Milli kimliyimizin hüquqi təminatı - ŞƏRH

Milli kimliyimizin hüquqi təminatı - ŞƏRH

Dil hər bir xalqın milli varlığını, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətdir. Azərbaycan dili də əsrlər boyu xalqımızın mədəniyyətini, ədəbiyyatını və dövlətçilik ənənələrini qoruyub saxlamış, milli kimliyimizin əsas rəmzinə çevrilmişdir. Müstəqilliyimizin bərpasından sonra ana dilimizin dövlət dili kimi mövqeyinin hüquqi cəhətdən möhkəmləndirilməsi Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Bu baxımdan Azərbaycan dilinin Konstitusiyamızda təsbit olunması tarixi əhəmiyyət daşıyan hadisədir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir." Bu müddəa təkcə hüquqi norma deyil, həm də dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətin ifadəsidir. Dövlət dilinin Konstitusiyada təsbit edilməsi Azərbaycan dilinin ölkənin ictimai-siyasi, hüquqi, təhsil və mədəni həyatında aparıcı mövqeyini təmin etdi.

Ulu Öndər Heydər Əliyev ana dilinə xüsusi qayğı göstərərək deyirdi: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir." Bu fikirlər Azərbaycan dilinin milli varlığımızın əsas dayaqlarından biri olduğunu aydın şəkildə ifadə edir. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ana dilimizin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar Azərbaycan dilinin saflığının qorunmasına, ədəbi dil normalarının möhkəmləndirilməsinə, dilimizin informasiya məkanında və rəqəmsal dünyada daha geniş tətbiqinə xidmət edir. Xüsusilə Azərbaycan dilinin elektron resurslarda inkişaf etdirilməsi, latın qrafikalı əlifbanın tətbiqinin genişləndirilməsi və ana dilinin xaricdə təbliği istiqamətində həyata keçirilən tədbirlər bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Qloballaşma dövründə müxtəlif dillərin təsiri artsa da, Azərbaycan dili öz zənginliyi, ifadə imkanları və dövlət himayəsi sayəsində inkişaf yolunu davam etdirir. Ana dilimizi qorumaq yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Dilimizə hörmət xalqımıza, tariximizə və gələcəyimizə hörmət deməkdir.

Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması milli dövlətçiliyimizin möhkəmlənməsinə, milli birliyimizin qorunmasına və gələcək nəsillərin öz köklərinə bağlı ruhda yetişməsinə xidmət edən mühüm hüquqi təminatdır. Ana dilimizi qorumaq, onu saf saxlamaq və zənginləşdirərək gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs vəzifəsidir. Çünki Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də dövlətimizin, milli kimliyimizin və müstəqilliyimizin əbədi rəmzidir.

Rauf Nəcəfov

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə