"Yuxu pozuntuları psixoloji vəziyyətin ilk siqnallarından biridir" - PSİXOTERAPEVT

"Yuxu pozuntuları psixoloji vəziyyətin ilk siqnallarından biridir" - PSİXOTERAPEVT

"Yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının əsas göstəricilərindən biridir. Yuxu rejimində yaranan dəyişikliklər bir çox hallarda təkcə fiziki deyil, psixoloji vəziyyətlə də sıx əlaqəli olur".

Bu fikirləri SİA-ya açıqlamasında klinik psixoloq, psixoterapevt İlkin Kazımlı bildirib.

Onun sözlərinə görə, həm yuxusuzluq (insomniya), həm də həddindən artıq yuxuya meyillilik (hipersomniya) müxtəlif psixoloji amillərin nəticəsi ola bilər:

"Ən çox rast gəlinən səbəblərdən biri stressdir. İnsan stress altında olduqda orqanizmdə “döyüş və ya qaç” sistemi aktivləşir. Bu zaman stress hormonlarının, xüsusilə kortizolun səviyyəsi artır, beyin təhlükə siqnalları qəbul etdiyi üçün rahatlaşa bilmir. Nəticədə insan yatağa uzansa belə, yuxuya getməkdə çətinlik çəkir, gecə tez-tez oyanır və ya səhər özünü dincəlmiş hiss etmir.

Emosional gərginlik də yuxuya ciddi təsir göstərir. Gündəlik problemlər, ailədaxili münaqişələr, maddi çətinliklər, iş yükü və gələcəklə bağlı narahatlıqlar insanın beynini fasiləsiz aktiv vəziyyətdə saxlayır. Çox vaxt insanlar yataqda olarkən gün ərzində baş verən hadisələri təkrar-təkrar düşünür, müxtəlif ssenarilər qururlar. Bu isə beynin istirahət rejiminə keçməsinə mane olur və yuxunun keyfiyyətini aşağı salır.

Narahatlıq pozuntuları (anksiyete) olan insanlarda yuxusuzluq ən çox rast gəlinən əlamətlərdən biridir. Belə şəxslərdə beyin daim təhlükə axtarışında olur. Onlar ən kiçik narahatlığı belə böyüdə, gələcəklə bağlı mənfi ehtimalları düşünə bilərlər. Bu davamlı gərginlik səbəbindən yuxuya getmək və yuxunu davam etdirmək çətinləşir.

Depressiyada isə fərqli mənzərə müşahidə oluna bilər. Bəzi insanlarda depressiya yuxusuzluq yaradır, digərlərində isə, əksinə, həddindən artıq yuxuya ehtiyac hissi meydana çıxır. İnsan uzun saatlar yataqda qalsa belə, özünü yorğun hiss edir, gün ərzində enerjisizlik yaşayır və yatmaq istəyir. Bu vəziyyət sadəcə “çox yatmaq” deyil, beynin və psixikanın ümumi fəaliyyətinin zəifləməsinin əlamətlərindən biri ola bilər.

Travmatik hadisələrdən sonra yaranan psixoloji vəziyyətlər də yuxunu ciddi şəkildə poza bilər. Ağır qəza, itki, zorakılıq və ya digər travmatik təcrübələr yaşamış insanlarda kabuslar, tez-tez oyanmalar və yuxudan qorxu ilə oyanma halları müşahidə edilə bilər. Beyin həmin hadisəni təhlükə kimi qəbul etməyə davam etdiyi üçün dərin və keyfiyyətli yuxu çətinləşir.

Obsessiv-kompulsiv pozuntu (OKP) olan şəxslərdə də yuxu problemləri tez-tez rast gəlinir. Davamlı təkrarlanan fikirlər, şübhələr və kompulsiv davranışlar insanın yatmazdan əvvəl uzun müddət zehni olaraq məşğul qalmasına səbəb olur. Bu isə həm yuxuya getmə müddətini uzadır, həm də yuxunun keyfiyyətini azaldır.

Qeyd etmək lazımdır ki, həddindən artıq yuxululuq həmişə psixoloji səbəblərlə bağlı olmur. Bəzi hallarda qalxanabənzər vəz xəstəlikləri, yuxu apnesi, müxtəlif nevroloji problemlər, vitamin və mineral çatışmazlıqları, bəzi dərman preparatlarının təsiri də buna səbəb ola bilər. Eyni şəkildə, davamlı yuxusuzluğun da tibbi səbəbləri ola bilər. Buna görə də uzun müddət davam edən yuxu pozuntularında həm tibbi, həm də psixoloji qiymətləndirmə aparılması vacibdir.

Son illərdə aparılan tədqiqatlar göstərir ki, yuxu ilə psixoloji sağlamlıq arasında ikitərəfli əlaqə mövcuddur. Yəni stress və emosional problemlər yuxunu pozduğu kimi, keyfiyyətsiz yuxu da narahatlıq, depressiya, əsəbilik, diqqət və yaddaş problemlərini daha da artırır. Bu səbəbdən yuxu pozuntusuna yalnız bir simptom kimi deyil, insanın ümumi psixoloji vəziyyətinin mühüm göstəricilərindən biri kimi yanaşmaq lazımdır.

Əgər yuxu problemləri bir neçə həftədən artıq davam edirsə, gündəlik fəaliyyətə təsir edirsə və ya insanın həyat keyfiyyətini aşağı salırsa, bunu sadəcə yorğunluq və ya stresslə əlaqələndirib gözləmək düzgün deyil. Vaxtında psixoloqa, psixoterapevtə və zərurət olduqda digər mütəxəssislərə müraciət etmək həm problemin səbəbini müəyyən etməyə, həm də daha effektiv müalicə və psixoloji dəstək almağa imkan verir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə