Vüqar Bəyturan: "Müxalifət liderlərinin qeyri-səmimiliyi birliyin yaranmamasına səbəb olur"

Vüqar Bəyturan: "Müxalifət liderlərinin qeyri-səmimiliyi birliyin yaranmamasına səbəb olur"

Milli Qurtuluş partiyasının sədri Vüqar Bəyturanın SİA-ya müsahibəsi:

- Vüqar bəy, hazırda iqtidar-müxalifət dialoqunun baş tutması ilə bağlı müəyyən təkliflər və fikirlər ortadadır. Sizcə, prosesin ləngiməsinə nə səbəb olur?

- İlk növbədə onu qeyd edim ki, Azərbaycanda dialoq məsələsi çox təssüf olsun ki, siyasi ticarət mahiyyəti daşıyır. Yəni Azərbaycanda müxalifət kimi bizim tərəfimizdən təsbit olunan vaxtilə bir yerdə olduğumuz AXCP (i) və Müsavat qüvvələri belə fikirləşirlər ki, guya onlar aparıcı qüvvələrdir. Bu baxımdan da müxalifətlə iqtidar arasında dialoq olacaqsa, məhz bu qüvvələr arasında bu proses baş tutmalıdır. Amma bu tamamalə səhv bir yanaşmadır. Yəni onların həm qüvvəsi, həm də potensialı o qədər də deyil. Məhz bu səbəbdən də onların müxalifəti Azərbaycanda tam mənada təmsil etmək imkanları məhdud səviyyədədir. Eyni zamanda, onlar beynəlxalq təşkilatlarla da münasibətlərdə özlərini aparıcı müxalifət partiyaları kimi təqdim edirlər ki, guya bunlardan kənarda alternativ siyasi qüvvələ mövcud deyil. Həmçinin iqtidarla dialoq məsələsində belə hesab edirlər ki, iqtidar məhz onlarla dialoqa getməlidir. Biz bir gənc müxalifət partiyası olaraq bu məsələlərə tamamilə fərqli yanaşırıq. Bizim sadəcə olaraq beynəlxalq qrant verən təşkilatlarla əlaqələrimiz bir o qədər də açıq olmadığına görə, onlar tərəfindən birmənalı qəbul olunmuruq. Bu isə tamamilə səhv bir yanaşma olmaqla bərabər xarici təşkilatların Azərbaycanda müxalifəti təyinetmə əməliyyatı kimi qiymətləndirilir. Məhz bu konteksdən çıxış edərək düşünürəm ki, iqtidarla müxalifət arasında dialoq olacaqsa, qeydiyyatdan keçmiş bütün partiyalar həmin dialoqda iştirak etməlidir. Özlərini "ana müxalifət" kimi cəmiyyətə sırımaq istəyən həmin qıvvələr də orada təbii ki, yer almalıdır. Amma onlar iddia etməməlidir ki, Azərbaycan müxalifətini onlar təmsil edir. Çünki Azərbaycanda müxalifətdə olan yetərincə siyasi partiyalar mövcuddur.

- Siyasi partiyaların yenidən qeydiyyatdan keçmə məsələsi gündəmdədir. Siz bir partiya sədri olaraq, bu prosesin hansı istiqamətdə həlli tərəfdarısınız?

- Mən hesab edirəm ki, Azərbaycanda siyasi partiyalar haqqında qanun doğrudan da təkmilləşdirilməlidir. Ola bilsin ki, yeni qanunun qəbuluna da ehtiyac var. Amma bu yeni qanun qəbul olunan zaman, siyasi partiyanın formalaşma konturları, şərtləri ciddi şəkildə sərtləşdirilməməlidir. Çünki siyasi mənsubiyyətin formalaşması, siyasi partiya quruculuq məsələlərində bu və ya digər şərtlərin olması düzgün olmazdı. Amma təbii ki, manipulyasiya faktlarının qarşısını almaq üçün siyasi partiyalar haqqında qanunda dəyişikliklər etmək lazımdır. Burada konkret olaraq maliyyələşmə məsələsini əsas gətirmək olar. Çünki bu günə qədər Azərbaycanda siyasi partiyaların hansı yolla maliyyələşməsini təyin etmək çox çətin olub. Bu da ayrı-ayrı dövlətlərin, xarici kəşfiyyat orqanlarının, təşkilatların bu məsələdə Azərbaycan əleyhinə fəaliyyətlərinə imkanlar yaratmış olur. Dövlət bir struktur olaraq siyasi partiyaların maliyyələşməsinə nəzarət etmək imkanına malikdir. Konkret qurumlar bu işə nəzarət etməlidir ki, siyasi partiyalar kənardan hər hansı qüvvələr tərəfindən maliyyələşdirpilməsin. Onlar ancaq dövlətlə maliyyələşmə məsələsində əməkdaşlıqda olsun ki, Azərbaycanın milli maraqlarından kənara çıxma hallarına rast gəlinməsin. Eyni zamanda, partiyaların maliyyələşmə məsələsində müəyyən kriteriyalar var ki, həmin prinsiplərin də bir çox müddəalarının əsas kimi götürülməsi məqbul olardı.

- İddialara görə, "İctimai Palata"ya alternativ qurum yaratmaq niyyətindəsiniz. Bu nə dərəcədə həqiqətə uyğundur?

- Qeyd edim ki, bu məsələ ilə bağlı müxtəlif partiyalar tərəfindən fərqli təkliflər olub. Bundan əlavə, bizlərin "İctimai Palata"ya alternativ bir qurum yaratmaq istəyimiz də düzgün olmazdı, çünki bu təşkilat artıq özü özlüyündə iflasa uğrayıb. Ona alternativ yaradılacaq bir qurumun da belə bir aqibətlə üzləşməsi qaçılmaz olardı. Amma bütün bunların müqabilində müxalifət yenidən bir araya gəlib, sırf səmimi əsaslar üzrə ümumi birliyin yaranması daha məqbul olardı.

- Birlikdən, əməkdaşlıqdan danışırsınız. Sizcə, müxalifətin birliyinin yaranmamasına nə səbəb olur?

- İlk növbədə, müxalifət liderlərinin qeyri-səmimiliyi birliyin yaranmamasına səbəb olur. Bundan əlavə şəxsi mənafelərinə daha çox üstünlük vermələri, milli maraqları partiya maraqlarından yüksəkdə tuta bilməmələri və s. bu keyfiyyətlər məhz müxalifətin bir yerdə olma tendensiyasını hələ ki, məhv edir. Nə qədər acı olsa da, bu gün müxalifət düşərgəsində özlərini aparıcı qüvvə kimi təqdim edən iki siyasi partiya lideri bir-birinə nifrətlə baxırlar. Bu baxımdan da, onların hər hansı bir birlik əldə etmələri mümkün deyil.

- Siz də bilirsiniz ki, hər zaman müxalifət düşərgəsində müəyyən şəxslər birlikdən və əməkdaşlıqdan dəm vursalar da, bunun əksinə işləyirlər. Bu anlaşılmaz tendensiyanı nə ilə əlaqələndirmək olar?

- Onlar bu cür yanaşmaları ilə ictimai rəyə oynamaq niyyəti güdürlər. Yəni onlar iddia edirlər ki, biz birləşmək istəyirik, birləşdirici qüvvəyik, lakin bu alınmır. Eyni zamanda, onlar buna bir oyun kimi yanaşırlar. Çünki İsa Qəmbərov hesab edir ki, birləşməyə mane olmaq Əli Kərimovun üzərində qalsa, daha yaxşıdır. Əli "bəy" də bunun əksini fikirləşir. Digər üçüncü bir qüvvə də belə hesab edir ki, bu məsuliyyət onların üzərində qalsa, daha yaxşı olar. Ona görə də, belə bir anormal vəziyyət yaranır.

TAPDIQ QURBANLI

Bütün xəbərlər Facebook səhifəmizdə