Vladimir Doroxin: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün şanslardan istifadə edəcək”

Vladimir Doroxin: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün şanslardan istifadə edəcək”

"Cari ilin beş ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 70 faiz artıb. Bu zəmində biz yüksək səviyyəli görüşlərin davam etdirilməsini gözləyirik. Rusiya qeyri-neft sektorunda Azərbaycanın vacib iqtisadi-ticarət tərəfdaşı olaraq qalır". SİA-nın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin 12 iyun – Rusiya Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ilin sonuna kimi ölkələr arasında ticarət dövriyyəsinin rekord səviyyəyə çatdırılması nəzərdə tutulub: "Bu gün Rusiya-Azərbaycan münasibətləri haqqında inamla, hətta qürurla danışmaq olar. O qədər də sadə olmayan bir nöqtədən başlayaraq biz bu gün strateji tərəfdaşlıq adlandırılan səviyyəyə qalxa bildik. Bu münasibətlərin əsasını qarşılıqlı hörmət, bir-birinin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sözsüz qəbul etmək dayanır".

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etdiyini vurğulayan səfir bildirib ki, rəsmi Moskvanın göstərdiyi səylər nəticəsində hazırda beynəlxalq aləmdə münaqişənin həllində razılıq əldə edilməsi istiqamətində ciddi irəliləyiş əldə olunub: "Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həlli üçün aktiv səy göstərir.

Danışıqların detallarını açıqlaya bilmərəm, amma biz "Rusiya vasitəçi kimi əlindən gələn hər şeyi edir" dedikdə, yalan demirik. Beynəlxalq birliyin səyləri nəticəsində ciddi razılaşmalar əldə etmək şansı var və Rusiya bütün şanslardan istifadə edəcək ki, münaqişə öz həllini tapsın. Bildiyiniz kimi, həmsədr ölkələrdən yalnız Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları ən yüksək səviyyədə aparır. Danışıqlarda bizi məyus edən məqamlar olub, hazırda isə ümid anıdır. Danışıqlar gedir, həmsədrlər hazırda regiondadır, iyunun 11-də hər üç ölkənin nazirləri görüşəcək, ayın sonunda prezidentlərin görüşü nəzərdə tutulur. Əvvəlcədən təxmin etmək istəməzdim, amma bütün bunlar münaqişənin tezliklə nizamlanacağına dair ümidləri artırır".

Vladimir Doroxin həmçinin Qəbələ RLS-nin fəaliyyət müddətinin uzadılması və iki ölkə arasında hərbi-texniki əməkdaşlığın səviyyəsini də şərh edib: "Qəbələdəki "Daryal" analitik-informasiya mərkəzinin istismar şərtləri və icarəsinə dair sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır. Sazişin şərtlərinə əməl olunur, Qəbələ RLS tam şəkildə Rusiya Federasiyasının maraqlarına uyğun məqsədləri yerinə yetirir. Ümid edirəm ki, bu məqsədlər digər ölkələrin, o cümlədən Azərbaycanın da maraqlarına uyğundur. Rusiyanın imzalanan sazişin reallaşması üçün Azərbaycanla normal və məhsuldar əməkdaşlıq edir. Buraya həmçinin Rusiya hərbçilərinə öz vəzifələrini yerinə yetirmək üçün müvafiq şəraitin yaradılması da daxildir. Bu məsələ ilə bağlı yenidən açıqlama vermək zərurəti yaransa, biz bu açıqlamanı verəcəyik. Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın səviyyəsinə gəlincə bildirmək istərdim ki, Rusiya əməkdaşlığın səviyyəsindən razıdır. Qeyd etmək istəyirəm ki, bu əməkdaşlıq beynəlxalq hüququn bütün tələblərinə uyğun həyata keçirilir. Buraya silah alqı-satqısına dair razılaşdırılmış hesabat formalarının hazırlanması da daxildir. Biz bu hesabatı hər il dərc edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə