ANAMA-nın 13 yaşı tamam oldu

18 İyul 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaradılması Azərbaycanda mina və Partlamamış Hərbi Sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub. ANAMA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurslara malikdir. Bu resurslara minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat, keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qrupları daxildir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi var. Hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.

MTM-lə bağlı fəaliyyət əsasən 3 istiqamətdə aparılır. Məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması, əhali arasında ümumi təbliğat işləri və s. bu fəaliyyətə daxildir. MTM üzrə dərslər 24 rayonda 2335 müəllim tərəfindən 1200 məktəbdə keçirilir. Hazırda bu kurs 52 000 şagirdi əhatə edir və növbəti illərdə də bunun davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycanda Minadan Zərərçəkənlərə Yardım (MZY) Proqramı minadan zərərçəkənlərin cəmiyyətə inteqrasiya olunmalarına yönəlib. Proqram çərçivəsində "Minadan Zərərçəkənlərin Ehtiyaclarının Öyrənilməsi", "Azərbaycan Мinadan Zərərçəkənləri üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri", "Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi", "Minadan zərərçəkmiş insanlara, yaxud onların ailə üzvlərinə xalçaçılıq və dərzilik təlimlərinin verilməsi ilə işə cəlb eləmək" və "Əlil arabalarının paylanması" kimi layihələr həyata keçirilib.

Eyni zamanda, ANAMA beynəlxalq minatəmizləmə təşkilatları, digər milli minatəmizləmə qurumları ilə qarşılıqlı yardım və təcrübə mübadiləsini də uğurla həyata keçirir. 2009-cu ildən başlayaraq ANAMA dövlət proqramına müvafiq olaraq ikitərəfli əlaqələr çərçivəsində Əfqanıstan, Gürcüstan, Tacikistan və Türkiyədən olan mütəxəssislər üçün təlimlər keçirib. Bu sahədə görülən işlər hal-hazırda da davam etdirilir. Belə ki, NATO-nun Gürcüstanda həyata keçirdiyi layihə çərçivəsində ANAMA Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu tərəfindən ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində Gürcüstan hərbçiləri üçün təlimlər həyata keçirir.

2005-ci ildə ANAMA ilə NATO/NAMSA arasında imzalanmış müqaviləyə əsasən "Saloğlu Layihəsi" çərçivəsində icra olunan əməliyyat bu ilin 20 iyun tarixində uğurla başa çatıb.

12 dekabr 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mina təhlükəsilə mübarizə sahəsində xüsusi xidmətlərinə, vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə ANAMA əməkdaşları "Vətən Uğrunda" və "Tərəqqi" medalları ilə təltif edilib.

Qeyd edək ki, indiyə qədər Agentlik tərəfindən 164, 796, 810 kvm ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 661, 983-dır, təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər, Yevlax, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Əməliyyatlarda 480 mütəxəssis və 120 yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə