Azərbaycanlı politoloqlar Kazan görüşünə münasibət bildirdilər

Azərbaycanlı politoloqlar Kazan görüşünə münasibət bildirdilər

Sabah Rusiyanın Kazan şəhərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində prezident Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarksiyan arasında görüş olacaq. SİA-ya görüşdən hansı nəticələrin əldə olunacağına dair fikirləri öyrənmək üçün azərbaycanlı politoloqlarla həmsöhbət olub.

Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev bildirib ki, prezidentlərin növbəti görüşü başlanmamış artıq rəsmi İrəvan öz fitnəkarlığını ortaya qoyub. O, qeyd edib ki, görüşdə müsbət nəticələrin əldə olunması sual altındadır, buna səbəb Ermənistanın yenə də ikiüzlü siyasətə keçməsidir: "Serj Sarkisyan və Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına güvənərək müxtəlif bəyanatlar verirlər. Bütün bunların arxasında yeni erməni xisləti, ikiüzlülüyü dayanır. Mən inanmıram ki, Kazandakı görüşdə hansısa bir razılıq əldə olunsun. Həştərxan görüşünü çıxmaq şərti ilə 2008-ci ildən bu günə qədər baş tutan üçtərəfli görüşlərdə heç bir siyasi nəticə əldə olunmayıb. Bu görüşdə də müsbət nəticə olacağı sual altındadır. Çünki Ermənistan yenə ikiüzlü siyasətə keçib. Amma Azərbaycan prezidenti İlham Əliyev peşəkar diplomatdır və özü bilir ki, bu sülh danışıqlarından biz yox birinci ermənilər imtina etməlidir. Artıq ermənilər bu məqama yetişiblər. Çünki onların qaçmağa yeri qalmayıb"

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu SİA-ya açıqlamasında bildirib ki, Prezidentlərin Kazan görüşü danışıqlarda sonuncu ola bilər: \"İyunun 25-də Kazan şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüş zamanı münaqişənin ya sülh yolu ilə həlli ilə bağlı sənəd imzalanacaq, ya da müharibənin başlamasına dair mövqe ortaya qoyulacaq. Çünki Azərbaycan öz hərbi imkanlarını gücləndirilməsinə külli miqdarda vəsait sərf edir. Bu, əbəs yerə deyil. Eyni zamanda Kazan görüşü münaqişənin həlli istiqamətində həlledici mərhələdir. Belə ki, bu görüşdən sonra ya Rusiya tərkibində separatizmə rəvac veriləcək, ya da MDB-də separatizm problemləri tamamilə həll olunacaq".

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli isə iyun ayının 25-də Rusiyanın Kazan şəhərində keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə nikbin baxıb: "Geridə qalan 8 görüşlərindən fərqli olaraq, ölkə rəhbərlərinin Kazan görüşündən müsbət nəticələr gözləmək mümkündür. Çünki əgər əvvəllər ABŞ Dağlıq Qarabağ probleminin taleyini təkbaşına Rusiyanın ümidinə buraxmışdısa, özü bu prosesdə qeyri-fəal iştirak edirdisə, artıq bu gün Amerika prosesə ciddi müdaxilə etməyə başlayıb. Biz bunun şahidi olmaqdayıq. Həmçinin, həmsədrlərin Vaşinqtona Hillari Klintonla görüşə getməsi də bu prosesdə ABŞ-ın maraqlı olmasını göstərir. Hətta, bu yaxınlarda keçiriləcək "Böyük səkkizlər"in görüşündə də Dağlıq Qarabağa dair yeni stimulverici bəyanatın verilməsi gözlənilir. Eyni zamanda həmsədr dövlətlərin prezidentlərinin görüşündə bu məsələnin müzakirə edilməsi gözlənilir".

Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə isə Kazan görüşündən ciddi nəticə gözləmədiyini vurğulayıb. Z. Əlizadə deyir ki, prezidentlərin növbəti görüşündə heç bir ciddi sənəd imzalana bilməz: \"Ola bilsin ki, hansısa bir görüntü yaratdılar. Bu, Rusiya üçün lazımdır ki, göstərsin ki, ciddi işləyir, yəni görüşlər səmərəsiz deyil. Bəyan edəcəklər ki, nəsə oldu. Hesab edirəm ki, tərəflərin mövqeləri bir-birinə ziddir. Bu şəraitdə yeni ideyalar görünmür".

Elxan Şahinoğlu

Analitik Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Prezidentlərin Kazan görüşü digərlərindən fərqlənəcək: "Düşünürəm ki, bu görüş digərlərindən fərqlənəcək və onun nəticələri nizamlanma prosesində müsbət dəyişikliklərlə müşahidə olunacaq. Çünki növbəti iki ildə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək. Bir qayda olaraq, belə dövrlərdə heç bir dövlətdə münaqişələrin həlli məsələsində ciddi dəyişikliklər baş vermir"

Politoloq Cənubi Qafqazda mövcud olan siyasi proseslərin fonunda regionda vacib olan Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini vurğulayıb: "Regionda mövcud olan problemlərin həlli gecikdirilir, ən təhlükəlisi isə onların tam həllinə doğru qəti addımların atılmamasıdır. Buna görə də regionda cərəyan edən proseslərin son nəticələrinə dair proqnoz vermək çətindir. Xüsusilə, indi, dünyadakı vəziyyətin kifayət qədər qeyri-sabit olduğu dövrdə".

Bütün xəbərlər Facebook səhifəmizdə