Boris Tadiç: “Serbiya və Azərbaycan bu gün eyni vəzifələr və məsələlər qarşısındadır” - MÜNASİBƏT

Boris Tadiç: “Serbiya və Azərbaycan bu gün eyni vəzifələr və məsələlər qarşısındadır” - MÜNASİBƏT

Serbiya və Azərbaycan bu gün eyni vəzifələr və məsələlər qarşısındadır. Ölkələrimiz arasında oxşarlıqlar da vardır. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan və Serbiya prezidentlərinin keçirdikləri mətbuat konfransı zamanı Boris Tadiç deyib.

"Söhbət burada Dağlıq Qarabağ və Kosovo məsələlərindən gedir. Serbiya Respublikası Azərbaycanın hər hansı bir hissəyə bölünməsinin tərəfdarı deyil, qətiyyən bu fikirdə deyil və Azərbaycanı BMT-nin üzvü kimi öz ərazi bütövlüyü çərçivəsində tanıyır. Əslində bu, bizim mətbuat konfransında bəyanatımızın əsas hissəsidir. Mən, eyni zamanda, cənab Prezidentə təşəkkürümü bildirdim. Cənab Prezidentin Kosovo məsələsində tutduğu mövqe ilə bağlı təşəkkürümü bildirdim", - deyə Tadiç əlavə edib.
Prezident qeyd edib ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyünü və Serbiya isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu prinsiplər hesab edirik ki, beynəlxalq hüququn vacib, təməl prinsipləridir. Əslində bu, ölkələrimiz üçün də çox mühüm bir məsələdir.
Biz, eyni zamanda, bir çox digər sahələrdə əməkdaşlığımızı müzakirə etdik. Biz bu gün müxtəlif sahələrə aid sənədləri imzaladıq. Lakin hesab edirik ki, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığımızı daha da dərinləşdirməliyik. Azərbaycan bu gün böyük həcmdə neft və qaz hasil edir. Azərbaycanın bu sahədə mövqeləri qlobal səviyyədə güclənir və Azərbaycan böyük layihələrə imza atır.
Əslində Gürcüstan, Rumıniya və Azərbaycan bir mühüm layihə üzərində işləyir. Çox ümid edirik ki, Macarıstan da bu yaxınlarda həmin layihəyə qoşulacaq və bu, böyük bir qaz layihəsi olacaqdır. Ümid edirəm ki, bir neçə il sonra bu, artıq reallığa çevriləcəkdir. Serbiyanın bu məsələdə strateji maraqları vardır. Serbiya bu layihəyə qoşulmaq istəyir və cənab Prezidentlə mən bu məsələni müzakirə etdik. İndi bir daha iradəmizi bildirdik ki, biz bu layihəyə qoşulmaq istəyirik. Serbiya qaz təchizatını şaxələndirmək fikrindədir və Azərbaycan əslində bizim çox gözəl, perspektivli tərəfdaşlarımızdan biridir.
Serbiya prezidenti bildirib ki, görüş zamanı energetika, tikinti, terminallar, sıxılmış maye qaz sahələrini nəzərdən keçirdik. Biz hesab edirik ki, qazın saxlanılması anbarlarının tikintisində əməkdaşlıq edə bilərik. Əslində bu, regionumuz üçün çox vacibdir, xüsusən də qış mövsümündə. Hesab edirik ki, Azərbaycanla xüsusi əməkdaşlığımız olmalıdır. Çünki biz görürük ki, bütün dünyada enerji problemləri üzə çıxır. Nüvə enerjisi ilə bağlı bəzi qəzalar baş verir. Buna görə də, ümumiyyətlə, Avropa üçün daha çox qaz vacibdir, nəinki nüvə enerjisi. Biz belə hesab edirik.
Azərbaycan infrastrukturunu inkişaf etdirir və bu baxımdan gələcəkdə bir çox imkanlar vardır. Bunu nəzərə alaraq belə bir fikrə gəldik ki, Azərbaycan şirkəti ilə birgə bizim şirkətlər Serbiyada dəmir yolu xəttinin tikintisi ilə məşğul olsunlar. Bizim, ümumiyyətlə, fikrimiz var ki, Çindən Xəzər dənizi regionu vasitəsilə, Azərbaycan vasitəsilə Avropaya belə bir ümumi çıxış, marşrut təmin edilsin. Biz bilirik ki, Balkan regionu olduqca böyük strateji əhəmiyyətə malikdir. Azərbaycan isə Qafqaz regionunda strateji əhəmiyyətə malikdir. Hesab edirik ki, Çin və Avropa ilə birbaşa əlaqələr yaradılsa, bu, daha qlobal əhəmiyyətə malik ola bilər.
Biz, eyni zamanda, səhiyyə sahəsinə də toxunduq. Biz müdafiə sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Əslində elə bir iqtisadi sahə qalmadı ki, biz onu nəzərdən keçirməyək. Biz bu danışıqlarımızdan çox məmnunuq. Biz imzalanmış sənədlərdən olduqca şadıq. Hökumətlərimiz arasında bu addımlar artıq atıldı. Hesab edirik ki, bu anlaşma çox gözəldir. Atdığımız bu addımlar hətta bizi onilliklərə doğru aparan bir addımlardır. Azərbaycan ilə Serbiya arasında xüsusi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə