Əhməd Davudoğlu: “Kazan görüşündən müsbət addımlar gözləyirik”

Əhməd Davudoğlu: “Kazan görüşündən müsbət addımlar gözləyirik”
"Böyük səkkizlik" ölkələri və ATƏT-in Minsk qrupunun bəyanatları Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesini sürətləndirəcək. SİA-nın "Doğan" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İtaliyanın birləşməsinin 150 illiyi və Respublika Günü münasibətilə Romada keçirilən tədbirlərdə Türkiyəni təmsil edən xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyənin Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiyanın Kazan şəhərində keçiriləcək görüşlə bağlı müsbət gözləntiləri var: "İnşallah, Kazan görüşündən müsbət addımlar gözləyirik".
Qeyd edək ki, Romada keçirilən tədbirlərdə Türkiyəni təmsil edən xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla görüşüb. Davudoğlu prezidentlərlə qısa söhbət edib.

Azərbaycan prezidenti İlham Əliyevlə görüşünə münasibət bildirən Ə. Davudoğlu qeyd edib ki: "Mən cənab İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçiriləcək görüşlə bağlı həm qətiyyətini, həm də perspektivə daha optimist baxmasını müşahidə etməkdən sevinc hissi duydum".

Eyni zamanda Davudoğlu Sarkisyanla nümayəndə heyəti üçün nəzərdə tutulmuş avtobusda qısa söhbət edib. Onların nədən danışdıqları açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə