Vladimir Zaxarov: “Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olan aktyorların sayı artmaqdadır”

Vladimir Zaxarov: “Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olan aktyorların sayı artmaqdadır”

"ABŞ İranla müharibəyə başlamaq fikrindən hələ də çəkinməyib. Bu müharibə 2012-ci ilə təyin olunub. Qarabağ ərazisindən isə hərbi əməliyyatlara başlamaq üçün uçuş-eniş zolağı qismində istifadə etmək olar". SİA-nın "Mediamaks"a istinadən verdiyi xəbərə görə, bunu "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə Kazan görüşünün yekunu" mövzusuna həsr olunmuş İrəvan-Moskva videokörpüsü zamanı Qaradəniz-Xəzər Siyasi və Sosial Araşdırmalar İnstitutunun direktoru Vladimir Zaxarov bildirib. O, qeyd edib ki, müharibənin başlanması üçün nəzərdə tutulan vaxt yaxınlaşdıqca amerikalılara təyyarələrin havaya qalxa biləcəyi İrana yaxın ərazinin lazım olduğu daha açıq şəkildə məlum olur: "Təyyarələrin Azərbaycan ərazisindən qalxa bilməyəcəyi həm amerikalılara, həm də azərbaycanlılara məlumdur. Çünki İran xəbərdarlıq edib ki, əgər Azərbaycan ərazisindən bir dənə belə təyyarə İran istiqamətində havaya qalxarsa, Tehran buna adekvat cavab verəcək. Bu səbəbdən ABŞ öz tərəfdaşını razılaşmalara əsasən toxunulmazlıq və təhlükəsizlik şəraitində saxlamalıdır. Eyni zamanda ABŞ-a müharibə ona görə lazımdır ki, öz sülhməramlılarını əraziyə yerləşdirə bilsin. Çünki müharibə qısa müddətdə baş verəcək ".

Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Kazan şəhərində baş tutan üçtərəfli görüşə münasibət bildirən institut direktoru: "Yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün olmayacaq. Çünki münaqişənin həllində maraqlı olan aktyorların sayı artmaqdadır",- deyə, bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə