Asəf Hacıyev: “Türkiyənin ATƏT-in Minsk qrupunun tərkibinə daxil edilməsi münaqişənin həlli üçün müsbət nəticələr verə bilər”- MÜSAHİBƏ (SƏS TV)

Asəf Hacıyev: “Türkiyənin ATƏT-in Minsk qrupunun tərkibinə daxil edilməsi münaqişənin həlli üçün müsbət nəticələr verə bilər”- MÜSAHİBƏ (SƏS TV)

Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Asəf Hacıyevin SəsTV-yə müsahibəsi:

- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ilə Azərbaycan arasında əlaqələr hansı səviyyədədir və bu əlaqələrin inkişaf etməsi üçün imkanlar nə dərəcədədir?

- Onu qeyd edim ki, Azərbaycanın Milli Məclisinin QDİƏT-nın Parlament Assambleyasında nümayəndə heyəti var. Bu təşkilat sırf iqtisadi təşkilatdır. Onun nizamnaməsinə uyğun olaraq orada heç bir münaqişələr müzakirə və heç bir qərarlar qəbul oluna bilıməz. Ancaq bu o demək deyil ki, biz çıxışlarımız zamanı Azərbaycan üçün önəmli olan Dağlıq Qarabağ probleminə toxunmuruq. Təbii ki, müxtəlif dolayı yollarla bu məsələyə toxunuruq. Söhbət əgər iqtisadi inkişafdan gedirsə, o zaman qeyd edirik ki, Dağlıq Qarabağ probleminin olması Azərbaycanın iqtisadiyyatının inkişafına mənfi təsir göstərir. Azərbaycanın siyasəti də ondan ibarətdir ki, nə qədər ki, Ermənistan Azərbaycanın işğal olunan torpaqlarından çəkilməyəcək, Azərbaycan Ermənistanla heç bir iqtisadi əlaqələr yaratmayacaq. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclaslarında Ermənistan tərəfi dəfələrlə cəhd edib ki, Azərbaycanla hansısa iqtisadi əlaqələr qursun. Ancaq bizim cavabımız qəti olub ki, nə qədər ki torpaqlarımız işğal altındadır, o zamana qədər də heç bir iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməz. Bu fikir hər zaman prezident İlham Əliyev çıxışlarında da səslənib.

- QDİƏT-də Azərbaycanın milli və dövlət maraqları xüsusilə də Dağlıq Qarabağ problemi hansı səviyyədə gündəmə gətirilir?

- Azərbaycan bu təşkilatda kiçik dövlətlər siyahısında olsa da ölkəmizin orada 5 nümayəndə üzvü var. Bu rəqəm yaxşı göstəricidir. Çünki ən az nümayəndə üzvü Ermənistan, Moldova və Albaniyadadır. Bütün bunlara baxmayaraq, deyə bilərəm ki, orada Azərbaycan ən aparıcı ölkələrdən biridir. O mənada ki, bizim məsələmiz assambleyanın iclasında hər zaman öz əksini tapır. Digər tərəfdən də bir çox təşkilati məsələlər həll olunduqda ilk növbədə Azərbaycan öyrənilir. Bu da onunla bağlı deyil ki, Azərbaycan tək qaz və ya neft ölkəsidir. Əsas məsələ odur ki, Azərbaycan iqtisadi baxımdan yüksək sürətlə inkişaf edir. Azərbaycan bu sürətlə artıq bir çox inkişaf edən ölkələri geridə qoyub. Bu baxımdan da digər ölkələrdə hər zaman Azərbaycana maraq göstərir. Digər tərəfdən də Azərbaycanın daxilində yaranan vəziyyət stabillik, tolerantlıq və demokratiyanın inkişafı digər ölkələri buraya cəlb edir. Məhz bunlara görə də hazırda Azərbaycan bu təşkilatda aparıcı ölkələrdən biridir.

- Bildiyimiz kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həll olunması prosesi 20 ilə yaxındır ki yubanır. Sizcə Minsk qrupunun formatının dəyişməsi üçün zəruri addımlar atılmasına ehtiyac varmı?

- Bu məsələnin 2 tərəfi var. Belə ki, artıq 20 ildir ki, bu problem həll olunmur. Buna görə də ehtiyac yaranır ki, qurumun tərkibinə yeni ölkələr daxil olsun. Bəlkə o zaman bu təşkilatın işinə təkan ola bilər. Təşkilata yeni ölkələrin daxil edilməsi məsələyə müsbət təsirini göstərə bilər. Hesab edirəm ki, Türkiyənin təşkilata daxil edilməsi çox müsbət nəticələr verə bilər, çünki bu dövlət regionda aparıcı bir qüvvədir. Türkiyə inkişaf edən böyük bir dövlətdir. Ermənistan Türkiyə ilə olan sərhədlərin açılmasında çox maraqlıdır. Bu da ondan xəbər verir ki, Ermənistanın iqtisadiyyatı çox ağır vəziyyətdədir. Təbii ki, Ermənistan Türkiyənin bu təşkilata daxil olunmasının əleyhinədir. Çünki Türkiyənin oraya daxil olması bir çox məsələləri aşkara çıxardacaq. Ermənistan Türkiyə ilə zamanında olan həll olunmayan problemləri əsas gətirərək bu məsələnin əleyhinədir. Ermənistan Türkiyənin sərhədlərini tanımır. Ermənilər həqiqətlərə uyğun olmayan müxtəlif tarixi hadisələrə öz bildikləri şərhi verirlər. Əgər Ermənistan Türkiyənin sərhədlərini tanımırsa, o zaman hansı sərhədlərin açılmasından söhbət gedə bilər? Ermənistanda artıq 100 minə yaxın insan ölkəni tərk edir. Maraqlısı da odur ki, belə bir qeyri- demokratik ölkəyə qarşı heç bir ölkə səsini qaldırmır. Digər tərəfdən də bunun bir sıra mənfi tərəfləri var. Belə ki, təşkilata yeni ölkələrin daxil edilməsi ola bilsin ki, hər şey sıfırdan başlatsın. Düşünürəm ki, müsbət faktorlar mənfi faktorlara nisbətən daha çoxdur. Azərbaycan beynəlxalq aləmə inteqrasiya olunur. Azərbaycanın işğal olunan əraziləri geri qaytarılmalıdır. Biz bunu dünyadan tələb etməliyik.

- ATƏT-in həmsədrlərinin regiona səfəri Kazanda nəzərdə tutulan görüşə hazırlıq xarakteri daşıyırmı?

- Hər bir görüşü müsbət qəbul etmək və müsbət nəticələri gözləmək lazımdır. Bütün bunlara baxmayaraq, düşünmürəm ki, Kazanda keçiriləcək görüşdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliləyişlərə səbəb olsun. İlk növbədə bu onunla bağlıdır ki, Ermənistanda bu yaxınlarda prezident seçkiləri keçiriləcək. Təbii ki, Serj Sarkisyan da bu seçkilərdə iştirak edəcək və onun daxili siyasəti üçün qəti şəkildə Dağlıq Qarabağ məsələsinə sərt fikirlər söylənilməlidir. Buna görə də görüşlərdə Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində heç bir düzəliş gözləmirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə