“19–20 sentyabr Zəfəri Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır” -ŞƏRH
”19–20 sentyabr 2023-cü il Azərbaycan tarixində Qarabağ münaqişəsinin hərbi-siyasi nəticələrinin tamamlandığı və dövlət suverenliyinin tam bərpa olunduğu dönüş nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyır”.
SİA xəbər verir ki, bunu politoloq Tural İsmayılov açıqlamasında deyib.
Onun sözlərinə görə, 19 sentyabrda başlayan və qısa müddətdə başa çatan hərbi əməliyyat nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət hakimiyyətini tam şəkildə bərpa etdi:
”Bu hadisə 30 ildən artıq davam edən münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi kontekstində son mərhələsini formalaşdırdı.
Bu hadisənin mahiyyətini yalnız hərbi əməliyyat çərçivəsində izah etmək doğru olmaz. 2020-ci il Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpasını təmin etsə də, Qarabağda separatçı idarəçilik və qanunsuz silahlı birləşmələrin mövcudluğu suverenliyin tam həyata keçirilməsi məsələsini açıq saxlayırdı. 2023-cü ilin sentyabrında baş verən hadisələr məhz bu sonuncu mərhələni də aradan qaldırdı və Azərbaycanın Qarabağ üzərində dövlət hakimiyyətinin faktiki tamlığını təmin etdi.
Burada xüsusilə vacib məqam Azərbaycanın hərbi nəticəni siyasi-hüquqi nəticəyə çevirməsidir. Qarabağ məsələsinin uzun illər ərzində beynəlxalq gündəmdə qalmasının əsas səbəblərindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmaması idi. 19–20 sentyabrdan sonra isə bu məsələ yeni mərhələyə keçdi. Qarabağda separatçı idarəçilik aradan qalxdı və Azərbaycanın konstitusion hüquq sisteminin bütün ərazi üzrə bərpası üçün şərait yarandı.
İkinci mühüm məqam ondan ibarətdir ki, bu hadisə Azərbaycanın uzunmüddətli strategiyasının nəticəsi kimi meydana çıxdı. 2020-ci il Zəfərindən sonra Qarabağ və ətraf ərazilərdə təhlükəsizliyin təmin edilməsi, qanunsuz silahlı birləşmələrin mövcudluğunun aradan qaldırılması və Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması istiqamətində proses davam etdirildi. 2023-cü ilin sentyabrı həmin prosesin məntiqi yekun mərhələsi oldu.
19–20 sentyabr hadisələrinin mühüm siyasi nəticələrindən biri də separatizm faktorunun aradan qalxmasıdır. Bundan sonra Qarabağ məsələsi Azərbaycanın ərazisində paralel siyasi hakimiyyət iddiası kontekstindən çıxdı. Regionda yeni siyasi reallıq yarandı və əsas gündəm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh prosesinin inkişaf etdirilməsi və Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması istiqamətinə keçdi.
Bu hadisənin Azərbaycanın dövlətçilik tarixi baxımından başqa bir mühüm tərəfi də var. 30 il ərzində Qarabağ məsələsi ölkənin xarici siyasətinin, təhlükəsizlik siyasətinin və milli gündəliyinin əsas mövzularından biri olmuşdu. 2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi, 2023-cü ilin sentyabrında isə dövlət suverenliyinin tam bərpası təmin olundu. Bu baxımdan 19–20 sentyabr Zəfərini 2020-ci il Zəfərindən ayrı təsəvvür etmək mümkün deyil. Bunlar eyni tarixi prosesin bir-birini tamamlayan iki mühüm mərhələsidir.
Məncə, 19–20 sentyabr Zəfərinin ən böyük siyasi dərsi ondan ibarətdir ki, dövlətçilik yalnız əraziyə sahib olmaqla tamamlanmır. Həmin ərazidə dövlətin konstitusion hakimiyyətinin, təhlükəsizliyinin və hüquqi nizamının real şəkildə təmin edilməsi də fundamental əhəmiyyət daşıyır. Azərbaycan 2020-ci ildən sonra məhz bu istiqamətdə ardıcıl siyasət həyata keçirdi və 2023-cü ilin sentyabrında həmin prosesin ən mühüm nəticəsi əldə edildi.
20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması da hadisənin tarixi-siyasi mahiyyətini ifadə edir. Bu tarix Azərbaycan dövlətçiliyində xüsusi yer tutur, çünki söhbət yalnız hərbi uğurdan deyil, dövlətin öz ərazisi üzərində tam hakimiyyətinin təmin edilməsindən gedir. 19–20 sentyabr Zəfəri Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpasını təmin edən, üç onillik münaqişə mərhələsini başa çatdıran və ölkənin yeni siyasi reallıqlarını formalaşdıran tarixi hadisədir.
Bu gün əsas məsələ əldə edilmiş tarixi nəticələri dayanıqlı sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa və Qarabağın sürətli bərpasına çevirməkdir. Azərbaycanın qarşısında duran yeni mərhələ artıq müharibənin nəticələrini möhkəmləndirmək və regionda uzunmüddətli sabitliyin təmin edilməsidir. 19–20 sentyabr Zəfəri isə bu yeni mərhələnin siyasi və tarixi başlanğıc nöqtələrindən biri kimi Azərbaycan dövlətçilik tarixində qalacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB