Qəzzada İsrailin hücumları nəticəsində azı 7 nəfər öldürülüb

Qəzzada İsrailin hücumları nəticəsində azı 7 nəfər öldürülüb

İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 7 fələstinli öldürülüb, bir neçə nəfər isə yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, avqustun 24-də həyata keçirilən hücumlar zamanı məscid, suyun duzsuzlaşdırılması qurğusu və məcburi köçkünlərin yerləşdiyi çadırlar hədəfə alınıb. Ölənlər arasında ən azı iki uşaq da var.

Qəzza zolağının mərkəzində yerləşən Bureyc qaçqın düşərgəsində yaşayış evinə endirilən zərbə nəticəsində 4 yaşlı Həsən əl-Həfi həyatını itirib. Xan Yunisdə isə İsrail qüvvələrinin açdığı atəş nəticəsində Amal Nəşət Əbu Xatər adlı uşaq yaralarından ölüb.

Deir əl-Bəlah şəhərində məcburi köçkünlərin sığındığı çadıra edilən hücum zamanı yaralanan daha bir kişi həyatını itirib. Məlumata görə, İsrailin ötən həftə həyata keçirdiyi hücumlarda yaralanan daha iki nəfər də sonradan ölüb.

Bundan bir gün əvvəl isə Xan Yunis və əz-Zəvayda bölgələrinə hücumlar zamanı üç fələstinli, o cümlədən 4 yaşlı uşaq öldürülüb.

Məlumata görə, son hücumlar ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq davam edir. Eyni zamanda, HƏMAS-ın tərksilah edilməsi və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması ilə bağlı diplomatik səylər davam etdirilir.

İsrail ordusu hücumlardan əvvəl Qəzzanın ən azı dörd bölgəsində sakinlərin məcburi köçürülməsi barədə göstəriş verib. Hücumların hədəfləri arasında suyun duzsuzlaşdırılması qurğusu, məscid və humanitar yardım ləvazimatlarının saxlanıldığı anbar da olub.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin oktyabrında əldə olunan atəşkəs razılaşmasından sonra İsrailin hücumları nəticəsində 1 288 fələstinli öldürülüb. 2023-cü ilin oktyabrında başlayan müharibədən bu yana Qəzzada ölənlərin ümumi sayı isə 73 422-yə çatıb, 174 401 nəfər yaralanıb.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə