Bahar Muradova: “Müxalifəti sona qədər sıradan çıxarmaq fikrimiz yoxdur” - AÇIQLAMA

Bahar Muradova: “Müxalifəti sona qədər sıradan çıxarmaq fikrimiz yoxdur” - AÇIQLAMA

"Azərbaycanın həqiqi mənada müstəqilliyi Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra-15 İyun Milli Qurtuluş Günündən başlayır. 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin əldə olunması, bu müstəqilliyin daimiliyinin və əbədiliyinin təmin olunmasında başlanğıc nöqtə sayılır". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Azərbaycan dünyaya yalnız həmin gündən sonra özünü müstəqil dövlət kimi təqdim edə bildi. Onun sözlərinə görə, bu müstəqil dövləti təmsil edən bir şəxsiyyət olaraq Heydər Əliyev bütün dünya dövlətlərinə göstərə və sübut edə bildi ki, Azərbaycanın müstəqilliyi daimidir. Bu gün Azərbaycan həm dünyada, həm regionda nüfuzu ilə fərqlənən dövlətdir. Biz artıq inkişaf etmiş ölkələr sırasına qoşulmaq prosesindəyik.

Vitse-spiker qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyətinin 10 ili ərzində məhz ən başlıca vəzifələr yerinə yetirilib. Məhz bu zaman kəsiyində Azərbaycan dövləti öz müstəqilliyini tam mənada bərpa etdi, Azərbaycanın güclü ordusu formalaşdı, Azərbaycanın bütün iqtisadi imkanları səfərbər olundu və həyata keçirilən iqtisadi layihələr ölkəmizi bir çox böyük dövlətlərin yaxın tərəfdaşına çevirdi və ölkəmiz bu layihələrin nəinki iştirakçısı, hətta təşkilatçısı oldu.

B.Muradovanın sözlərinə görə, nə qədər çətin osla da Ulu öndər Heydər Əliyev bu işlərin öhdəsindən gəldi: "Bunun nəticəsidir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi, Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsində əksini tapan ideoloji və siyasi kurs Azərbaycan xalqı tərəfindən birmənalı olaraq qəbul və müdafiə olunur. Bu gün də xalq bu siyasi kursa inanır və bu da Azərbaycanın uğurlarında böyük əhəmiyyət daşıyır".

B. Muradova həmçinin müxalifət qüvvələrinin maraqlarının hərdən xaricdəki bəzi çevrələrin maraqları ilə üst-üstə düşdüyünü bildirib: "Bunu da guya "beynəlxalq dəstək" kimi qələmə verməyə çalışırlar. Bəli, həmin müxaliflərin Azərbaycanı istəməyən xarici dairələrlə bəzi məqamlarda maraqları və fikirləri üst-üstə düşür. Amma bu, onların fikirlərinin doğruluğunu yox, ölkəmizə qarşı qəsdlərin hələ də qaldığını sübut edir. Çünki xalq artıq əminliklə qət edib ki, Azərbaycanın yeganə uğurlu inkişafı Heydər Əliyev yolu ilə bağlıdır. Bu gün hər kəs əmindir ki, bu siyasətin alternativi yoxdur. Baxmayaraq ki, bu yola alternativ görə bilən insanların bəziləri hələ də meydanda qalmaqdadır. Amma bu da Azərbaycandakı demokratik ab-havanın nəticəsidir. Gücün çatmadığı işin qulpundan yapışmaq 1992-93-cü illərdəki hadisələrə gətirib çıxarır. Azərbaycan isə nə daxildəki bəzi qruplar üçün, nə də ölkəmizin inkişafını istəməyən xarici qüvvələr üçün eksperiment meydanıdır".

B. Muradova heç nədən qorxmadıqlarını və kimlərinsə fəaliyyətini məhdudlaşdırmaq siyasəti yürütmədiklərini deyib: "Onsuz da bizim siyasətimiz genişləndikcə onların fəaliyyəti məhdudlaşır. Bizim onları sona qədər sıradan çıxarmaq kimi bir fikrimiz və qəsdimiz də yoxdur. Hətta bəzən zaman-zaman bizi bunda ittiham edənlər tapılır. Amma bu sadəcə sözdür. Həmin dairələrin vaxtilə törətdiklərinə, bütün bu illər ərzində Azərbaycan xalqının inkişafına mane olmaq istədiklərinə, xarici faktorlara istinad edərək Azərbaycan dövlətini öz yolundan döndərmək istəmələrinə baxmayaraq, biz onlarla düşmənçilik aparmırıq. Azərbaycanın inkişafı bundan sonra da davam edəcək, bizim uğurlarımız davamlı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə