“Azərbaycan Avrasiya məkanında etibarlı tranzit tərəfdaşı kimi mövqeyini möhkəmləndirib” - DEPUTAT DANIŞDI
“Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, Azərbaycan hazırda nəqliyyat və kommunikasiya bağlantılarının genişləndirilməsi istiqamətində mühüm işlər görür. Ölkə rəhbərinin sözlərinə görə, son illərdə Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqeyin əhəmiyyəti gözləniləndən də çox artıb və bu amil ölkənin beynəlxalq nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirib”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, dövlət başçısı qeyd edib ki, Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətində yerləşən qonşuları ilə münasibətləri yüksək səviyyədədir:
”Eyni zamanda, Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Avropa dövlətləri ilə uğurlu əməkdaşlıq nəqliyyat dəhlizlərinin inkişafına əlverişli şərait yaradır. Bu əməkdaşlıq təkcə iqtisadi əlaqələrin genişlənməsinə deyil, həm də regionda etibarlı və dayanıqlı logistika sisteminin formalaşmasına xidmət edir.
Prezident vurğulayıb ki, mövcud imkanlardan maksimum səmərə ilə istifadə etmək məqsədilə ölkədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Müasir avtomobil yollarının və dəmir yolu xətlərinin tikintisi, liman və logistika mərkəzlərinin inkişafı, yükdaşıma imkanlarının artırılması Azərbaycanın beynəlxalq nəqliyyat marşrutlarında mövqeyini daha da möhkəmləndirir. Bu layihələr sayəsində ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm tranzit körpüsü funksiyasını uğurla yerinə yetirir.
Dövlət başçısı bildirib ki, Azərbaycanın əsas hədəfi beynəlxalq nəqliyyat dəhlizlərinin daha səmərəli fəaliyyətini təmin etmək, yükdaşımaların həcmini artırmaq və tranzit potensialını maksimum səviyyədə reallaşdırmaqdır. Bu istiqamətdə həyata keçirilən islahatlar və infrastruktur yatırımları ölkənin qlobal ticarət zəncirində rolunu daha da gücləndirir.
Bu gün Azərbaycanın əlverişli coğrafi mövqeyi, balanslaşdırılmış və sabit xarici siyasəti, qonşu və tərəfdaş ölkələrlə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı ölkəmizin regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayır. Eyni zamanda, ölkədə yaradılan müasir nəqliyyat infrastrukturu, beynəlxalq dəhlizlərə inteqrasiya və həyata keçirilən strateji layihələr Azərbaycanın Avrasiya məkanında etibarlı tranzit tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun genişlənməsinə, xarici ticarətin artmasına və regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB