“Məktəbin tikintisi Slovakiyanın Böyük Qayıdış proqramına verdiyi dəstəyin real ifadəsidir” - DEPUTAT DANIŞDI

“Məktəbin tikintisi Slovakiyanın Böyük Qayıdış proqramına verdiyi dəstəyin real ifadəsidir” - DEPUTAT DANIŞDI

“Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinin göstəricisidir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib.

Onun sözlərinə görə, Slovakiya ilə Azərbaycan arasında münasibətlər, xüsusilə də Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra sürətlə inkişaf edir:

”Son bir il ərzində bu əməkdaşlıq daha da dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xatırladaq ki, ötən ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya yüksək səviyyəli dövlət səfəri baş tutmuş, həmin səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm razılaşmalar əldə olunmuşdu. Elə həmin vaxt Azərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi də bəyan edilmişdi.

Bu səfərin davamı kimi Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın daha da möhkəmləndiyini göstərir. Dövlət başçısının məhz Şuşada yüksək dövlət protokolu ilə qarşılanması xüsusi siyasi və simvolik məna daşıyır. Bu, ilk növbədə Avropanın mühüm dövlətlərindən birinin Qarabağı və Şuşanı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etdiyini nümayiş etdirir. Eyni zamanda Şuşanın artıq yalnız mədəniyyət paytaxtı deyil, həm də regionun siyasi və diplomatik mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir.

Slovakiya ərazi və əhali baxımından böyük dövlət olmasa da, Avropa İttifaqında mühüm siyasi mövqeyə, inkişaf etmiş sənaye potensialına və iqtisadi imkanlara malik ölkədir. Bu baxımdan Prezident Pelleqrininin Azərbaycana səfəri və səfər proqramının Qarabağdan başlanması iki ölkənin münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşımaq niyyətinin göstəricisidir.

Səfər çərçivəsində Şuşada keçirilən görüşlər, Xankəndidə Slovakiya Prezidentinin şərəfinə verilən rəsmi ziyafət, nümayəndə heyətlərinin geniş tərkibdə apardıqları danışıqlar və imzalanan sənədlər münasibətlərin möhkəm təməl üzərində inkişaf etdiyini göstərir. Bundan başqa, Prezident Pelleqrininin Ağdama səfəri, Slovakiyanın dəstəyi ilə həyata keçirilən bərpa və quruculuq layihələri, o cümlədən 840 şagird yerlik məktəb binasının tikintisi Slovakiyanın Böyük Qayıdış proqramına verdiyi dəstəyin real ifadəsidir.

Bu səfər Azərbaycanın Qarabağ üzərində suverenliyinin və 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin beynəlxalq səviyyədə qəbul olunduğunu bir daha nümayiş etdirir. İki ölkə lideri arasında formalaşmış qarşılıqlı etimad və səmimi münasibətlər də əməkdaşlığın gələcək inkişafı üçün mühüm zəmin yaradır.

Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan yeni çağırışlarla üzləşib. Hərbi müstəvidə məğlub olan qüvvələr siyasi, diplomatik və informasiya müstəvisində Azərbaycana qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə etməyə çalışırlar. Lakin bu cəhdlər nəticə vermir və əksinə, Avropa dövlətlərinin rəhbərlərinin Qarabağa, xüsusilə Şuşaya səfərlərinin artması Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə gücləndiyini göstərir.

Şuşa artıq yalnız tarixi və mədəni irsin mərkəzi deyil, eyni zamanda beynəlxalq diplomatiyanın vacib platformalarından birinə çevrilir. Burada beynəlxalq forumların keçirilməsi, xarici dövlət başçılarının qəbul olunması və mühüm siyasi görüşlərin təşkili Azərbaycanın regiondakı nüfuzunun artmasının göstəricisidir.

Səfər zamanı Slovakiya tərəfi Orta Dəhliz layihəsinə xüsusi maraq göstərdiyini də nümayiş etdirdi. Bu layihə Avropa ilə Asiyanı birləşdirən ən mühüm nəqliyyat marşrutlarından biri hesab olunur və Azərbaycanın burada oynadığı rol Bratislava tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, Slovakiya sənaye, logistika və iqtisadi əməkdaşlıq istiqamətlərində əlaqələri daha da genişləndirmək niyyətindədir.

Enerji sahəsində əməkdaşlıq da münasibətlərin əsas istiqamətlərindən biridir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Slovakiya da alternativ enerji mənbələrinin şaxələndirilməsinə çalışır. Bu baxımdan Azərbaycandan Slovakiyaya təxminən 1,2 milyard kubmetr təbii qazın ixracı ilə bağlı aparılan danışıqlar və əldə olunan razılaşmalar strateji əhəmiyyət daşıyır. Son aylarda Slovakiyanın baş nazirinin müavini və digər yüksək vəzifəli rəsmilərin Azərbaycana səfərləri də bu əməkdaşlığın intensiv xarakter aldığını göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət uzunmüddətli strateji hədəflərə hesablanıb. Ermənistanla sülh müqaviləsinin imzalanmasına doğru atılan addımlar regionda dayanıqlı sabitliyin təmin olunmasına xidmət edir. Qarabağın bərpasında Avropa dövlətlərinin fəal iştirakı isə gələcəkdə müxtəlif bəhanələrlə regionda yeni gərginlik yaratmaq istəyən qüvvələrin planlarının qarşısını almağa kömək edəcək.

Prezident İlham Əliyevin forum zamanı səsləndirdiyi mühüm fikirlərdən biri də Azərbaycanın bütün təzyiqlərə hazır olması ilə bağlı idi. Dövlət başçısı vurğuladı ki, ölkəmizə qarşı müxtəlif istiqamətlərdən təzyiqlər göstərilməsinə baxmayaraq, Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə edir. Beynəlxalq təşkilatlarda və Avropa institutlarında ölkəmizə qarşı aparılan qərəzli kampaniyalar da artıq əvvəlki təsir gücünə malik deyil.

Slovakiya demokratik idarəetmə ənənələrinə malik dövlətdir və bu ölkədə hakimiyyət institutları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində vahid mövqe nümayiş etdirirlər. Bu da iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyinə əsas verir.

Qlobal geosiyasi gərginliklərin, Rusiya-Ukrayna müharibəsinin, Yaxın Şərqdə davam edən qarşıdurmaların fonunda Azərbaycan sabitlik və əməkdaşlıq məkanı kimi çıxış edir. Qarabağ artıq ölkəmizin zəif deyil, ən güclü strateji üstünlüklərindən birinə çevrilib. Slovakiya ilə münasibətlərin sürətli inkişafı isə digər Avropa dövlətləri üçün də nümunə rolunu oynayır və Azərbaycanın Avropa ilə siyasi, iqtisadi və enerji əməkdaşlığının daha da genişlənəcəyini göstərir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə