Qabil Hüseynli: “Lavrovun milli mənsubiyyəti Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutmasına imkan verməyəcək”- MÜSAHİBƏ (Səs tv)
- Qabil müəllim bildiyiniz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistandan sonra şənbə günü Azərbaycanda səfərdə oldu. Səfər çərçivəsində Lavrov Ermənistan və Azərbaycan prezidentlərinə Rusiya prezidenti Dmitri Medvedevin məktubunu təqdim etdi. Sizcə, bu məktub Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə imkan yarada bilər?
- Kazan görüşü Rusiyanın reputasiyasına ciddi surətdə təsir etdi. Hətta Medvedev həmin görüşdən sonra, vasitəçilikdən çəkilmək haqqında düşünürdü. Lakin daha sonra Rusiya rəhbərliyi belə qərara gəldi ki, münaqişənin həlli məsələsində Rusiya geri çəkilməli deyil, daha təkidlə irəliyə doğru hərəkət etməli və sülh yaradan proseslərdə yaxından iştirak etməlidir. Yəni, Rusiya bu prosesi öz inhisarından kənara buraxmamağı qərara aldı. Bununla bağlı da, Rusiya rəhbərliyi tərəfindən məktub hazırlanaraq Azərbaycan və Ermənistan rəhbərliklərinə təqdim olundu. Artıq Ermənistan xarici işlər naziri Rusiyada olub, bu həftənin sonu isə Azərbaycan xarici işlər naziri Rusiyaya səfər edəcək. Bu zaman kəsiyində isə Sergey Lavrov Vaşinqtona səfər edərək ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşəcək. Bu məqamda qeyd etməliyəm ki, Hillari Klinton keçən həftə ərzində Ermənistan xarici işlər naziri Edvard Nalbandyana telefon açaraq danışıqların gedişatını müzakirə edib. Hazırda çox fəal və qarışıq "diplomatik karusel" gedir. Bu karuseldə hər dövlət öz siyasi maraqlarını və strateji niyyətlərini reallaşdırmağa çalışır. Hələ ki, biz problemin həllinə obyektiv yanaşmanın şahidi deyilik. Bundan başqa Rusiyanın proseslərin gedişatında əsas məqsədlərindən biri də Ermənistan və Azərbaycan tərəflərinin bundan sonra məsələni silahlı yolla həll etməyəcəklərinə dair öhdəlik daşımağa sövq etməkdir. Yəni, bir növ Azərbaycanı öz torpaqlarını geri qaytarmağın alternativ variantlarından məhrum etmək istəyirlər. Məktubların məzmununa gəldikdə isə, məktublar konfidensaldır və bu haqda hələ ki, mətbuata məlumat verilmir. Lakin təbii ki, artıq məktubların əhatə etdiyi mövzuyla bağlı bir neçə ehtimal mövcuddur. Medvedevin Kazan görüşündəki tələblərinin prezidentlər tərəfindən qəbul olunması üçün təkid və təzyiqlə səy göstərməsi ehtimallar arasında üstünlük təşkil edir. Kazan görüşündə də irəli sürülən müddəalar Azərbaycanın xeyrinə olmadığından demək olar ki, Azərbaycan siyasi rəhbərliyi görüşü yarımçıq tərk etmişdi. Danışıqlar posesi ilə bağlı da təəssüflə qeyd etmək istərdim ki, burada Rusiyanın Ermənistanın tərəfini tutduğu açıq-aşkar ortadadır. Belə ki, müzakirələr zamanı işğal olunmuş torpaqların azad olunması deyil, Dağlıq Qarabağın gələcəyinin necə olacağı məsələləri həmişə ön plana çəkilir. Bütün bunları nəzərə alaraq mən Azərbaycan və Ermənistan rəhbərliyinə təqdim olunmuş bu məktublardan heç bir müsbət nəticə gözləmirəm. Çünki Rusiya Ermənistanı özünün strateji müttəfiqi hesab edir və oradakı hərbi bazanı genişləndirmək məqsədilə mütəmadi olaraq müasir silahlar ötürür. Bundan başqa, Ermənistanın hava, quru sərhədləri və iqtisadiyyatın əsasını təşkil edən bütün zavodları da Rusiya tərəfindən satın alınıb. Yəni, Ermənistan Rusiyanın quberniyasına çevrilib. Belə olan halda da Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə obyektiv yanaşa bilərmi? Təbii ki, yox! Bu qəti mümkün deyil. Məlum məsələdir ki, Rusiya özünün yaratdığı və torpaqlarımızın işğalında birgə iştirak etdiyi dövlətə dəstək olacaq. Ümumiyyətlə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı bu prosesi pozur.
- Qabil müəllim, Lavrovun Vaşinqtonda Hillari Klintonla təşkil olunacaq görüşü məsələsinə toxundunuz. Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi belə anlama gələ bilərmi ki, Rusiya ilə ABŞ münaqişənin həllində eyni maraqları güdürlər?
- Mən düşünmürəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqi normalara uyğun hərəkət edir. Amma əgər müqayisə etsək, görərik ki, ABŞ-ın mövqeyi Rusiyadan hardasa müəyyən qədər fərqlənir. Bu fərq də ondan ibarətdir ki, son vaxtlar ABŞ Azərbaycanın ərazi bütövlüyü məsələsinə daha dəqiqliklə yanaşmağa başlayıb. Azərbaycanla münasibətləri yenidən qurduqdan sonra bu məsələyə diqqəti daha da artırdıqları göz qabağındadır. Həm də onların əsas məqsədləri Ermənistanı Rusiyanın tabeçiliyindən çıxararaq qərbə meylləndirməkdir. Bütün bunları nəzərə alaraq mən Amerikanın hansı mövqeyi sərgiləyəcəyinə çox ehtiyatla yanaşıram. Amma hər halda Lavrov Vaşinqtona yola düşübsə, deməli, Amerikanın mövqeyində ciddi dəyişikliklər var. Yəni, Lavrov Hillari Klintonu Medvedevin irəli sürdüyü təkliflərə inandırmaq və razı salmaq məqsədilə gedib. Deməli, arada hansısa fikir ayrılıqları var ki, Lavrov Vaşinqtona gedib. Əks halda Rusiyanın xarici işlər naziri birdən-birə Dağlıq Qarabağ məsələsinə görə əvvəlcə Ermənistana, sonra Azərbaycana, indi də Vaşinqtona getməzdi. Deməli, rusların çox ciddi strateji maraqları var və bu maraqların önündə əngəl kimi Vaşinqtonu görürlər. Ona görə də, bu əngəli aradan qaldırmağa, ya da ən azından kompromisə getməyə cəhd göstərirlər.
- Lavrovun Bakı səfəri zamanı onun erməni əsilli olması məsələsi mətbuatda qabardıldı və bununla da onun "erməni sevgisi"-nə aid suallar öz cavabını tapmış oldu. Bəs, nəzərə alsaq ki, Lavrov əslində ermənidir, onun bitərəf mövqe sərgiləyəcəyinə ümid bəsləmək nə dərəcədə realdır?
- Təbii
ki, Dağlıq Qarabağ məsələsində Lavrovun bitərəf və ya obyektiv mövqe
sərgiləyəcəyinə inanmaq olduqca çətindir. Əvvəla, mən onun mənşəyi haqda özünün
şəxsi müsahibəsini oxumuşam. Lavrov xarici işlər naziri vəzifəsinə təyin
edildikdən sonra rus mətbuat orqanlarından birinə verdiyi müsahibədə atasının
erməni olduğunu açıq formada etiraf etmiş və erməni olduğundan fəxr duyduğunu
vurğulamışdı. Yəni o, öz mənşəyi haqda danışanda deyir ki, mən fəxr edirəm ki,
mənim genetik mənşəyimin qollarından biri ermənilərə, digər qolu isə böyük rus
xalqına çatır. Bununla demək istəyirəm ki, yəni, Lavrov erməni mənşəli şəxs
olduğunu gizlətmir, hətta bununla fəxr edir. Eyni zamanda ermənilər də öz
mətbuatlarında Lavrovun öz adamları olduğunu yazmaqdan çəkinmirlər. Bütün
bunlar da, istər-istəməz onu erməni xalqına daha da yaxın olmağa sövq edir.
Lavrovun son dövrlərdə xarici siyasətdə ermənipərəst mövqeyini gücləndirməsi,
onun məhz ermənilərə olan sevgisindən deyil, həm də onlarla bilavasitə qohum
olduğundan irəli gələn amillərdən biridir. Yəni, Lavrovun milli mənsubiyyəti
Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutmağa imkan verməyəcək. Xüsusilə də,
onun dövləti də bu məsələdə ermənilərin tərəfindədir. Belə ki, Rusiya üçün önəmli
olan məsələnin həllində strateji maraqlarının qorunub saxlanması, Cənubi
Qafqazdakı maraqlarının təmin edilməsi və nəticə etibarilə bu bölgənin
tamamilə öz asılılığına düşməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB