ATB-nin İdarə Heyətinin sədri Tələbə birliklərinin beynəlxalq forumunda iştirak edib

ATB-nin İdarə Heyətinin sədri Tələbə birliklərinin beynəlxalq forumunda iştirak edib

Azərbaycan Tələbələr Birliyinin (ATB) İdarə Heyətinin sədri Anar Süleymanov Gürcüstandan beynəlxalq tədbirdən qayıdıb. ATB-dən SİA-ya verilən xəbərə görə, Tiflis Dövlət Universitetinin tələbə birliyinin təşkilatçılığı ilə baş tutan tədbirə Avropanın 13 ölkəsindən universitetlərin tələbə təşkilatlarının nümayəndələri, milli tələbələr birlikləri nümayəndələri, həmçinin, Avropa Tələbələr Birliyinin rəhbərliyi də qatılıb.

Forum çərçivəsində tələbə birlikləri ilə bağlı bir çox məsələlər müzakirə edilib. Tədbirdə Anar Süleymovun Azərbaycan Tələbələr Birliyi haqda təqdimatı da olub. Müzakirələrdən əlavə olaraq Tiflis Dövlət Universitetinin rektoru, Gürcüstan Respublikası gənclər və idman naziri kimi rəsmilərlə də görüşlər keçirilib.

Anar Süleymanov Forum çərçivəsində Avropa Tələbələr Birliyinin sədri, Gürcüstandakı bir çox tələbə birliklərinin nümayəndələri ilə birbaşa danışıqlar aparmaq imkanı əldə edib. Gürcüstan tələbə birlikləri nümayəndələri ilə keçirilən görüşlərdə daha çox regional tərəfdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan Tələbələr Birliyi Gürcüstan, Rusiya, Türkiyə və digər qonşu ölkələr də daxil olmaqla bir çox Avropa ölkəsinin universitetləri və milli tələbələr birlikləri ilə sıx əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə