitri Medvedevə yazdığı cavab məktubunu Moskvaya çatdırması və burada Dağlıq Qarabağla bağlı müzakirələrin aparılması problemin həllinə hansı yeni imkanları yaradıb?

- Münaqişənin həlli ilə bağlı proseslərdə intensivlik müşahidə olunmaqdadır. Bu intensivlik hələ ki, kəmiyyət xarakteri daşıyır. Təbii ki, bu halın keyfiyyət halına keçməsini istərdik. Hazırda diqqət mərkəzində Rusiyanın həm Azərbyacan, həm də Ermənistan prezidentinə ünvanlanan məktubu, eləcə də Vaşinqtonda bu məsələ ilə bağlı xarici işlər nazirliyinin BMT-nin rəhbərliyi ilə apardığı danışıqlar və onun nəticələri məsələsidir. İndiki zamanda Rusiya prezidentinin hansı cavab verəcəyi və tərəflərin mövqeyinin necə olacağı gündəmdədir. Məktubun məzmunu və mahiyyəti konfidensial xarakter daşıyır, məxfi olduğundan detalları açıqlanmır. Əsas məsələ odur ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret proseslərin həllinə təkan verilsin. Təbii ki, bir məktubla problem öz həllini tapa bilməz. Azərbaycan tərəfinin bu məktubla bağlı olaraq mövqeyi bəllidir. Bununla bağlı Elmar Məmmədyarov iyulun 17-də Rusiyanın paytaxtında olub. Rusiya prezidentinin məktubundakı yeni yanaşmaların mahiyyətinin necə və nədən ibarət olacağını bilməsək də bir həqiqət var ki, Azərbaycan tərəfi o zaman müsbət cavab bildirəcək ki, ölkəmizin ərazi bütövlüyünü heç bir halda sual altına qoymasın. Hər zaman olduğu kimi Azərbaycanın mövqeyi birmənalıdır. Bildiyimiz kimi ABŞ-ın dövlət katibi Hillari Klinton bu yaxınlarda Türkiyədə səfərdə olub. Orada olduğu müddətdə Türkiyə mətbuatının yazdığına görə, əsas diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır. BMT Dağlıq Qarabağ problemini ilə sərhədlərin açılması məsələsi arasında bir paralellik görmək istəmir. Onlar hesab edirlər ki, sərhədlərin açılması Dağlıq Qarabağ probleminin həllinə gətirib çıxaracaq. Təbii ki, Türkiyə hökuməti bu məsələdə əks mövqedə dayanıb. Vaşinqtonun məktubla bağlı mövqeyi də bəllidir. Buna görə, məsələ ilə bağlı proseslər qapalı gedir. Hətta o da bəllidir ki, BMT-nin bu məsələyə yanaşması fərqli olacaq. Ermənistan tərəfi hələlik D.Medvedevin məktubuna rəsmi cavab verməyib. Buna baxmayaraq Rusiyanın xarici işlər naziri Serqey Lavrovla Elmar Məmmədyarovun danışıqlarından sonra qarşı tərəflə telefon bağlantısı olub. Ancaq Ermənistan hələlik Azərbaycan kimi konkret fikrini bildirmir.

- Ermənilər onlara göndərilən məktubun cavabını niyə gecikdirir?

- Bu Ermənistanın həmişə etdiyi taktikadır. Onlar dəfələrlə bu hərəkətləri edirlər. Onlar sadəcə olaraq beynəlxalq ictimai fikri aldatmaqla danışıqlarda maraqlı olduqlarını bildirmək üçün belə edirlər. Ermənilər ancaq görüntü ilə məşğuldurlar. Real variantda isə onlar heç vaxt Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ciddi addım atmağa nə hazır deyillər, nə də ki bunu istəmirlər. Bunu istəməməkdə məqsəd odur ki, hazırda Ermənistan cəmiyyətində hakimiyyətlə xalq arasında elə bir uçurum var ki, bu gün xalq Ermənistan rəhbərliyindən çörək istəyir. Əgər Dağlıq Qarabağ məsələsində Serj Sarkisyan güzəştə gedərsə, o zaman Ermənistan hökumətinin sonu ola bilər. Çünki xalqla hakimiyyət arasında böyük uçurum var. Onların vəhdət mövqeyi yoxdur. Buna görə də məktuba cavab verilməsi ləngiyir. Eyni zamanda da Ermənistan tərəfi arxayındır ki, istənilən hallarda Rusiya tərəfi onların arxasındadır. Hesab edirəm ki, nə qədər ki həmsədrlər, böyük dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret mexanizmlə işləməyəcəklər, o zaman bəyanatlardan uzağa gedə bilməyən nəticəyə hasil olmayacaqlar.

- Xarici ekspertlər bəyan edirlər ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində öz nüfuzunu itirib, bu doğurdanmı belədir?

- Son bir il ərzində keçirilən görüşlərin hamısı demək olar ki, Rusiyanın himayəsi altında və öz ölkələrində keçirilir. Əsas etibarı ilə də ortada heç bir nəticə yoxdur. Bu da təbii ki, Rusiya diplomatiyasına heç bir nüfuz gətirmir. Buradan da belə qənaətə gəlmək olar ki, yenidən formata baxmaq lazımdır. Rusiya öz etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanı dəstəkləyir. Bu bir həqiqətdir. Bunu Rusiya tərəfi bir çox üsullarla ört-basdır etsələr də Azərbaycan xalqı bilir ki, onlar bir-birilərini dəstəkləyirlər. Azərbaycan hərtərəfli inkişaf edir. Hesab edirəm ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbisindən bir neçə dəfə deyil, eyni zamanda 10, 40, 50 qat artıq güclü olarsa, o zaman həm Rusiya, həm də BMT Ermənistana təzyiq edəcəklər ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı razılığa gəlib imzalanmaya razılıq verilsin. Əks halda müharibə labüddür.

- Azərbaycanla Ermənistan prezidentlərinin növbəti görüşləri baş tutarsa həmin görüşün ölkəmiz üçün nə kimi müsbət nəticələri ola bilər?

- Bu görüşün baş tutması və tutmaması haqqında söhbətlər yoxdur. Son 1 il ərzində həyata keçirilən prezidentlərin görüşü, məktubun göndərilməsi də bu il üçün prezidentlərin yenidən görüşməsi üçün hesablanıb. Sadəcə olaraq bu dəfə baş tutacaq görüşdə müəyyən taktiki irəliləyişlərə nail olmaq mümkündür. Düşünürəm ki, bu il ciddi addımlar atılmasa gələn il məsələ xeyli dərəcədə çətinləşəcək. Çünki həmsədrlərin başı özlərinin prezident seçkilərinə qarışacaq. 2013-cü ili Dağlıq Qarabağ probleminin həlli üçün uğurlu vaxt kimi hesab etmək olmaz. 2014-cü ildə isə qondorma erməni soyqırımının 100 illik yubileyidir. Həmin zamanda da ermənilərin hər hansı bir məsələ ilə bağlı güzəştə gedəcəyinə inanmaq olmaz. 2015-ci ildə isə bu soyqırımın yubileyini təntənəli şəkildə qeyd etməyi düşünürlər. Bütün buna görə də bu il məsələnin həlli ilə bağlı ciddi işlər görülməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə