Milli Məclis böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məlumatlara baxılma və məhkəməyədək sadələşdirilmiş icraatın aparılması müddətinin artırılmasını nəzərdə tutan dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
SİA xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qəbul edilən dəyişikliklərə əsasən, cinayət təqibinin başlanması üçün əsaslar mövcud olduqda və Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulan hallar olmadıqda, yazılı və ya şifahi məlumat əsasında məhkəməyədək sadələşdirilmiş icraatın açılması müddəti 24 saatdan 48 saata artırılır.
Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın aparılması müddəti də 10 gündən 30 günə çatdırılır.
Qanun layihəsi ilə Məcəllənin bir sıra maddələrində "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilir. Dəyişiklik cinayət hadisəsi barədə səlahiyyətli orqanlara məlumat verən şəxsin məqsədinin hər zaman şikayət etmək deyil, hadisə barədə məlumatlandırmaq ola bilməsi nəzərə alınaraq təklif edilib.
Sənədə əsasən, hüquqi şəxslərin də cinayət hadisəsi barədə məlumat verməsi nəzərə alınaraq, yazılı və ya şifahi məlumatlarda, eləcə də yekun protokollarda hüquqi şəxsin adı, yerləşdiyi ünvan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin göstərilməsi ilə bağlı müddəalar da əlavə olunub.
Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB