“... Azərbaycanda təbiətin qorunması bizim gələcəyimizlə bağlı məsələdir. Azərbaycanın çox gözəl təbiəti, iqlimi vardır. Biz hamımız təbiəti qorumalıyıq.
....Ölkəmizdə təbiətin, ətraf mühitin qorunmasına ən yüksək səviyyədə böyük diqqət yetirilir.
... İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su-bütün bunlara biz çox böyük diqqət göstərməliyik.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Yer kainatın cənnətidir. Bu cənnətin tacı da, insandır. İnsanın həyatı təbiətin yaratdığı zəngin nemətlərlə bağlıdır. Əgər bu nemətlər tükənərsə, yaxud insanın ehtiyaclarını təmin etmək qüdrətində olmazsa, onda dünyanı fəlakətlər qamarlayar. Gizli deyil ki, bu fəlakətlərin başında müharibələr duracaq. Yaşayış uğrunda təbii rəqabət artıq müharibələr səviyyəsində amansız qırğınlara yol açar. Hətta bu gözəl dünyamızın əbədi məhvinə səbəb olar. Prezidentimiz haqlı olaraq, ekoloji vəziyyətin, ətraf mühitin qorunmasını varlığımız üçün əsas amillərdən biri sayır. Biz insanlar da, əcdadlarımız da elə düşünürdülər ki, yerin təbii nemətləri tükənməzdir, ölçüyəgəlməz həcmdədir. Ancaq XX əsr fəlakətləri (istər təbii, istərsə də, antropogen) ortaya sanki böyük V.Şekspirin “olum və ölüm” dilemmasını bütün ciddiyyəti və sərtliyi ilə qarşımıza qoydu.
Beləliklə, insanlar təbiətin üstünə sistemsiz yürüş etdilər. Təbiəti çökdürməyə başladılar. Alimlərin həyəcanları, elmi arqumentləri qulaqardına vuruldu. Hətta, qəribə olsa da, bəzi məsul dövlət rəhbərləri yer üzünü fəlakətə sürükləyən yeni silah sınaqlarına rəvac verdilər. Bu gün atmosferdə baş verən kataklizmlər, yer üzündəki qasırğalar, sürüşmələr, yanğınlar, qeyri-normal iqlim fəsadları hamını narahat edir. Dünya indi bu həyəcanların fərqinə varır. Dünyanın ekoloji balansında özünəməxsus payı olan Amozon cəngəlliklərinin, Avstraliya meşələrinin yanması, böyük həcmli yanğınlar dünya miqyaslı marahatlıqlar doğurur. Dünyanın aparıcı dövlətləri, məsələn, ABŞ Avstraliya qitəsində bir milyard ting əkməklə yanmış massivləri bərpa etmək, yeni meşəliklər, ağaclıqlar salmağı planlaşdırdı.
Qlobal hadisələr içərisində ekoloji proseslər önəmlidir. Ekologiya insanın mövcudluğu deməkdir. Mineral resuslardan tutmuş bioloji ehtiyatlara qədər ekoloji çirklənmədən tutmuş ekoloji şəffaflığa qədər hər şey insanın nəzarəti altında olmalıdır. Çay hövzələri, sututarlar , yaşıllıq zonaları, bəzən qızılı, bəzən şəvə tək qapqara sahillər insanlara intəhasız rahatlıq bəxş edir.
Biz bir vətəndaş olaraq təbiət qarşısında borcumuzu yerinə yetiririkmi?! Bütün məsuliyyəti dövlətin, onun məsul qurumlarının üstünə atmaqla məsuliyyətimizə bir biganəlik qatırıq. Əlbəttə, bütövlükdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlətin ekoloji siyasətini həyata keçirən cavabdeh qurumdur. Cənab Prezidentimiz İlham Əliyevin qərar və göstərişlərini, ekoloji planları, sərəncamları nazirlik son zamanlar çox məsuliyyətlə yerinə yetirməkdədir. Təbiətin hər bir guşəsi ciddi nəzarət altındadır. Təbiətimizin qənimləri indi əvvəlki tək rahat nəfəs ala bilmirlər. Ekoloqlar daha sərt və vaxtında müdaxilə edir, təbiətin səmimi və məsuliyyətli cəfakeşlərinə çevrilirlər. Son zamanlar həyata keçirilmiş mütəmadi tədbirlər ETSN-nin işində ciddi canlanmanın şahidi oluruq. Meşələrdə ağacqıranların səsi, demək olar, yox olmuş, sahillərdə ləpələr sevincək məxməri qumlara çırpılır, şəhərdəki yaşıllıqlar daha rahat nəfəs alır. Təbiətimizə qanunsuz müdaxilə edən korrupsionerlər, brokonyerlər, bəzi işbazlar onlara qarşı ekoloqların apardığı güzəştsiz mücadiləyə çığır-bağırlarla, haray-həşirlə qarşılıq verir, təbiəti əvvəlki tək narahat etmək istəyirlər. Ölkəmizin cənub və şimal bölgələrində həyata keçirilən ciddi ekoloji tədbirlərin, nəzarətlərin qarşısını almaq üçün dəridən-qabıqdan çıxanlar yeni reallıqla hesablaşmalıdır. Ciddi islahatlar ölkəmizin heç bir sahəsindən yan keçmir və yan keçməyəcəkdir. Ekoloqların üstünə şığımaq,” qara məni basmamış mən qaranı başım” düşüncəsi ilə yaşayanların dövrü artıq ötmüşdür.
Ölkə dirçəlir, təbiətimiz də rahat nəfəs alır. Uğurlarımız hər sahədə göz qabağındadır. Ekoloqların cəsarətli əməyi, mübarizələri, hətta şücaətləri müxtəlif media orqanlarında, haqlı olaraq, təqdir edilir. Təəssüf ki, bəzi qələm sahibləri görülmüş işlərə qara eynəklə baxmağa vərdiş ediblər. İnsanın əməyinə peşəkarcasına yanaşılmalıdır. Görülmüş işlər bir də fərəh doğurur, aydındır ki, nöqsanlar, görülməli işlər çoxdur. Əl-ələ verib nöqsanları aradan qaldırmaq, təbiətimizə daha yaxından qayğı göstərmək vaxtıdır. Yəni dövlət qurumları ilə yanaşı ictimai təşkilatlar, sıravi insanlar da ümumixalq, ümumbəşəri dəyərlərə obyektiv qiymət verməyə çalışmalıdır.
Qeyd edildiyi kimi, ekosistemin bir qolu da yaşıllıqlar və meşəlliklərlə bağlıdır. Meşənin tərifini vermək, onun insan həyatında rolunu dəyərləndirmək azdır, onu qorumağın, yaşatmağın, artırmağın, sağlamlaşdırmağın qayğısına qalmaq hər bir vətəndaşın mənəvi borcuna çevrilməlidir. Meşələr əvəzsiz nemətlər mənbəyidir. Xüsusilə, bioloji zənginlikləri dünya alimlərinin, yazıçılarının diqqət mərkəzində durur. Dünyanın müxtəlif ölkələrindən ölkəmizə elmi ekspedisiyaya gələn görkəmli alimlər təbiətimizin möcüzələri qarşısında baş əyir. Görkəmli Çexiya alimləri, rus tədqiqatçıları, fransız ekoloqları, holland təbiətşünasları ölkəmizin biomüxtəlifliyi ilə ilk tanışlıqdan belə ona vurulmuş, bu ecazkar diyarın möhtəşəmliyi onları vəcdə gətirmişdir. Tədqiqatçılar ilə bağlı bir unudulmaz mənzərə bu gün də mənim yaddaşımda əvəzsiz bir xatirə kimi yaşayır. Onlar gözəlliklər və qədim abidələr məskəni, dağlar diyarı Lerikdə olarkən əsrarəngiz təbiətdən vəcdə gələrək öz təəssüratlarını bizimlə bölüşüb dedilər:
-Biz dünyanın çox yerlərində olmuşuq. Fauna və floranı müxtəlif aspektdən tədqiq etmişik. Qədim möcüzələr diyarları, bitkilər aləmi, endimik meşəliklər, qədim tarix, etnoqrafiya, hətta kulinariya ilə bizi heyrətləndirmək o qədər də asan deyildir. Ancaq bizi burada hər şey yaxşı mənada heyrətləndirdi. Xüsusilə, bu meşələri, bu havanı dünyanın heç yerində görməmişik. Belə qeyri – adi təbii mənzərə, bəlkə də, dünyanın heç yerində yoxdur. Bu havanın misli yoxdur. Təəssüf ki, bu havanı Çexiyaya aparmaq olmaz, mümkün olsaydı aparardıq.

Mən bir ekoloq, bir yazıçı, bir vətəndaş kimi Azərbaycan təbiətinin ünvanına deyilmiş bu məftunedici təəssüratlardan qürurlandım. Yeri gəldikcə, fransız yazıçısı və səyyahı Aleksandr Dümanın əsərlərindən misal gətirirlər. Onun əsərlərində Azərbaycan, onun əsrarəngiz təbiəti, insanları haqqında hərarətli ifadələr işlədilirdi. M.F.Axundzadə “ Hekayəti – Müsyo Jordan və Dərviş Məstəli şah” komediyasında Fransadan yurdumuza qonaq gələn botanika alimi gecə - gündüz çöllərdə nadir bitkiləri toplayır, bu işdə yerlilərin də köməyindən istfadə etməklə zəngin kolleksiya yaradır. Böyük vətənpərvər M.F.Axundzadə fransız nəbatat alimi Misyo Jordanı belə danışdırır : Alp dağlarında, Amerikada, Afrikada bitən bu dərman bitkiləri azərbaycanın Təklə-Muğan obasında – Qarabağda daha zəngindir...”.
Azərbaycan təbiəti haqqında deyilən bu sözlər bu gün daha aktualdır. Ölkəmizin tanıdılması şəxsən onun demokratik siyasi imici, yüksələn iqtisadiyyatı, mədəniyyəti ilə məhdudlaşdırılmamalıdır. İnsan və təbiət harmoniyası ölkəmizə heç də az mənəvi divident gətirmir. Üstəlik də insan sağlamlığının rəhnidir. Ona görə də, Ulu öndərimiz Heydər Əliyevdən başlamış bu cahanşümul fəaliyyət möhtərəm Prezidentimiz İlham Əliyev və vitse–prezident Mehriban Əliyeva tərəfindən davam və inkişaf etdirilir. Meşələrimizə bu hüdudsuz qayğının bir səbəbi də ölkəmizin ümumi ərazi seqmentində meşələrin az yer tutmasıdır.
Respublikamızda meşə fondu sahəsi 1213,7 min hektardır. Bu ümumi ərazimizin 14 % ni təşkil edir. Meşə ilə örtülü sahələr 1021 min hektardır ki, bu da Respublika ərazisinin 11.8 % -ni təşkil edir. Qalan ərazi isə talalar, ağacsız sahələrdir. Ümumi meşə ərazilərimizin 49 % - i Böyük Qafqazın, 34 % - i Kiçik Qafqazın, 15 % - i Talış dağlarının, 2 % - i isə aran zonasının payına düşür.
Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr bütövlikdə birinci qrupa aid edilməklə müasir dövrün ən qlobal ekoloji problemi olan iqlim dəyişmələrinin, səhralaşma prosesinin atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında, ozon qatının bərpa olunmasında əvəzsiz rol oynayır. Meşələrin təbiətdə ən böyük rolu hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq oksigen ixrac etməsidir. 1 ha meşə 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Mövsüm ərzində hər il ölkəmizdə on minlərlə ting əkilir.
Yaşıllığın, meşələrin genişləndirilməsinin böyük əhəmiyyəti həm də onunla dəyərləndirilməlidir ki , dövlət başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva tinglərin əkilməsində şəxsən iştirak edirlər. Ölkənin yaşıllaşdırılması kampaniya şəklində yox, mütəmadi aparılır. Əkin zamanı bayram əhvali-ruhiyyəsi hiss olunur. Payızda, Novruz bayramı ərəfəsində ağac bayramı gözəl bir ənənə şəklini almışdır. Sevindirici haldır ki, son illərdə görkəmli elm-sənət adamlarının dövlət səviyyəsində yubileyləri tingliklərin əkilməsi ilə yaşıllıq bayramı kimi sonuclanır. Dahi şair İ.Nəsiminin 650 illiyi yubileyi ilə əlaqədar ölkədə 650 min ting əkilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tinglərin bioloji vəziyyətini daim nəzarətdə saxlayır. Ağac əkini günü elimizdə Novruz bayramını, bənövşə gününü xatırladır. Novruz bayramı süfrəsinə qoyulmaq üçün hamı bənövşə toplamaq üçün dağ ətəklərinə, meşələrə, dərələrə, güney yamaclarına bulaqların yan – yörəsinə yol alır. Yamaclarda, ətəklərdə allı-güllü rənglər bir-birinə qarışır.
Məhz Ağac əkini günündə hamının- sadə insanlardan tutmuş Prezidentə qədər, cavandan tutmuş qocaya qədər hamı ağac əkir. Ağaclaşma gələcəkdə boz səhraların, dağ ətəklərinin göyərməsi, yaşıllaşması, çəmənləşməsi deməkdir. Bu növraq təbiətsevərlərdə böyük ümid doğurur. Bir gün desələr ki, artıq bu ilan mələyən susuz çöllərdə, düzlərdə lalələr, bənövşələr, novruz gülləri bitir, ona təəccüblənmərik. Bu gün artıq o zamanın əks-sədasını duyuruq. Gənclərin şaqraq səsi hamını nikbin ovqatla ümidləndirir. Dövlət rəhbərinin belə tədbirdə həm aparıcı , həm də sıravi əməkçilərdən birinə çevrilməsi hamının üzünü güldürür, sevincə sevinc qatır.
Bu sadəlik, əməksevərlik gənclərə, milyonlarla televiziya tamaşaçısına, qəzet oxucusuna böyük fərəh bəxş edir. Çalxalanan əmək dənizində ağaclar göyərir. Boy atan ağaclar təkcə 650 il əvvəl təbiətin bizə bəxş etdiyi Nəsimi dünyasından xəbər vermir. Bu dünyanı dəyərləndirən dövlət başçısının uzaqgörənliyindən, təbiətin isə yaşıllaşan ümidlərindən soraq verir.
![]()
Biz bəzi məsələlərə diqqət yetirməyi qabartdıq. Məqsəd birdir: - Təmtəraqsız deməliyik, əsrimiz ekoloji balanslaşdırma əsridir. Biz ətraf mühitin saflığına, təmizliyinə daim diqqət yetirməli, həyəcan təbili çalmalıyıq. Təbiət hamınındır. Bədxahlar da, xeyirxahlar da təbiətə möhtacdırlar. Təəssüf ki, dünya hələ də nankorların nazı ilə oynayır. Ekologiya isə belə nazı sevmir. İnanırıq ki, ölkəmizin buna qüdrəti çatar. Bunun üçün hamımız əl-ələ verib, milli maraqlarımız naminə ölkəmizin ekologiyasını qorumalı, daha da sağlamlaşdırmalıyıq. Ekologiya həm də mədəniyyətdir. Bizim xalqımız bir çox sahələrdə olduğu kimi ekomədəniyyətdə də nümunə göstərməlidir.
Prezidentimizin ətraf mühitin mühafizəsi ilə bağlı sərəncamları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən respublikamızın bütün bölgələrində müntəzəm olaraq təbliğ olunmalıdır. Kadrlar hər yerdə önəmli rol oynayır. Kadrlar yeniləşir, nazirliyə yeni ab-hava daxil olur. Keçmişin üstündən qələm çəkmədən islahata uyğun dəyişikliklər hər yerdə hiss olunur. Asta-gəlimlik, ləngərli fəaliyyət artıq sürət dövrünün tələblərinə uyğun deyil. Yeni dövr yeni təfəkkür, yeni texnoloji fəaliyyət perspektivi tələb edir.
Bu, eyni zamanda bütün sahələrdə olduğu kimi, ekoloji sahədə də dövlətimizin bütün resurslarını birləşdirib. Bioloji aləmin sağlamlığına diqqət daim artırılır. Bunu zaman tələb edir. Ölkəmizdə görülmüş işlər hamımızda ümid və nikbin ovqat doğurur. Ekoloji aləmdə yeni infrastruktur ekoloqların, təbiətsevərlərin qol-qanadını açır. Bölgələrdə, xüsusilə təbiətin canlanması hiss olunur. Mütəxəssislərin, sadə insanların təbiətə qayğısı artdıqca təbiət qənimlərinin çığırtısı müxtəlif distansiyalarda daha bərkdən eşidilir. Lakin bu, təbir haldır. Hər kəs təbiətə vurduğu ziyana görə haqlı cəzasını çəkməlidir. Beləliklə, təbiət fədakarları yeni iş mərhələsinə keçirlər.
Təbiətsevərin yaşıl qiyafəsi təbiət qəniminin boz rəngindən açıq-aşkar seçilir. Bu, ona hesablanır ki, ana təbiət qarşısında hər bir sıravi vətəndaş öz məsuliyyətini hiss etsin. Yurdumuzun gözəlliyini qorumaq, artırmaq hamının vətəndaşlıq borcu olmalıdır. Qanunların, təlimatların imkan verdiyi səviyyədə ətraf mühitin qorunmasının vacibliyi istiqamətində canlı söhbətlərə, islahatlara da sistematik yer verilir. Nazirliyin əməkdaşlarının bölgələrə ezamiyyə edilməsi məsuliyyəti artırır, ekoloji nəzarətin, ekoloji tarazlığın daim gündəmdə olduğunu, heç vaxt diqqətdən yayınmadığını göstərir, bütövlükdə Vətənimizə, onun təbiətinə, insanına dövlət qayğısından xəbər verir.
Prezidentimizin tövsiyələrini, sərəncamlarını yerinə yetirmək indi ekoloqlardan daha intensiv tələb olunur. Görülən və görülməkdə olan işlər bir daha təsdiq edir ki, təbiətsevərlər bu gün dünəndən daha yüksək əhval-ruhiyyə ilə işləməyi daimi iş rejiminə çevirmişlər. Yüksək məsuliyyət, peşəkarlıq, təbiətə qəlb yanğısı bu gün həmişəkindən daha çox hiss olunur. İnanırıq ki, tendensiya davamlı olacaq. Dünya hər sahədə həssaslıq tələb edir. Onun bir parçası kimi biz də, nə yaxşı ki, öz töhfəmizi əsirgəmirik. ETSN – nin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ölkəmizdə ekoloji vəziyyəti araşdırır, nöqsanları təhlil edir, şikayətlərin səbəblərinin əsl mahiyyətini üzə çıxarır. Belə operativ yanaşma canayananlıq bütün təbiət sevərlərin ürəyindən xəbər verir. Faydalı tədbirlər vətəndaşları sərvaxt hərəkət etməyə səfərbər edir.

Gəlin, ana təbiət bizi düşündüyü kimi, biz də onu düşünək. Hamımıza həyat verənə biz də həyat verək. Təbiətə qəsd edənlərə, onun sərvətlərini talayanlara qarşı mübarizədə birləşək. Axı təbiəti qorumaq, yuxarıda qeyd etdiyimiz kimi, təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işi deyil, ümumxalq işidir. Gəlin bir daha özümüzə sual verək: yaşadığımız ərazidə heç olmasa bir ağac, bir gül kolu əkmişikmi? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər il tarixi və peşə bayram günlərində keçirilən iməcliklərdə ənənəvi bir təşəbbüsü var: “Doğma Azərbaycanı yaşıl respublikaya çevirək!”. Bu , hamımızı mövcud yaşıllıqları qorumaqla bərabər, həm də məsuliyyətimizi atrırmağa və yaşıl sərvətlərimizi zənginləşdirməyə insanlıq borcumuz, vətəndaşlıq töhfəmizdir. Suyunu içdiyimiz, havasını udduğumuz, çörəyini yediyimiz təbiətə nankor olanlar ayılsınlar. Təbiətin dostları ilə dost, düşmənləri ilə düşmən olaq! Təbiətin mühafizəsi ümumdövlət əhəmiyyətli iş olduğu üçün onun qorunub gələcək nəsillərə bir əmanət kimi çatdırılmasına hamımız bir nəfər kimi öz şəxsi töhfələrimizi verməliyik..
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə ekoloji tarazlığın qorunmasında göstərdiyi vətənpərvərlik nümunəsi, təbiətə və dövlətə qayğısı biz, Azərbaycan ekoloqlarını daha yaxşı fəaliyyət göstərməyə, bu çətin və şərəfli işə daha ürəkdən bağlanmağa ruhlandırır.

Bəxtiyar Hüseynov,
Yazıçı-publisist, “Əmək Veteranı”, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB