Əli Əhmədov: “Hər bir siyasi partiya daha çox ictimai dəstək qazanmaq uğrunda düşünməlidir” - MÜNASİBƏT
"Siyasi Partiyalar Haqqında qanun Yeni Azərbaycan Partiyası tərəfindən hazırlanan qanun deyil. Bu qanun layihəsi Milli Məclisə təqdim olunanda onun hansı subyekt tərəfindən göndərildiyi məlum olacaq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov məlumat verib.
İcra katibi bildirib ki, bu problem ətrafında siyasi partiyalar arasında uzun müddətdir diskusiyalar gedir. Onun sözlərinə görə, Azərbaycanda siyasi partiyalar haqqında qanunun təkmilləşdirilməsinə ehtiyac var. Fəaliyyətdə olan qanunun 1992-ci ildə hazırlandığını və onun üzərindən 20 il keçdiyini deyən Ə.Əhmədov vurğulayıb ki, bu müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında. o cümlədən də partiyaların həyatında əhəmiyyətli dəyişikliklər baş verib.
"Bütövlükdə cəmiyyət-partiya münasibətlərində, cəmiyyətin partiyaya baxışlarında ciddi və müsbət dəyişikliklər baş verib. Bunların hamısı Azərbaycanda siyasi partiyaların daha səmərəli şəkildə və qanunauyğun fəaliyyət göstərməsini tələb edir. Belə bir obyektiv zərurət ortaya çıxıb. Bununla əlaqədar olaraq qanunun təkmilləşdirilməsi və yeni qanunun yaradılmasına çox cidi ehtiyac yaranıb. Güman edirəm ki, bu ehtiyacda ödəniləcək", - deyə o əlavə edib.
Partiyaların maliyyələşməsi ilə bağlı məsələyə toxunan partiya rəsmisi qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təmsilçiləri, o cümlədən də özü dəfələrlə bu məsələ ilə bağlı mövqelərini bildiriblər. Burada da müxtəlif formaların olduğunu deyən Ə.Əhmədov bildirib ki, amma ən çox yayılan və reallığı əks etdirməyə əsas yaradan partiyaların parlamentdə təmsil olunması əsasında maliyyə imkanları qazanmasıdır: "Eyni zamanda, başqa məqamlar və nüanslar da ortaya çıxır, onları da nəzərə almaq olar. Amma prinsip etibarı ilə ən geniş yayılmış, düzgün, həm də partiyaların cəmiyyət tərəfindən dəstəklənməsini nəzərdə tutan, həm də bütövlükdə partiyaların inkişafından, onların malik olduğu ictimai dəstəyə uyğun şəkildə kömək göstərmək üçün bu forma ən düzgün formadır. Amma bəzi nüansları da qəbul etmək lazımdır. Gələcəkdə prinsip etibarı ilə siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinə həmin partiyaların dövlət tərəfindən saxlanılması kimi yanlış baxış ortaya qoyulmasın. Bu sadəcə olaraq, dövlət tərəfindən partiyaların müəyyən qədər dəstəklənməsi olmalıdır. Partiyaların ictimai dəstəyi həmin partiyanın fəaliyyət göstərməsi, bütövlükdə seçkilərdə uğur qazanması üçün daha əhəmiyyətli hadisədir. Hesab edirəm ki, hər bir siyasi partiya daha çox ictimai dəstəyi qazanmaq uğrunda düşünməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB