Milli Məclis “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

Milli Məclis “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında üçüncü oxunuşda qəbul edilib.

SİA xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 25-ci bəndlərinə uyğun olaraq hazırlanıb.

Dəyişikliklərə əsasən, qanunun 20-ci maddəsinə yeni – 20.0.36-cı bənd əlavə olunur. Yeni müddəaya görə, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş Ələt Azad İqtisadi Zonasında tamamilə istehsal olunmuş və ya kifayət qədər emal edilmiş Azərbaycan mənşəli malların həcminin azı 50 faizinin ölkə hüdudlarından kənara ixracı şərti ilə həmin malların əsas iqtisadiyyata gətirilməsi üçün gömrük güzəşti tətbiq ediləcək.

Qeyd olunub ki, bu güzəşt malları istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən etibarən 15 il müddətində qüvvədə olacaq.

Qanuna əsasən, dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə