Müasir dünyamızı "İnternet dövrü" adlandırsaq yanılmarıq. SİA-nın xəbərinə görə, bu gün virtual dünyanın imkanlarından hər kəs yararlanır. Bu baxımdan ölkəmizdə İnternet istifadəçilərinin günbəgün artması, başqa tərəfdənsə informasiyanın oxucuya daha operativ çatdırılması baxımından elektron KİV-lər əvəzedilməzdir.
İndi Azərbaycanda kifayət qədər portallar, saytlar mövcuddur. Demək olar ki, bütün sahələri əhatə edən: mədəni, iqtisadi, siyasi, sosial, əyləncəli, idman, bioqrafik və b. məzmunlu saytlar var. Ancaq bizdə yalnız fotolardan ibarət sayt hələlik yaradılmayıb, halbuki belə bir sayta böyük ehtiyac var.
Qonşu ölkələrdə müxtəlif istiqamətli bir neçə fotobank olduğundan, yaxud dövlət foto
arxivlərinin materialları İnternetə qoyulduğundan (bunların, demək olar ki, hamısı kommersiya məqsədi daşıyır) həm istifadəçilərin ehtiyacı müəyyən dərəcədə ödənilir, həm də onların istifadəçilərlə işləmək sahəsində yetərincə təcrübəsi yaranıb. Azərbaycanın informasiya məkanındakı bu boşluğu doldurmağa çalışan bir neçə gənc kommersiya məqsədi daşımayan Fotobank.az adlı yeni sayt yaratmaq qərarına gəlib. Sayt hər şeydən öncə, müxtəlif elm sahələri üzrə araşdırıcılara, çeşidli informasiya qaynaqlarımıza və sadə yurddaşlarımıza fotolarla yardımçı olmaq niyyətindədir. Bu fotoların əksəriyyətini bu saytdan başqa ikinci bir qaynaqdan tapmaq qeyri-mümkündür. Yenicə fəaliyyətə başlayan saytda hazırda 5000-dən artıq foto yer alır.
Sayt bu gün 4 başlıca qaynağın materialları üzərində qurulub. Belə ki, Fotobank.az-da Nərmin Tahirzadə’nin arxivi, Ədalət Tahirzadə və Əlyazmalar İnstitutu’nun foto arxivləri və özülü hələ yenicə qoyulmuş "Özəl əski ailə fotoları" yerləşdirilib.
Nərmin Tahirzadənin foto arxivində Azərbaycanın təhsil tarixi ilə bağlı maraqlı və nadir materiallar cəmləşib. Bu arxivdə həm fotolar, həm də alimin vaxtilə Moskva və Sankt-Peterburq arxivlərindən götürdüyü bir çox arxiv sənədlərinin surətləri vardır. Bu materiallar indi araşdırıcılarımız üçün olduqca qiymətli qaynaqdır. İstifadəçilərin işini yüngülləşdirmək üçün arxiv materiallarının götürüldüyü yer də dəqiqliklə göstərilib.
Ədalət Tahirzadə isə uzun illər boyunca özəlliklə Azərbaycanın unudulmuş insanları haqqında zəngin foto kolleksiyası yaradıb. Bəllidir ki, Vətənimiz xüsusən rus işğalına uğradığı son 200 illik dönəmdə xalqımızın milli iftixarı ola biləcək iri torpaq yiyələri olduqca nüfuzlu ruhaniəri, imkanlı tacirləri və millətin maariflənməsi yolunda hər şeyini fəda etməyə hazır olan qabaqcıl ziyalıları bir neçə onillik aralarla dəfələrlə kütləvi şəkildə qəsdən məhv edilib. Ə.Tahirzadə məhz belə fotolar sayıtda yığılıb. O, yaratdığı nadir kolleksiyaya Türk Dünyası və Türkiyə, eləcə də Azərbaycanın şəhərləri haqqında şəkillər də əlavə edilib.
Əlyazmalar İnstitutunun foto arxivi də olduqca dəyərlidir. Vaxtilə Böyük Salman Mümtazın (1884-1941) toplamağa başladığı nadir fotolar ayrı-ayrı görkəmli ədəbiyyat və incəsənət xadimlərimizin bu institutda saxlanılan şəxsi fondlarındakı fotolarla daha da zənginləşib. Xatırladaq ki, hər üç qaynaqdakı fotolar peşəkar araşdırıcıların əlindən çıxdığına görə onların tarixləri və şəkillərdə təsvir olunan insanların kimliyi mümkün olduğu qədər müəyyənləşdirilib. Bu baxımdan Fotobank.az saytı ən mötəbər qaynaq sayıla bilər.
"Özəl əski ailə fotoları" adlı bölümdə hər bir istifadəçi öz ailəsində uzun illərdən bəri qorunub saxlanmış əski fotoları yerləşdirə bilər. Bütün Azərbaycanda (həm Güney, həm də Quzey Azərbaycanda), eləcə də xarici ölkələrdə yaşayan soydaşlarımızda on minlərcə belə foto olduğuna görə tezliklə saytın ən mühüm qollarından birini məhz bu bölümün təşkil edəcəyinə inanırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB