Əli Əhmədov: “50 milyondan çox azərbaycanlı milli birliyini rəqəmə uyğun səviyyədə ifadə edə bilsə, Azərbaycanın gücü və qüdrəti daha çox artar” - AÇIQLAMA

\"Azərbaycanlılar dünyada hansı ölkədə yaşamasından asılı olmayaraq, nə qədər möhkəm tellərlə bir- birinə bağlansalar, təşkilatı baxımından nə qədər mütəşəkkil olsalar diaspor təşkilatlarımızın gücü o qədər artar və bu güc artımı bütövlükdə Azərbaycanın gücünə müsbət təsir edər\". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əgər dünyada 50 milyondan çox azərbaycanlı milli birliyini rəqəmə uyğun səviyyədə ifadə edə bilsə, hesab edirəm ki, Azərbaycanın indiki olan gücü və qüdrəti daha çox artmış olar: "Gözləntilərimiz ondan ibarətdir ki, bizim diaspor təşkilatlarımız güclənsin. Təşkilatlanmaları, azərbaycanlıların yaşadığı ölkənin ictimai-siyasi həyatında iştirakı genişlənsin. Yaşadıqları ölkələrin vətəndaşı olaraq ölkənin ictimai həyatında yaxından iştirak etməklə azərbaycançılığı təbliğ edə bilsinlər. Eyni zamanda güman edirəm ki, xaricdə yaşayan azərbaycanlılar prezidentimizin çıxışında qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün daha böyük fədakarlıq və səylər göstərəcəklər".

Hakim partiyanın sədr müavini eyni zamanda vurğulayıb ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istənilən üsul və vasitədən faydalanmağa çalışılmaq lazımdır: "Bunu prezidentimiz də bugünki çıxışında xüsusi vurğuladı. Hər bir azərbaycanlı yaşadığı ölkənin həm də vətəndaşıdır. Çox yaxşı olar ki, yaşadığı ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib, dövlət qurumlarında təmsil olunmağa çalışsınlar. Əgər bu imkanlardan istifadə etsələr, onda həmin ölkələrdə Azərbaycanı təbliğ etmək imkanları da genişlənmiş olar. Güman edirəm ki, diasporumuzun imkanları genişlənidikcə, bu istiqamətdə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar fəallaşıb daha böyük nailiyyətlər əldə edəcəklər".

Azərbaycan-Türkiyə diasporunun birgə fəaliyyətinə gəlincə Əli Əhmədov: "Güman edirəm ki, Türkiyə və Azərbaycan diasporu ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi " Bir millət, iki dövlət" formulu əsasında fəaliyyət göstərir. Ona görə də bizim bu işə yanaşmamız ondan ibarətdir ki, Türkiyənin və Azərbaycanın xaricdə olan diasporları bütün məsələlər üzrə birgə fəaliyyət göstərsinlər. Bu birlik əsasında hər iki diasporun gücü artacaq. Əslində, bizim bu məsələyə yanaşmamız ondan ibarətdir ki, bir millətin iki diasporu ola bilməz. İstər o diasporun adı Türkiyə , istər Azərbaycan olsun. Mahiyyətcə bu eyni bir millətin ayrı-ayrı ölkələrdə yaşayan nümayəndələrinin təşkilatlarıdır. Biz məsələyə belə yanaşırıq və sevindirici haldır ki, elə diaspor təşkilatlarımız da belə fəaliyyət göstərirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...